Просмотр содержимого документа
«Dərinquyu: yeraltı şəhərinin sirri»
Dərinquyu: yeraltı şəhərinin sirri
1963-cü ildə Türkiyəli bir kişi ev alıb onu təmir etməyə başladı. Aldığı evdə qazıntı işləri apararkən naməlum otaqlara rast gəldi. Bu otaqların hamısı böyük yeraltı Dərinquyu adlandırılan şəhərinin bir hissəsi olduğu bəlli oldu. Arxeoloqlar orada fəaliyyətə başlayanda, tapılan otaqların daha mürəkkəb və geniş otaqlar kompleksinin yalnız bir hissəsi olduğunu müəyyən etdilər. Bir neçə il qazıntı aparıldı. Qazıntılar başa çatdıqdan sonra 1969-cu ildə turistlərə bu yerlərə gəlməyə icazə verildi. Binaların yalnız bəziləri ictimaiyyətə açıldı, daha böyük hissəsi isə mütəxəssislərdən başqa hamı üçün bağlı qaldı. Dərinquyu, sadəcə olaraq, minlərlə il yaşı olan inanılmaz kompleksdir və qədim insanın hər detalı ilə düşünülmüş bu yeraltı şəhəri necə qurmağı bacarması tamamilə anlaşılmaz idi. O dövrün memarları yeraltı otaqlar və dəhlizlər tikərkən çox diqqətli olmuşdular. Onlar sütunların kifayət qədər möhkəmliyini təmin edə bilmişlər ki, yuxarı mərtəbələr öz çəkiləri ilə aşağı mərtəbələri çökdürməsin. Qədim inşaatçıların dəqiq hesablamaları olmasaydı, yeraltı şəhər dağılardı. Amma indiyə qədər arxeoloqlar Dərinquyuda hər hansı çökmə ilə bağlı dəlil tapmayıblar. Ümumilikdə yeraltı şəhərin dərinliyi yüz metrə çatır və səkkiz mərtəbədən ibarətdir. Ərazidən tapılan bəzi əşyalar onun eradan əvvəl VIII -VII əsrlərdə frigiyalılar tərəfindən tikildiyini ehtimal edir. Lakin orada tapılan het üslubunda olan möhürlər daha sonrakı tarixə - eradan əvvəl 1900-1200-cü illərə işarə edir. Yeraltı kompleks eyniadlı Dərinquyu şəhərinin üstündə yerləşir. Şəhərin müxtəlif yerlərində rast gəlinən və səthdən daxil oluna bilən ən az 600 girişin olduğu bildirilir. Yeraltı Dərinquyuda məbədlər, zirzəmilər, şərabxanalar, hətta tövlələr və məktəblər olmuşdur. Üçüncü və dördüncü mərtəbələrə ensəniz, məbəd tapa bilərsiniz. Əksər mərtəbələrə giriş mürəkkəb pilləkənlər sistemi vasitəsilə həyata keçirilmişdir. Hər mərtəbədə olmasada, su ilə dolu quyular olmuşdur. Bu, sakinlərin zəhərlənməsinə qarşı qabaqlayıcı tədbir idi. Əgər quyuların hər hansı birindəki su yararsız hala düşərdisə, digərləri təmiz qalacaqdı. Bundan əlavə, havanın daxil olması üçün hər mərtəbədə ventilyasiya şaftları hazırlanmışdır. Bütün yeraltı Dərinquyu kompleksində təxminən 15 min nəfər əhali yaşamışdır. Belə bir fərziyyə vardır ki, bu qədim şəhər daimi yaşayış üçün nəzərdə tutulmamışdır. Sığınacaq kimi istifadə olunmuşdur. Bəli, heç bir şübhə yoxdur ki, bu sığınacaq, minlərlə insanı və mal-qaranı qəbul etmək üçün nəzərdə tutulmuşdur. Ancaq bu, daimi və uzunmüddətli yaşayış yeri olmamışdır. Çox yaxşı, möhkəm və davamlı tikilmişdir. Şəhərin bir-birinə bağlı çoxlu keçidləri və otaqları olmuşdur ki, bu da insanların maneəsiz hərəkət etməsinə, işləməsinə, ibadət etməsinə imkan vermişdir. Yeraltı şəhər çox yaxşı düşünülmüşdü. Yağ lampaları və tövlələr üçün yuvalar da unudulmamışdı. Bacalar, ərzaq və su anbarları tikilmişdi. Hətta ölülərin cəsədlərinin qoyulduğu xüsusi yerlər var idi ki, sonradan təhlükəsiz olanda onları çöldə basdırmaq mümkün olsun. Yeraltı Dərinquyu şəhəri çox yaxşı qorunurdu. Hücum zamanı keçidlərin tez bağlanmasını təmin edən müxtəlif hissələrə ağır daş qapılar quraşdırılmışdı. Üstəlik, yüzlərlə kiloqram ağırlığında olan qapıları bir nəfər rahatlıqla idarə edə bilərdi. Hər mərtəbə və hər keçid təhlükə zamanı sualtı qayıqdakı bölmələr kimi möhkəm bağlana bilərdi. Rəsmi tarixçilər hesab edirlər ki, bu şəhərin salınmasında məqsəd eradan əvvəl 800-cü illərdə baş vermiş düşmən işğalından sakinləri qorumaq olmuşdur.
Lakin bir çox elm adamı bu fikirlə razılaşmır. Şəhər dost olmayan qonşuların hücumlarına qarşı müntəzəm müdafiə rolunu oynaya bilməyəcək qədər böyük, çox mürəkkəb mühəndislik layihəsidir. Bəzi nəzəriyyəçilər Dərinquyu kompleks sisteminin sağ qalmaq və hava məkanına nəzarət edən düşmənin hücumlarına qarşı müdafiə üçün yaradıldığını irəli sürürlər. Yerin altına girib havadan xəbərsiz qalmaq isə mümkün deyil. Çətin ki, kimsə təqribən 20 min insanın boş və sanki tərk edilmiş şəhərin altında gizləndiyini bilə bilərdi. Amma buna baxmayaraq, Dərinquyu ilə bağlı hələ də cavabsız qalan çoxlu suallar vardır. Bu suallara heç vaxt cavab ala bilməyəcəyimiz ehtimal isə yoxdur. Bu nəhəng yeraltı şəhəri kimlər tikmişdi? Hansı düşmən qüvvə on minlərlə insanı yerin altında gizlənməyə və yaşamağa məcbur etmişdir?
Müharibələr? Təbii fəlakət? Yoxsa havada olan zəhər təhlükəsi?
Mənbə: https://etm-club.site/tajna-podzemnogo-goroda/
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).