Cuci ulusunun Hülakülər dövləti ilə apardığı müharibənin səbəbləri
Müəllifi A. Arslanova olan bu məqaləni rus dilində oxudum. Qərara aldım ki, mövzu aktual tarixi mövzu olduğu üçün doğma Azərbaycan dilimizə tərcümə edim. Ümid edirəm ki, məqalə Azərbaycan tarixi ilə maraqlananlar, tarixçilər üçün maraq kəsb edəcəkdir. Məqalənin sonunda Azərbaycan və Qızıl orda dövləti münasibətləri barədə qısa yazı, Elxanilər (Hülakülər) hökmdarlarının hakimiyyət illərini və o dövrə aid 2 xəritə yerləşdirmişəm.
Məlum olduğu kimi, XIII əsrin 30-cu illərində İranın və Qafqazın böyük bir hissəsi monqollar tərəfindən fəth edildi. Əlburs və Kuhistan dağlarındakı ismaili mülkləri ilə Bağdad xilafətinin Ərəb İraqı və Xuzistan mülkləri ələ keçirilməmiş qalmışdı. 1251-ci ildə Münkenin Böyük xaqan seçildiyi ümumi monqol qrultayında, Hülakü xanın komandanlığı altında bu fəthləri başa çatdırmaq üçün yeni bir hərbi kompaniyaya başlanılmasına qərar verildi. Ümumi monqol işi sayılan bu hərbi kompaniya üçün, hər on nəfərlik dəstədən iki əsgər ayrılmasına qərar verildi. Bu qərar o vaxt mövcud olan 4 (dörd) ulusun hamsına aid idi. Beləliklə, Hülakü xanın başçılığı ilə toplanmış ordu 1256-cı ildə İrana daxil oldu. 1256-cı ildə hərbi yürüş ismaililərin mərkəzi sayılan Ələmut qalasının ələ keçirilməsi ilə başladı. Sonra Hülakü xan xəlifə əl- Mötəsimin (1242-1258) hökmranlıq etdiyi Bağdad şəhərinə daxil oldu. Strateji əhəmiyyətə görə Bağdadın ələ keçirilməsi ilə Hülakü xan, Aralıq dənizinə çıxa və zəngin istehsal və gəlir gətirə bilən Fars körfəzindən Suriya limanlarınadək əhəmiyyətli ticarət yollarını ələ keçirmiş olurdu. Bu baxımdan Bağdad şəhərinin işğalı böyük əhəmiyyət daşıyırdı. Şəhər 5 fevral 1258-ci ildə ələ keçirildi və özünün dünya ticarət məkrəzi rolunu itirmiş oldu. Xəlifənin bütün sərvəti monqolların əlinə keçdi və saxlanmaq üçün Azərbaycanın cənubundakı Urmiya gölü yaxınlığında yerləşən Şahi şəhərinin xəzinəsinə göndərildi. Xəlifənin özü isə edam edildi ( P.S. Tarixi qaynaqalrda xəlifənin Fərat çayına atılaraq öldürülməsi haqqında məlumat vardır).
***
Hülükü xanın qərbə doğru irəliləməsinin qarşısını 1260-cı ildə məmlüklər aldılar. Monqolların 10 illər ərzində Suriyanı ələ keçirmək cəhdləri boşa çıxsa da, onlar Ön Asiyada möhkəmlənə bildilər. İşğal edilmiş torpaqlarda Hülükü xan yeni 5-ci monqol ulusunu yaratdı. Dövlətin paytaxtı ilk əvvəl Marağa şəhəri, sonra isə Təbriz oldu. Dövlətin tərkibinə müasir Azərbaycan torpaqları, Gürcüstan, Ön Asiyanın böyük hissəsi, Mesopotamiya və digər ərazilər daxil oldu. 1261-ci ildə Xubilay xan bu torpaqların hakimi kimi Hülükü xanı tanıdı və ona “elxan”( elin xanı, hökmdarı) titulu verdi. Məhz bu hadisədən sonra Cuci ulusu ilə Hülükü ulusu arasında düşmənçilik başlayır. Çoxlu sayda (fars, ərəb, rus, çin, türk) mənbələrdən məlumdur ki, Hülükü xanın hərbi yürüşündə onun üçün ayrılan qoşunlar içərisində Qızıl Orda qoşunları da var idi. Görkəmli Azərbaycan tarixçisi Ə.Ə. Əlizadənin göstərdiyi kimi “ ...tarixi məlumatlardan məlum olur ki, Qızıl Orda xanı Bərəkə xanla Hülükü xan arasında münasibətlər pisləşdiyinə görə Bərəkə xanın göstərişi ilə Qızıl Orda əsgərləri geri qayıtmaq məcburiyyətində qaldılar. Qızıl Orda əsgərlərinin bir hissəsi Elxani ərazisini tərk edərək Misir məklüklərinin ərazisinə getdilər. Digər hissəsi isə Dərbənd şəhərindən keçərək Qızıl Orda ərazisinə döndülər”. Beləliklə, Bərəkə xan əsgərlərinin təhlükəsizliyinə əmin olmadığı üçün onları tam olmasa da geri qaytarmış oldu.
***
Ə. Ə. Əlizadə yazır: “ Məlum olduğu kimi, Misir sultanı bura gələn qızılordalı əsgərləri həqiqətən olduqca təntənəli qarşıladı. Sultan öz canişinlərinə qızılordalı əsgərləri lazım olan bütün şeylərlə təmin etməyi və onları Qahirəyə yola salınmağını əmr verdi və hətta özü də ora gedərək onlarla görüşdü. Qızılordalı əsgərlər əl-Lukedə onlar üçün xüsusi hazırlanmış evlərdə məskunlaşdırıldılar. Onların şərəfinə böyük bir ziyafət təşkil edildi, sultan əsgərlərə şəxsən qiymətli paltarlar, at və pul hədiyyə etdi. Onların içərisindəki hərbi əyanları hərbi başçı, bəzilərini isə “bəhrilər” sırasına daxil etdi. Mənbələrdə qeyd olunur ki, Hülakü xanın yanından ilk qızılordalı hərbi dəstələr Misirə hicri 660-cı ildə ( miladi 1261-1262) gəlmişlər. Qızılordalı hərbu dəstələr bundan sonra Misirdə qalmış və onlarla xoş rəftar olunmuşdur”. A. Y. Yakubovskiy hesab edir ki, Qızıl Orda xanı Bərəkə xan Hülakü xana İran və Bağdadın tutulmasına kömək etdiyinə görə Azərbaycanı bir pay kimi almağa ümidli idi. Azərbaycan zəngin təbii sərvətlərə malik ölkə olmuşdur. Burada ən yaxşı otlaqlar, və zəngin “sənətkarlıq sənayesi məhsulları, ipək toxuculuq xammal mənbəyi, var idi ki, bununla Azərbaycanın kənd və şəhərləri dünyada tanınırdı”. Həm Cuci ulsusu, həm də Hülakülər dövləti ticarətdən gələn gəlirlərə, xüsusilə beynəlxalq ticarət yolalrına nəzarət və ondan gələn gəlirə önəm verirdilər. Bu barədə adları çəkilən tarixşünaslar deyil, həm də tarixi mənbə sahibləri də məlumat verir. Cuci hökmdarları, eləcə də Cağatay hökmdarları Hülakü xanın yürüşünə əsgəri yardım etmişdilər. Və bununla da fəth edilmiş torpaqlarda möhkəmləndikdən sonra işğal edilmiş torpaqlardan öz paylarını almaq ümidində idilər. Məhz buna görə Qızıl Orda xanı Bərəkə xan Azərbaycan torpaqlarına, xüsusən Arrana diqqət verir və bu torpaqları istəyirdi. Bu onun həm də, iqtisadi və strateji maraqlarına uyğun idi. “Lakin bu torpaqlar Hülakü xanın hakimiyyəti altına keçmişdi və buna görə də Qızıl Orda xanı Hülükü xanla düşmənçilik aparırıdı”.
Bütün hallarda Hülakü xanla Bərəkə xan arasında Azərbaycan barədə hər hansı razılaşma barədə heç bir sənəd yoxdur. Elxanilərlə Cuci ulusu arasındakı soyuq münasibətlər səbəbindən Qızıl Orda ilə Misir məmlük dövləti arasında daha sıx dostluq münasibətləri formalaşdı. Həm Cuci ulusu, həm də Qızıl Orda dövləti islamın müdafiəsi adı altında dostluq əlaqələrini möhkəmləndirir və daha çox biri-birilərinə nümayəndə göndərir, eləcə də iki dövlət müəyyən hədiyyələrlə dostluq əlaqələrini möhkəmlədirdilər. Bütün bunlar isə iki “dost” ölkənin bir-birilərini Hülakülər (Elxanilər) dövlətinə müharibəyə sövq etmək istəkləri ilə bağlı idi.
