Kenotaf və yaxud boş məzar
“Qəbiristanlıqlar dünya üçün heç nə edə bilməyəcək insanlarla doludur”.
Henrix Böll (1917-1985), alman yazıçısı, 1972-ci il Nobel Ədəbiyyat mükafatı laureatı
Qısa məlumat: Kenotaf - məzar daşı sayılan abidə (qədim yunan dilində “κενοτάφιον”:- “κενός” - boş, “τάφος” - məzar). Mərhumun qalıqlarının olmadığı yerdə yerləşən abidədir. Bir növ simvolik məzardır.
Kenotaf aşağıdakı səbəblərə görə quraşdırıla bilər:
-mərhumun cəsədi itdikdə və ya məhv edildikdə (məsələn, zəlzələ, müharibə və ya yanğın zamanı və s.);
-mərhumun ölüm yeri məlum olmadıqda;
-mərhumun cəsədinin gətirilməsi böyük çətinliklər tələb etdikdə (ölüm dağlarda, qütb enliklərində və s. yerlərdə baş verdikdə);
-bir şəxs itkin düşmüşdürsə və o andan etibarən itkin düşmüş şəxsin ölü kimi tanına biləcəyi vaxt keçmişdirsə;
-şəxsin cəsədi yandırılıbsa və külü səpələnibsə;
-mərhum hər hansı bir ölkədə dəfn edilibsə (hər hansı bir səbəbdən vəfat edibsə və ya öldürülübsə), onun kenotaftı mərhumun vətənində qoyula bilər;
-qalıqları başqa yerə aparılıbsa, onun yerində də kenotaf qoyula bilər;
Kenotaflar mərhumun xatirəsini əbədiləşdirmək və cənazə mərasimlərini yerinə yetirmək üçün müxtəlif növ dərəcələrdə olan quruluşlarda (kurqan, məzar daşı, türbə, abidə, büst, xatirə lövhəsi, relyef və s. və il.) qoyulur. Bundan başqa, Avropa ölkələri ənənəsində kenotaf, çox vaxt mərhumun qalıqları olan məzarı üstündə deyil, ölüm yerində (məzarı olsa belə) yerləşən xatirə quruluşuna da deyilir.
Kenotaf tarixindən -
Dünyasını dəyişənlərə hörmət etmək mədəniyyətlərin ən vacib və ayrılmaz bir hissəsidir. Kenotaflar ilk dəfə eneoloit dövründə (Varna məzarlığı) ortaya çıxmışdır. Bu zaman məzara qalıq yerinə maska qoyularmış. Qədim Misirdə kenotaf mərhumun xatirəsini anma mərasimlərində istifadə edilər və əsl meyid isə uzaq, çox vaxt əlçatmaz gizli yerdə dəfn edilərdi. Bəzi qədim Misir piramidalarını müəyyən şəkildə kenotaf adlandırmaq olar: Məsələn, Firon Snofr üçün inşa edilmiş dörd primaida mövcuddur. Aydındır ki, onlardan üçü kenotafdır. Qədim Yunanıstanda inanırdılar ki, məzarı olmayan və xüsusi cənazə mərasimi keçirilməyən ölülər o dünyada dinclik tapmırlar, əziyyət çəkirlər və hətta buna görə bu dünyadakılardan qisas ala bilərlər. “...deyirlər ki, Pelop burada Mirtilla üçün boş məzarlıq (kenotaf) qurdurdu, ona qurbanlar kəsdi...”(Павсаний. VI 20.17 // Описание Эллады. В 2 т. = Пер. с древнегреческого С.П. Кондратьева под ред. Е.В. Никитюк. ООО Издательство АСТ: Ладомир, 2002. С. 492. ISBN 5-86218-274-8).
Müasir kenotaflar-
Müasir dövrdə kenotafların qoyulması çox geniş yayılmışdır. Kenotaflara yalnız xüsusi təyin olunmuş yerlərdə və ya qəbiristanlıqlarda deyil, daha çox qədim yunanlar və romalılarda adət olduğu kimi mərhumun öldüyü yerdə də rast gəlinə bilər. Kenotaflar çox vaxt ictimai yerlərdə (meydanlarda, parklarda, yol kənarlarında, mərhumun hər hansı səbəbdən qəfil öldüyü və ya öldürüldüyü yerlərdə) qoyulur. Bu cür kenotaflar xatirəni əbədiləşdirmək, ölüm gününü qeyd etmək və ya anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Onu da qeyd edim ki, kenotaflar mərhumun yaxınları və ya dostları, ictimai təşkilatlar və yaxud da dövlət vəsaiti hesabına tikilir. Sevimli birinin qəfil ölümü - daha çox avtomobil qəzasında, xüsusən ailənin bir neçə üzvünün faciəvi ölümü o qədər ağır duyğular oyadır ki, mərhumlar qəbiristanlıqda yan-yana dəfn edilsələr də belə onların faciəvi qəza keçirdikləri yerdə kenotaf qoyulur. Hüquqi baxımdan, hər hansı bir kenotafın qurulması heç kim tərəfindən tənzimlənmir. Hər hansı fərd kenotafın qoyulması ilə bağlı kimdənsə razılıq almır. Şəhərlərdə, bir qayda olaraq kenotaf kimi çələng, yas lentləri və çiçəklər qoyulur. Kenotaflar ümumiyyətlə çox vaxt şəhərdənkənar yol qıraqlarında quraşdırılır. Kenotafın ictimai təşkilatlar və ya dövlət tərəfindən qurulması isə ən çox bələdiyyələr səviyyəsində həll edilir.
Müasir kenotafların növləri:
Vəfat edənlərin sayına görə: (tək; qrup şəklində; kütləvi);
Quruluş növünə görə:(müvəqqəti; ağacdan; dirəkdən; zərbəyə davamlı dəmirdən;
digər xammallardan);
Uzun müddətli: (kiçik memarlıq formalarında; böyük memarlıq formalarında;kiçik bina formasında; türbə formasında);
Peşəsinə və ya nəqliyyat növünə görə: (piyadalar; sürücülər və sərnişinlər; təyyarə sərnişinləri və təyyarə ekipaj üzvləri; astronavtlar; alpinistlər; su turistləri; qütb tədqiqatçıları);
Ümumiyyətlə kenotaflar bir çox insanlara ölümlərindən sonra qoyula bilər. Kenotafın növü mərhumun sosial statusundan və ailəsinin maddi vəziyyətindən asılıdır.
Məhşur insanların kenotafları:
Kenotaflar çox vaxt məhşur və xalq arasında sayılıb-seçilən insanların ölüm yerində qoyulur. Bu cür kenotaflar hər kəsin mərhumla bağlı hisslərini ifadə edə biləcəyi, xatirəsinə ehtiram göstərə biləcəyi bir abidə və ya məzarlıq funksiyasını özündə birləşdirir.
Bir çox məhşur insanların xatirəsinə qoyulmuş kenotaflardan nümunələr;
Mosart- Vyanada Müqəddəs Mark qəbiristanlığında “dəfn” edilmişdir. Əslində onun qəbri 5-6 nəfərlik ümumi qəbirdədir.
Yuri Qaqarin - Kreml divarı yaxınlığlında dəfn edilsədə, Vladimir vilayətinin Kirjas şəhəri yaxınlığında ölüm yerində kenotafı qoyulmuşdur.
Marina Tsvetayeva - Petropavlovskda Yelabuq qəbiristanlığında dəfn edilmişdir. Məzarının dəqiq yeri məlum deyil, buna görə də qəbiristanlığın kənarında təxminən itirlimiş məzarının yerləşdiyi yerdə qranit məzar daşı qoyulmuşdur. Onun digər bir kenotafı sevimli şəhəri Tarusada yerləşir.
Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə, 5 iyun 1908-6 yanvar 1938) Azərbaycan şairi, tərcüməçi və pedaqoq.
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası M.Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilir. Şairə Bakı şəhərində abidə qoyulsa da, görəsən Nargin adasında şairin kenotafı varmı?
2.Bakıda “Türk şəhidliyi” abidəsi
1.Bakıda, “Ana harayı”abidəsi
3.ABŞ-ın Arlinqton Milli Qəbiristanlığındakı “Çelencer” heyətinin üzvlərinə qoyulmuş kenotaf
İstifadə edilmiş ədəbiyyat və resurslar:
1.Павсаний. VI 20.17 // Описание Эллады. В 2 т. = Пер. с древнегреческого С.П. Кондратьева под ред. Е.В. Никитюк. ООО Издательство АСТ: Ладомир, 2002. С. 492. ISBN 5-86218-274-8.
2.Клименко В., археолог. Кенотафы — наследие воинственных предков // «Енакиевский рабочий» № 13288 за 15 мая 2010 года (Енакиево).
3.Мельник В. И. Особые виды погребений катакомбной общности / Отв. ред. В. П. Шилов. — М.: Наука, 1991. — 136 с. — ISBN 5-02-010034-X.
4.https://ru.wikipedia.org/wiki/Кенотаф
5.https://az.wikipedia.org/wiki/Mikay%C4%B1l_M%C3%BC%C5%9Ffiq
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il),
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi