1917-ci il oktyabr çevrilişindən sonra bolşeviklərin hakimiyyətə gəlməsi Rusiyada, həm də onun müstəmləkələrində bir sıra dəyişikliklər baş verdi. Rusiyada hakimiyyət böhranı və vətəndaş müharibəsinin yaşanması xalqların bir növ azadlıq arzularının məşəlinə çevrildi. Bu zaman Azərbaycan xalqı öz vətənpərvər ziyalılarının arxasınca gedərək, dövlət müstəqilliyinin əldə olunması üçün səy göstərdi. Lakin bu arzuları boğmağa çalışan bolşeviklər və ermənilər azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirməyə başladı.Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə soyqırımı təhqiq etmək üçün Ələkbərbəy Xasməmmədovun sədrliyi ilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə təhqiqat komissiyası çox qısa bir zamanda ermənilərin törətdikləri cinayətləri tam üzə çıxartdı.Cümhuriyyətin devrilməsindən sonra uzun müddət bu cinayətlər xalqımızdan gizlədilsə də, müstəqillik əldə edildikdən sonra bütün bu hadisələr yenidən obyektiv şəkildə öyrənildi və tariximizin faciəli səhifəsi kimi yaddaşlara daxil oldu.
Şaumyan başda olmaqla bolşevik qüvvələri, erməni milli şurası və "Daşnaksütyun" rəhbərləri Azərbaycanın milli-demokratik qüvvələrinə qarşı müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara "dərs vermək” üçün milli qırğına hazırlaşırdı. 1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başlandı. Azğınlaşmış erməni quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı ən amansız üsullara əl atırdılar.
Təhqiqat komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Müsəlmanları öldürməklə yanaşı, ermənilər onların əmlaklarını da dağıdır, az-çox qiymətli olan əşyalarını isə özləri ilə aparırdılar. Daşnaklar uzaqvuran toplarla Təzəpir məscidini zədələmiş, Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə” binasına od vurub yandırmışdılar. Talançılar İsmailiyyə binası ilə yanaşı, "Kaspi” qəzeti redaksiyasını, "Dağıstan” və "İsgəndəriyyə” mehmanxanalarını da yandırmışdılar.Bu kimi vəhşiliklər təbii ki, təkcə Bakıda deyil, Azərbaycanın əksər bölgələrində də həyata keçirilir və yerli əhali vəhşicəsinə qətlə yetirilirdi.
Quba və Şamaxı soyqırımı
Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qüvvələri Bakıdan sonra Quba qəzasında da soyqırım həyata keçirmişdilər. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər.Fövqəladə təhqiqat komissiyasının sənədlərindən məlum olur ki, top və pulemyotlarla silahlanmış Amazaspın quldur dəstəsi aprelin ortalarında Qubaya daxil olub şəhəri odlamağa başladı. Əhali evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi. Qubada soyqırım zamanı silahsız dinc əhaliyə azğınlıqla divan tutmuş, iki gün ərzində yalnız Quba şəhərində 4 minədək insanı məhv etmişdilər. Bu, Quba şəhər əhalisinin beşdə biri demək idi. Şahidlərin fikrinə görə "ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al-qana boyanmışdı”. Məlumatlara əsasən müsəlmanların dini heysiyyətınə toxunan daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscid yandırmışdılar. Amazaspın vəhşilikləri nəticəsində Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir.1918-ci ilin mart günlərində Azərbaycanın qədim şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qaldı. Şamaxı şəhərində və Şamaxı qəzasında ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. S.Lalayan və T.Əmiryanın azğınlaşmış dəstələri müsəlmanları soyub talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və Cümə məscidi yandırılmışdı. Fövqəladə təhqiqat komissiyasının Şamaxı qəzası üzrə apardığı təhqiqatlarda 53 kənddə tərtib olunmuş yekun aktlarında öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Təhqiqat komissiyasının sənədlərindən aydın olur ki, təkcə Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur.
Zəngəzurda soyqırım
"Türksüz Ermənistan” siyasəti
1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə kəsilmişdi. Zəngəzurda soyqırımı erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, erməni generalı Andranikin erməni əsgərlərindən ibarət təşkil olunmuş nizami qoşunları həyata keçirmişdi. Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır. Zəngəzur qəzasında 115 kənd üzrə on mindən çox azərbaycanlı öldürülmüş və ya şikəst edilmişdi. Bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Çünki, o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.Erməni dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir.