СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Изучение жизни и творчества Ахмеда Джавада на уроках литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье разработаны методические рекомендации по изучению жизненного пути  и творчества А.Джавада на уроках литературы  в 11 классе

Просмотр содержимого документа
«Изучение жизни и творчества Ахмеда Джавада на уроках литературы»

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ ƏHMƏD CAVADIN YARADICILIĞINDA VƏTƏNPƏRVƏRLİK MOTİVLƏRİNİN ÖYRƏNİLMƏSİ

Bilal HƏSƏNLİ

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Filologiya fakültəsi. Ədəbiyyatın tədrisi texnologiyası.Bakı, Azərbaycan

https://orcid.org/ 0000-0002-6964-0546

[email protected] + 994 50  347 99 30

Açar sözlər: şair, ədəbiyyat, yaradıcılıq, dərs, həyat, metod, interaktiv, təhlil, müzakirə, repressiya

XÜLASƏ

Ədəbiyyat dərslərində qüdrətli söz ustalarının həyat və yaradıcılığının öyrənilməsi böyük təlim - tərbiyə əhəmiyyətinə malikdir. Sənətkarın həyat yolunun öyrənilməsi onun yaşadığı dövrün xüsusiyyətlərini, hansı ictimai-siyasi mühitdə yazıb yaratdığını dərk etmək deməkdir. Böyük sənətkarın yaradıcılığında öz dövrünün başlıca cəhətləri öz əksini tapır. İctimai mühitin tələbləri və ideya mübarizələri şəraitində sənətkarın şəxsiyyəti, həyat mövqeyi, sənət idealları qabarıq şəkildə üzə çıxır.

Sənətkarın tərcümeyi-halının öyrənilməsi ədəbiyyat tarixinin ziddiyyətli, gərgin ideya mübarizələri ilə səciyyələnən mərhələlərinin aydınlaşdırılması ilə yanaşı, şagirdlərin ayrı-ayrı əsərlərin öyrənilməsinə zəmin yaradılması baxımından əhəmiyyətlidir.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Cavad Axundzadə mürəkkəb, təlatümlü ictimai-siyasi hadisələrin baş verdiyi bir dövrdə yazıb-yaratmış, zəngin və çoxcəhətli poeziyasında milli mənəvi dəyərləri, xalqımızın vətənpərvərlik, türkçülük, azadlıq, müstəqillik ideallarını yüksək sənətkarlıqla tərənnüm etmişdir.


LEARNING PATRIOTIC MOTIVES IN THE CREATION OF AHMED JAVAD IN LITERATURE LESSONS

Bilal Hasanli

PhD doctor in pedaqogy, Assosiate Professor, Honored Teacher. Azerbaijan State Pedagogical University. Azerbaijan.

Repressiya qurbanı olan Əhməd Cavadın yaradıcılığının öyrənilməsi, əsərlərinin nəşri sovet hakimiyyəti illərində qadağan edilmişdi. Azərbaycan müstəqillik qazandıqdan sonra sənətkarın həyat və yaradıcılıq yolu tədqiq edilməyə başlanmış, əsərləri ümumtəhsil məktəb proqramlarına, dərsliklərinə daxil edilmişdir. Hazırda ədəbiyyat dərslərində ədibin “Azərbaycan, Azərbaycan” (V sinif), “Azərbaycan bayrağına” şeirləri (IX sinif) tədris olunur. XI sinifdə sənətkarın həyatı və yaradıcılıq yolu, “Səsli qız” poeması tədris olunur.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, şairin seçilmiş əsərləri kütləvi tirajla nəşr olunub məktəb kitabxanalarına hədiyyə edilmişdir. Bu dəyərli nəşrdən kurikulum üzrə ədəbiyyat dərslərində sənətkarın həyat və yaradıcılığı öyrənilərkən əlavə mənbə kimi istifadə edilməli, şagirdlərin böyük sənətkarın tərcümeyi-halı, yaradıcılığı haqqında biliklərə dərindən yiyələnməsi, onlarda azərbaycançılıq məfkurəsi, fəal həyat mövqeyi formalaşdırılması təmin olunmalıdır.

X sinifdə sənətkarın həyat və yaradıcılığının öyrənilməsi üzrə ədəbiyyat dərsinin motivasiya mərhələsində şagirdlərdə yeni mövzuya maraq yaratmaq məqsədilə internet şəbəkəsindən istifadə ilə (https://www.youtube.com/watch?v=rP8gzwJrw5w) “Əhməd Cavad” bədii sənədli filminin nümayiş etdirilməsi məqsədəuyğundur.

Eyni zamanda fəndaxili əlaqə yaradılaraq şagirdlərin şairin yaradıcılığı üzrə əvvəlki siniflərdə öyrənilmiş “Azərbaycan! Azərbaycan!”və “Azərbaycan bayrağına” şeirləri üzrə yığcam müsahibə aparılır. Müzakirə nəticəsində yeni mövzu ilə əlaqə yaradılır, tədqiqat sualı müəyyənləşdirilir: Əhməd Cavadın həyat və yaradıcılıq yolunda hansı məqamlar onu bir şəxsiyyət və sənətkar kimi səciyyələndirir?

Şairin həyatı haqqında məlumatda şagirdlərin nəzərinə çatdırılır ki, Şəmkir rayonunun Mehrili kəndində doğulan Əhməd Cavad kiçik yaşlarından hafizəsi, kitaba, mütaliəyə həvəsi ilə seçilmişdir. Gəncə Ruhani Seminariyasına daxil olmuşdur. Hələ tələbəlik illərində yazdığı şeirlər onu oxucular arasında istedadlı şair kimi tanıtdırmışdır. Seminariyanı bitirdikdən sonra o, müəllimlik etmişdir.

Müasirləri onu mərd, mehriban bir insan, həssas təbiətli bir şair kimi xatırlayırlar. Onun haqqında yazılmış xatirələrdə göstərilir ki, Ə.Cavad çox təmkinli, ağır adam idi. Onun duruşunda, yerişində, bütün hərəkətlərində bir ağayanalıq - nəcabət, şərafət vardı. Ona dərin ehtiramla salam verir, hörmətlə baş əyirdilər.

Şairin həyat yolunun müzakirəsi zamanı onun həbs olunması səbəbləri aydınlaşdırılır. Qeyd edilir ki, Ə.Cavadın həbs olunması müstəqil dövlət, azadlıq, milli tərəqqi, türkçülük idealları ilə bağlı idi. O, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması uğrunda fəal mübarizə aparmışdır. “Yol ver türkün bayrağına”, “Dan ulduzu”, “Azərbaycan, Azərbaycan”, “Dağlar”, “Gəncəm, hey” kimi məşhur şeirlər məhz bu dövrün məhsulu idi.

Ədibin həmin dövrdəki yaradıcılığının zirvəsi isə məşhur bəstəkarımız Üzeyir Hacıbəyovla birlikdə yaratdığı “Milli Azərbaycan Marşı” ( Azər­baycanın Dövlət Himni) idi. Bu gün də Türkiyədə çox sevilən, milli marş kimi hər yerdə ifa edilən “Çırpınırdı Qara dəniz” şeirində qeyrətli qardaşlarımızın xalqımızı dar ayaqda qoymamasının, nicat yolu açılmasının doğur­duğu sevinc, nikbin ovqat aydın görünməkdədir:

Çırpınırdı Qara dəniz,

Baxıb türnün bayrağına!

“Ah!..” deyərdim, heç ölməzdim,

Düşə bilsəm ayağına!

Ə.Cavadın "Qardaş" şeri çətin günlərini yaşayan Azərbaycan Demokratik Respublikasının Milli Şurasına müraciətlə yazılmışdır. Şair gənc respublikanı fidana bənzədir, onun pöhrələnməsi, qol-qanad atması, dərin qatlara kök atıb möhkəmlənməsi üçün çalışmağın gərəkliliyini vurğulayırdı.Əsərin mətin, insan qəlbinə nüfuz edən, onu silkələyən misraları ilə xalqımızın rəhbərlərini, soydaşlarımızı ruhdan dşməməyə, Vətən naminə mübarizəyə səsləyirdi:

Təmiz alnındakı tozu, torpağı,

Həqq üçün açdığın əllərinlə sil!

Vətən bir fidandır, yaşıl bayrağı,

Soldurmamaq sənin əlindədər bil.

Azərbaycanın 1920-ci ilin aprel ayında Qırmızı Ordu tərəfindən işğalına qədər Ə.Cavadın iki şeir kitabı — “Qoşma” və “Dalğa” kitabları nəşr olunmuşdur. Bu kitablarda doğma vətənimiz , onun gözəl təbiəti, xalqımızın dərdləri, arzuları öz əksini tapmışdır. Azərbaycan yenidən işğal olunduqdan sonra Ə.Cavad 1922-1937-ci illərdə ardıcıl təqib və işgəncələrə məruz qalmış, üç dəfə həbs olunmuşdur.Bu dövrdə onun öz vətənində orijinal kitabı nəşr olunmamışdır. Lakin qədirbilən qardaş Türkiyədə, İstanbulda 1928-ci ildə şairin «İstiqlal uğrunda» şerlər kitabı nəşr olunmuşdur. Sovet hakimiyyəti illərində bütün təqiblərə baxmayaraq, Əhməd Cavad yaradıcılığını davam etdirmiş, müəllim kimi fəaliyyət göstərmişdir. "Kür", "Pambıq dastanı", " Səsli qız" poemaları, "Göygöl" lirik şeri həmin dövrün məhsuludur.

Stalin repressiyası illərində xalqımızın bir çox ləyaqətli oğulları kimi böyük şair Əhməd Cavada da «xalq düşməni» damğası vurulmuş, o, həbs olunaraq 1937-ci ilin sonlarında - 45 yaşında qətlə yetirilmişdir. Yazıçı Nurəddin Babayev öz xatirələrində həmin məşum dövrü xatırlayaraq yazır: “1937-ci ilin avqust ayı idi. Məktəbdən qayıdanda gördüm ki, atalığım divar peçini qalayıb, özü də qabağında əyləşibdir.O, böyrünə yığdığı kitabları , köhnə qəzet və jurnalları bir-bir peçə tullayır, çathaçatla yanmağını gözləyirdi. Məni görəndə günahkar nəzərlərlə üzümə baxıb dedi: “Bala, hirslənmə, əgər məni tutsalar. Bu kitabların hər biri cəzamın bir il artmasına səbəb olacaqdır. Əhməd Cavadın kitabları kimi.”

1937-ci ilin yazı idi. Azərnəşrin böyründəki küçə ilə enirdim. Küçənin tinində Ə. Cavada rast gəldim. Bu şairi tanıyanlar yaxşı bilirlər ki, o, yalnız mehriban qəlbli, incə rübablı şair deyildi. Eyni zamanda mərd, şəxsiyyətli, qədd-qamətli gözəl bir insan idi. İndi onu görəndə tanımadım. Rəngi bomboz bozarmışdı. Mənə elə gəldi ki, kişinin qədd-qaməti də sınıb, beli bükülübdür. Daima həyat eşqi ilə qaynayan iri, ala gözlərində dərin bir kədər vardı. Salamlaşdıq. O, böyük idi, mənim kefimi soruşmalı idi: «Necəsən, bala?» deməli idi. Ancaq mən özümü elə itirdim ki, «Cavad Mirzə, necəsiniz?- deyə soruşdum. Dodaqları əsdi:

  • - Bala,- dedi, - indicə məni Yazıçılar İttifaqından xaric etdilər… bir düşmən kimi.”[6, s.203]

1937-ci il repressiyası zamanı xalqımızın bir çox ləyaqətli oğulları kimi Ə.Cavada da “xalq

düşməni” damğası vurulmuş, o, həbs olunaraq qətlə yetirilmişdir. Hələ neçə il əvvəl yazdığı

“Qaldı” adlı şerində şair sanki öz gələcək faciəsini əvvəlcədən duymuş, acı taleyini qələmə

almışdır:

Bir gül idim, açılmamış dərdilər,

Zəhmətimdən mənə bir tikan qaldı.

Əmək çəkdim, gün keçirdim, gül əkdim,

Əməyimdən mənə bir fidan qaldı.

Şairin həyat və yaradıcılıq yolu üzrə müzakirə zamanı “Susmaram” şeirinin yazılması və uzun illər gizli saxlanılması barədə məlumat verilir:” 1936-cı ildə repressiyaların çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla şəhər bağında gəzişirmiş. Söhbət zamanı şair yoldaşına deyir: “İndi sənə bir şeir verəcəyəm, onu oxu, əzbərlə və kağızı cır. Zamanı gələndə üzə çıxar.”

Müəllim şairin sözlərinə əməl edir. 1937-ci ildə Əhməd Cavad həbs edilir. Bir müddət sonra 15-20 dəqiqə sürən “məhkəmə”nin hökmü ilə güllələnir...

Şairin müəllim yoldaşı uzun bir ömür yaşayır. Şeir də heç kəsə söylənmədən 54 il onun yaddaşında qalır. 1988-ci ildə ölümünə bir az qalmış müəllim oğlunu yanına çağırır və şeiri öz oğluna əzbərlədir. Hələ Sovet İttifaqı dağılmamışdı. Odur ki, ata oğluna şeiri yaddaşında saxlamağı xahiş edir. «Susmaram!» şeiri bu dəfə oğulun hafizəsinə köçür... 90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul şeiri ara-sıra məclislərdə səsləndirir. Nəhayət, bir xeyirxah təşəbbüslə şeir 68 ildən sonra 2004-cü ildə “Gəncəbasar” qəzetində çap olunur.”[9]

Dərsdə şeirdən bir parça səsləndirilir və müzakirə edilir.

Dərsdə Ə.Cavadın yardıcılığının mövzu, ideya-bədii xüsusiyyətlərinə müzakirəsi zamanı qeyd edilir ki, şairin bədii irsində lirika aparıcı yer tutur. Böyük şairimiz Hüseyn Cavid öz tələbəsi Əhməd Cavadın istedadını yüksək qiymətləndirmiş, "İqbal" qəzetində çap olunmuş məqaləsində onun öz müəllimi Abdulla Sura həsr etdiyi şeiri bütövlükdə vermişdir.

Göründüyü kimi, gənc olmasına baxmayaraq, hələ o dövrdə Ə.Cavadın yaradıcılığında siyasi lirikaya meyil, fəal vətəndaşlıq mövqeyi özünü qabarıq şəkildə biruzə verirdi.

Əhməd Cavadın sadə dillə yazılmış, zəngin folklor ənənələrimizin təsiri açıq – aşkar duyulan lirik əsərlərində Azərbaycana, onun nadir təbiətinə həsr olunmuş şerlər mühüm yer tutur.Vaxtilə dillər əzbəri olan, məclislərdə aşıqlar tərəfindən ifa edilən "Azərbaycan! Azərbaycan!" şeri bu baxımdan səciyyəvidir. Bu əsər ədəbiyyatımızda “Azərbaycan” adlı onlarca əsərin yazılmasına səbəb olmuş­dur. Onun maraqlı məzmunu, ölməz ideyası şairləri həmişə cəlb etmiş, bu mövzuda əsər yazmağa ruhlandırmışdır.

Dərsdə ədibin yaradıcılığında mühüm yer tutan “Göygöl” şeirinin müəllimin ifasında nümunəvi ifadəli oxusu səsləndirilir. Əsər üzrə söhbət zamanı aşağıdakı suallara diqqət yetirilir:

1. Şeirin, demək olar, bütün bəndlərində Azərbaycan təbiətinin gözəllikləri xatır­ladılır. Bunun səbəbini necə izah edərsiniz?

2. Ölkəmizin zəngin təbii sərvəti, nemətləri şeirdə bircə-bircə sadalanır. Şair bunu nə məqsədlə edir, onun niyyəti nədir?

3. “Qorxun yoxdur, düşmanın var” misrasına diqqət yetirin. Şairi haqlı saymaq olarmı?

4. Əsərdəki başlıca fikir – ideya nədir?

Müzakirə zamanı şairin yaradıcılığının tədqiqatçısı Əli Saləddinin fikirlərinə münasibət bildirilir: “Göygöl” şeirinin üstündə 1925-ci ildə Ə.Cavad 5-6 ay həbsdə saxlanılmışdır. Şeri hətta Moskvada yoxlamışdılar. Bu müddət ərzində şairin başına açılmadığı oyun qalmamışdır. Azərbaycan ədəbiyyatında klassik bir şer nümunəsi sayılan "Göy göl" əsəri öz keyfiyyətlərinə, bədii-estetik xüsusiyyətlərinə görə misilsiz əhəmiyyətə malikdir. Azərbaycanın ən gözəl guşəsinin qənirsiz gözəlliyini yüksək poetik incəliklə əks etdirir.

"Göygöl" şerinin möhürbəndi şairin beynəlmiləl təbiətindən doğur. O istəyir ki, bu gölün sorağı hər yana, hər tərəfə, bütün dünyaya yayılsın.Ona görə də soruşur ki, bəlkə onun bir sözü var, uzaq ellərə sifarişi var? Göy gölün üstündən əsən yellər onun çaparlarıdır, qərib-qürbət ellərə gedən elçiləridir". Çünki bu zaman Cənubi Azərbaycanla , bütün türk elləri ilə əlaqə kəsilmişdi. Hətta yasaq edilmişdi. Ə.Cavad bunlara dözə bilmirdi. Burada şair Göy gölü özünə qarşı qoyur, qəlbində oyanan etiraz motivlərini büruzə verir. Bildirir ki, şöhrəti dünyanı tutmuş, dünyanın bəzəyinə çevrilmiş Göygölün nə günahı var ki, indi belə unudulub. Bax, bu cəhət şairin qəlbini ağradarda, göynədirdi, Göygöl tək qaldığına görə onu narahat edirdi.

"Göy gölü" təbiətə aid şeir kimi qələmə verənlər səhv edirlər. Bu, bizim xalqımızın, torpağımızın rəmzidir, simvoludur. Biz burada təklənmiş vəziyyətdə qalmışdıq. Bunu hamıdan tez, hamıdan həssaslıqla Ə.Cavad duya bilmiş, yaxşı ki, onu klassik, ölməz bir şerlə vəsf etmişdir." [6, s.177-178.]

Əsər üzrə müzakirə zamanı“Qoynunda yer vardır ulduza, aya“ misrasındakı mətnaltı mənanın müəyyənləşdirilməsinə, hansı bəndlərdə şairin kədərinin, nisgilinin hiss olunduğuna, Göygölün əvvəlki növrağının pozulması fikrinə, müəllifin bolşevik hakimiyyəti dövründə təbiətin bu nadir möcüzəsinin xoşbəxt həyatından bəhs etməməsunin səbəbinin aydınlaşdırılmasına xüsusi diqqət yetirilir.

Ədəbiyyat dərslərində “Səsli qız” poemasının öyrənilməsinə 4 saat ayrılmışdır :

  • Əsərin məzmunun öyrənilməsi – 2 saat

  • Poemanın təhlili – 1 saat

  • Tətbiq . Müzakirə. Yaradıcı iş. – 1 saat

Poemanın məzmununun mənimsənilməsi üzrə üzrə ilk dərsdə əsərin oxusu üzrə iş təşkil edilir. Dərsin motivasiya mərhələsində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilir. Motivasiyanın digər variantı internet şəbəkəsindən istifadə edilərək (https://www.youtube.com/watch?v=QAgF_7xqmoI) bədii oxu ustasının ifasında əsərdən bir parçanın dinlənilməsi ola bilər.

Sonra dərslikdəki parçaların oxusu üzrə iş təşkil edilir. Şagirdlər kiçik qruplarda əsərdə tanış olmayan sözləri seçir, lüğətlərdən istifadə ilə mənasını aydınlaşdırır, əsərin janrı haqqında ilkin mülahizələrini irəli sürür, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir, poemanın oxunmuş hissələrinə ad verirlər. Əsərin məzmunu üzrə iş ikinci dərsdə evdə oxunmuş parçalar üzrə tapşırıqların icrası ilə davam etdirilir:

  1. Qaniçən hökmdarın məğlub etdiyi ölkəyə gətirdiyi fəlakətlər əsərdə necə əks olunub?

  2. “Əzmişdi insanlığı

Ordusuyla padişah.

...Haqsızlıq oldu qanun,

Yıxıldı xanimanlar” misralarındakı fikirləri necə başa düşürsünüz?

  1. İşğal olunmuş ölkədə zalım şahın qarşılanması üçün hansı tədbirlər görüldü?

  2. Saranın bağlara müraciətlə oxuduğu mahnıda hansı fikirlər öz əksini tapıb?

  3. Sizcə, Saranı şahdan intiqam almağa nə sövq etdi?

  4. Aşağıdakı misralarda hansı fikir

“Azadlıq” eşidincə,

Gülümsəmə belə şad;

Saranın məmləkəti

Köhnə mənada azad” misralarındakı fikri necə başa düşürsünüz?

Təhlil dərsində əsərin məzmunu üzrə ev tapşırıqlarının müzakirəsi, obrazlarla bağlı ilkin təəssüratların öyrənilməsi tədqiqat sualının müəyyənləşdirilməsi ilə nəticələnir: Bu poemanı yazmaqda sənətkarın başlıca niyyəti nə olmuşdur?

Kiçik qruplar yaradılır, iş vərəqlərindəki sual və tapşırıqlar üzrə tədqiqat aparılır.

  1. Əsərin mövzusunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.

  2. Sizcə, şairi bu mövzuda poema yazmağa nə sövq etmişdir?

  3. Əsərdəki hökmdar obrazını səciyyələndirin. Fikrinizi əsaslandırın.

  4. Saranın xarakteri, əməlləri barədə nə düşünürsünüz?

  5. Əsərdə işlənilmiş bədii təsvir və ifadə vasitələrinin obrazlılığın artırılmasındsa rolunu aydınlaşdırın.

  6. Poemada başlıca fikir nədir?

Müzakirələrdə qeyd edilir ki, "Səsli qız" poeması tarixi keçmişə, xalqımızın azadlıq mübarizəsinə həsr olunmuşdur. Əsərin qəhrəmanı Sara öz gözəl, məlahətli səsi, oxuduğu mahnılarla hamını heyran edir. Lakin vətən təhlükəyə, qonşuluqdakı qəddar hökmdarın hücumuna məruz qalanda Sara azadlıq mübarizinə çevrilir, öz istedadından vətənin azadlığı naminə istifadə etmək qərarına gəlir. Onun ölkəsini qana bulaşdırmış, günahsız insanları alçaltmış,mənəviyyatını təhqir etmiş xaqan qarşısında Sara başqaları kimi eyş-işrət mahnısı deyil, matəm mahnısı oxuyur. Xaqanın badəsinə zəhər töküb onu layiqli cəzasına çatdıran bu qəhrəman qızın hərəkəti xalqın azadlıq mübarizəsinə başlaması üçün bir işarəyə çevrilir.

Xalqın bir çox igid övladları düşmənlə qanlı döyüşlərdə şəhid olsa da, vətəni düşməndən azad edir, azadlığa çıxır. Şair xalqın azadlıq mübarizəsinin önündə gedən Saranın bədii obrazını yaratmaqla insanın azadlıq ruhunun sarsılmazlığını, güclü, amansız düşmənlə mübarizədə vətənin hər bir övladının səfərbər olması ilə qələbə çalmağın mümkünlüyünü yüksək sənətkarlıqla əks etdirmişdir.

Dərsin ümumiləşdrimə və nəticə mərhələsində Akademik B.Nəbiyevin “Əhməd Cavad” kitabından aşağıdakı fikir şagirdlərin diqqətinə çatdırılır: “M.Ə.Rəsulzadə hələ 1922-ci ildə İstanbulda nəşr etdirdiyi “Azərbaycan Cümhuriyyəti” kitabında Ə.Cavadı bir sənətkar kimi yüksək qiymətləndirmiş, onun adını S.Ə.Şirvani, M.Ə.Sabir, H.Cavidlə bir sırada çəkərək göstərmişdir ki, Azərbaycan oxucusu “Sədini, Tolstoyu və dünyanın digər məşhur ədiblərini anlamaq üçün əvvəlcə bu adı çəkilən öz sənətkarlarının yaradıcılığını öyrənməlidir”.

“Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində isə Ə.Cavadın “Qoşma” kitabını ədəbiyyatımızın klassik nümunələrindən H.Cavidin “Şeyx Sənan”, M.Hadinin “Eşqi-ilahi”, C.Cabbarlının “Qız qalası” əsərləri ilə yanaşı tuturdu. M.Ə.Rəsulzadənin fikrincə, Azərbaycan xalqı öz tarixinin ən həyəcanlı günlərində milli respublika quruculuğu ilə məşğul ikən “ədəbiyyat bu həyəcana tərcüman olur, milli istiqlal günlərinə yaxınlaşmanın şövq və sevinci içində yaşayır, bütün ümidini böyük həssaslıqla tərənnüm edirdi”. Milli qurtuluş hərəkatını qəlbin incə tellərinə təsir göstərən bir ustalıqla əks etdirmək keyfiyyətinə görə bu 128 kitabda Ə.Cavadın “Nədən yarandın?” şeri nümunə gətirilir və əsər lirizmin bariz nümunəsi kimi təqdir olunurdu.” [5, s.127-128 ]

Nəticə /Conclusion

İstiqlal şairi Əməd Cavadın yaradıcılığnda vətənin müqəddəratı üçün cavabdehlik, xalqın istiqalalı ideyası qırmızı xətt kimi keçir. Mürəkkəb tarixi şəraitdə, ictimai-siyasi hadisələrin burulğanında o, fəal həyat mövqeyi nümayiş etdirmiş, söz sənətimizin incisi olan əsərlərində milli -mənəvi dəyərləri, istiqlal, türkçülük, dövlətçilik ideallarını tərənnüm etmiş, oxucularını xalq işi uğrunda mübarizəyə səsləmişdir.

Şagirdlər ədəbiyyat dərslərində qüdrətli sənətkarın həyat və yaradıcılığı, parlaq şəxsiyyəti, poetik istedadı, xalqın xoşbəxt gələcəyi naminə məqsədyönlü fəaliyyəti, humanizmi, bədii irsinin mənəvi ideyalar xəzinəsi olması, istiqlal poeziyasının özünəməxsusluğu, barədə dolğun bilik əldə edirlər.

Şairin həyat və yaradıcılıq yolunun tədrisində interaktiv təlim texnologiyasının tətbiqi, internet şəbəkəsindən, sənətkar haqqınd atədqiqat əsərlərindən, xatirələrdən istifadə müsbət nəticə verir. Ədəbiyyat müəllimləri böyük sənətkarın həyat və yaradıcılıq yolu, ayrı-ayrı əsərlərinin təlim materialı kimi öyrədilməsi ilə kifayətlənməməli, şagirdləri latın qrafikası ilə çap edilib məktəb kitabxanalarına hədiyyə edilmiş “ Seçilmiş əsərləri”nin sinifdənxaric oxusuna cəlb etməlidir.

İstifadə edilmiş ədəbiyyat / Referenses


  1. Babayev N. Babam-nənım, atam-anam və biz. Bakı: Azərnəşr, 1988.

  2. Cavad Əhməd.Seçilmiş əsərləri.Tərtib edəni: Əli Saləddin. Bakı: Şərq-Qərb, 2005. 296 s.

  3. Həbibbəyli İ., Əliyev S., Həsənov B., Mustafayeva A. Ədəbiyyat. XI sinif üçün dərslik.Bakı: Bakınəşr, 2018 .208 s.

  4. Həsənov B., Mustafayeva A.,Əliyev S. Ədəbiyyat. XI sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2018. 208 s.

  5. Nəbiyev B. Əhməd Cavad. Bakı: Proqres, 201. 130 s.

  6. Salədddin Ə. Əhməd Cavad.Bakı: Gənclik, 1992. 325 s.

  7. https://president.az/az/articles/view/55850

  8. https://www.youtube.com/watch?v=QAgF_7xqmoI

  9. http://modern.az/az/news/32531/#gsc.tab=0






Скачать

© 2022, 76 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!