***
Məlum olduğu kimi Bərəkə xan Cuci ulusunda (Qızıl Orda dövlətində) islam dinini qəbul etmiş və öz torpaqlarında bu dinin qəbul edilməsinə çalışmışdır. İsalm dini bu dövrdə hakimiyyət ideologiyası olub, işğal edilmiş torpaqlarda müsəlman əhalisinin simpatiyasını qazanmaq üçün Bərəkə xan tərəfindən dəstəklənirdi. Bu həm Hülakülərin işğalı altında oaln müsəlman əhalini öz tərəfinə çəkmək, həm də müsəlman Misir məmlük əhalisini öz tərəfinə çəkmək üçün atılan addım idi. Bu yolla Bərəkə xan Hülakülərin həm daxili və həm də xarici düşmənlərini ələ almaq məqsədi güdürdü. O da məlumdur ki, ilk Elxani hökmdarları (P.S. 3-cü Elxani hökmdarı Əhməd xan Təkudar (1282-1284) dan başqa) işğal altında yaşayan əhalidən fəqli olaraq islam dinini qəbul etməmişdi. Fəzlullah Rəşidəddin yazır ki, Hülakü xanın hakimiyyətinin ilk illərindən xristianlığa dəstək verirdi. Onun böyük arvadı (kereit tayfasından olan) xristian idi. Bütün Çingiz xan nəslindən olanlar ilk əvvəllər Göy Tanrıya sitayiş etsələr də müxtəlif dinlərin işinə mane olmurdular. Lakin elə ki, Ali Monqol Xaqanlığı dağılmağa başlayır və Cuci ulusu ilə Elxanilər arasında XIII əsrin 60-80-ci illərində qanlı müharibələr getdiyi vaxta qədər bütün Elxanilər Göy Tanrıya sitayiş edir və ata-babalarının dininə hörmətlə yanaşırdılar. (P.S. Bu barədə M.Polo yazılarına baxmaq lazımdır) ... Beləliklə, Cuci ulusu ilə Misir məmlük dövləti arasında vacib siyasi-iqtisadi əlqələrin olması uzun illər ərzində ayır - ayrı mədəniyyətlərə malik olan bu iki ölkənin XIII əsrin sonları və XIV əsrin əvvələrinə qədər möhkəm olmuşdur.
***
Qeyd etmək lazımdır ki, Cuci ulusi ilə diplomatik və səfirliklər vasitəsilə əlaqəlarin möhkəmləndirilməsi ideyası məhz Misir məmlük dövlətinin maraqları daxilində idi. Ona görə ki, Misir məmlük dövləti qonşuluğunda qüdrətli Elxani dövlətinin güclənməsini istəmirdi və bu baxımdan Cuci ulusu ilə “dostluq” əlaqələrinin möhkəmlənməsinə maraqlı idi. Misir məmlük dövləti bu yolla, yəni Qızıl Orda dövləti ilə Hülakülər ( Elxanilər) dövlətini biri-birinə düşmən etməklə son nəticədə hər iki dövlətin zəifləməsinə ümid edirdi və buna görə də daima hər iki dövlət arasında düşmənçilik toxumu səpməyə çalışırdı ki, Elxanilər tərəfindən Suriyanın işğalına imkan verməsin. Qızıl Orda dövləti isə öz tərəfindən Suriyanın Aralıq dənizi sahillərində yerləşən varlı liman şəhərlərinin Elxanilərin əlinə keçməsinə yol vermək istəmirdilər. Əks təqdirdə Elxanilər beynəlxalq aləmdə ticarəti ələ keçirər və Avropa ölkələri ilə açıq ticarət apara bilərdilər. Ərəb mənbələrində Cuci hökmdarlarının Misir məmlük sultanı ilə məktublaşması barədə məlumatlar vardır. Beləki, Misir sultanı Malik əz-Zakir Rüknəddin I Bəybarsın katibi bin Əbd- əz Zakir Bərəkə xana sulatanın əmri ilə məktub yazaraq onu (Bərəkə xanı) Hülükü xana qarşı müqəddəs müharibəyə çağırır. Bu məktub bir daha sübut edir ki, Misir məmlük dövləti Qızıl Ordanı Hülükülərə qarşı müharibəyə sövq etməyə təhrik etmişlər. Ərəb tarixçisi ən-Hüveyri yazır: “ ...ramazan ayının adı çəkilən ilində (təqribən 9 iyul-7 avqust 1263-cü il) sultan əl-Malik əz-Zakir onun ( Bərəkə xanın) elçilərini öz yanından buraxdı və onlara məktub verərək hökmdarlarına verməyi tapşırdı. Məktubda Bərəkə xanı Hülakü xanla müharibə etməyə təhrik edirdi”.
***
A.Y.Yakubovskiy haqlı olaraq qeyd edir ki, “məmlük sultanı Bəybarsın hesablamaları olduqca sadə idi. Hülakülər dövləti Misirin qonşusu idi və Suriyanın bir hissəsi onun nəzarətində idi. Misirlə Elxanilərin sərhədi Mesopotamiyada kəsişirdi. Qüdrətli Elxani dövləti Misir məmlükləri üçün təhlükəli idi. Bütün bu təhlükəni aradan qaldırmaq üçün isə Misir məmlük dövləti nəyin vasitəsi ilə olursa - olsun Cuci ulusu ilə Elxaniləri biri-birinə düşmən etməyə çalışırdı. Məhz bu səbəbdən Misir məmlük sultanı hər yolla iki dövləti vuruşdurmaq istəyirdi”. XIII əsrin ilk 40-cı illərində Elxanilər tərəfindən islam dini qəbul edilmədiyi üçün məmlük sulatanlarının əlində əsas şüar “kafir”lərə qarşı mübarizə idi. Məsələn, ərəb tarixçisi əz- Zahebi məlumat verir ki, “Cuci hökmdarı Bərəkə xanla Hülakü xan arasında münasibətlərin pisləşmə səbəblərindən biri də Hülakü xan tərəfindən sonuncu Bağdad xəlifəsinin öldürülməsi olmuşdur” (P.S. Lakin məlumdur ki, bu belə deyildir). Bu və buna bənzər fikirləri digər ərəb tarixçiləri də göstərirlər. Lakin 3-cü Elxani hökmdarı Əhməd Təkyudar (1282-1284) ilk Elxani hökmdarı kimi islam dinini qəbul etmiş və ondan sonra 7-ci Elxani hökmdarı Mahmud Qazan xan (1295-1304) islam dinini Hülakülər dövlətində rəsmi dövlət dini elan etdikdən sonra da bu düşmənçilik münasibətləri kəsilməmişdir. Hətta daha da qızışmışdır. Bütün bunlar onu göstərir ki, bu dövlətlər arasında düşmənçilk münasibətləri dini deyil, məhz siyasi məsələ daşımışdır. Qızıl Orda hökmdarları ilə Elxanilər arasında müharibə fasilələrlə təqribən 100 il ərzində (1262-1357) davam etmişdir. Bərəkə xan Cuci xanın oğlu kimi özünü nəsildə böyük hesab edirdi və buna görə də Hülakü xandan itaət tələb edirdi. Baxmayaraq ki, Batı xanın dövründə Hülükü xanla Qızıl Orda arasında dostluq əlaqələri mövcud olmuşdur.
***
Burada xüsusilə qeyd etmək lazımdır ki, Çingiz xanın nəvələri (Cuci və Toluyun oğulları) Mengu xaqanın 1251-ci ildə Ali Monqil Xaqanı taxtına çıxmasına yardım etmişdilər. Ancaq Bağdadın fəth edilməsi və Hülakülər (Elxanilər) dövlətinin yaradılmasından sonra Ali Monqol Xaqanlığı ailəsi arasında çəkişmələr artdı. Hülakü xan yeni 5-ci ulus yartadıqdan sonra nəsillər arasında düşmənçilik başladı. Bütün bunlar ona görə baş verdi ki, Hülakü tərəfindən işğal edilən torpaqlar Batı xanın mülkü hesab edilirdi. Ərəb tarixçisi əl Öməri qeyd edir ki, Batı xanın ölümü ilə Qızıl Orda dövləti Ön Asiya, Azərbaycan və İranda özünün siyasi mövqeyini itirdi və bu mövqe Bağdadın işğalından sonra tamamilə itirildi. Elə ki, Cuci ulusunda Bərəkə xan (1256-1265) hakimiyyətə gəldi Hülakü xan müstəqil fəaliyyətə başladı. Fəzlullah Rəşidəddin yazır ki, Hülakü xan “Bərəkə xanın özbaşnalığından” çox narazı idi. Digər tərəfdən isə Bərəkə xan da Hülükü xanın “Bağdad xəlifəsinin kimsə ilə məsləhətləşmədən edam edilməsindən” narazı idi və bu işdə onu (Hülakünü) təqsirli bilirdi. Sonra F.Rəşidəddin əlavə edir ki,”Bərəkə xan nəsildə ondan böyük (əkə) olduğu üçün Hülakü xan ona dözürdü”. Eləcə də F. Rəşidəddin qeyd edir ki, “ Hülakü xan deyir, baxmayaraq ki, o ( Bərəkə) nəsildə məndən böyükdür, həqiqətləri bilmədən necə cəsarət edib mənimlə hədə-qorxu ilə danışır, mən artıq ona hörmətini saxlamaq və izzət göstərmək istəmirəm”. Çox güman ki, Bərəkə xan öz avtoriterindən istifadə etməklə Hülakü xanı özündən asılı vəziyyətdə saxlamaq və Hülakü xanın yaratdığı Elxanilər dövlətdən əldə etdiyi gəlirlərin bir hissəsini almaq istəyirdi.
***
V.V. Bartoldun göstərdiyi kimi; beləliklə, Qızıl Orda və Elxanilər dövləti arasında müharibənin səbəblərindən danışanda Cuci ulusunun Azərbaycan və Arrana olan iddiaları məsələsini unutmamaq olmaz, eləcə də nəsildə Hülaküdən yaşca böyük olan Bərəkənin Hülakü xanla münasibətlərini də nəzərdə saxlamaq lazımdır, o cümlədən Cuci şahzadələrinin zəhərlənməsi faktı ( Bərəkə xan onların bilərəkdən zəhərlənmələrinə inanırdı) da önəmlidir. Digər baxımdan da Bərəkə xanın islamı ilk qəbul etməsi və Hülakü xanın isə islamı qəbul etməməsi məsələsini də unutmaq olmaz. Salix Zakirov qeyd edir ki, bu müharibələrin əsas səbəblərini çox vaxt “ müxtəlif səlnaməçi və tarixçilər öz düşüncə tərzlərindən çıxış edərək işıqlandırmışlar”. Tarixşünaslıqda Cuci ulusu ilə Hülakülər dövlətinin sərhədləri haqqında məlumatlar vardır(Bax: Xəritələrə) Bu sərhədlərə baxaraq qızılordalılarla elxanilər arasındakı müharibənin səbəbləri haqqında mülahizə yürütmək də olar.
XIII - XIV əsr tarixçisi Vəssaf özünün “Tarixi -Vəsaf” (Vəssafın tarixi) (P.S. Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi 1257-ci ildə Şirazda anadan olmuşdur. Elxani hökmdarı Olcaytu xan tərəfindən ona verilən “Vəssafül-həzrət” adının qısaldılmış formasında “Vəssaf” ləqəbiylə tanınır. Məlumat üçün bax: https://multiurok.ru/files/tarix-i-v-ssaf-s-ri-v-onun-mu-llifi-haqqinda.html) əsərində Qızıl Orda ilə Elxanilər dövlətinin sərhədi barədə yazır: “Bakı Dərbəndinə qədər olan əraziləri o (P.S. Çingiz xan) böyük oğlu Cuciyə vermişdi. (P.S. mənbədə Cuci səhfən Tuşi kimi qeyd edilir). “Dəmir qapı” Dərbənd adlanan yerdən üzü aşağı (arxada qalan) monqol qoşunlarının qışlaq yeri və hərbi toplanış mərkəzi olmuşdur. Müəyyən vaxtlarda onlar (P.S. qızılordalılar) Arrana qədər hərbi yürüş etmişlər. Həmişə deyirlərmiş ki, Arran və Azərbaycan Cuci ulusuna məxsus torpaqlardır. ... Məhz buna görə Elxanilərlə qızılordalılar arasında həmişə fikir ayrılığı və müharibələr baş vermişdir”.
***
Bu məlumatlardan belə nəticə çıxarmaq olar ki, Qızıl Orda dövlətinin sərhədi ancaq Dərbənd şəhərinə qədər olan əraziləri və Dərbənddən şimala olan torpaqları əhatə etmişdir. Bu torpaqlar isə Çingiz xanın sağlığında oğlu Cuciyə verilmiş torpaqlar olmuşdur. Hülakü xan isə sonradan fəth etdiyi torpaqlarda yeni 5-ci ulus yaartmışdır. Ə.Ə.Əlizadə qeyd edir ki, ola bilər ki, Dərbənd şəhəri ( “Dəmir qapı” Dərbənd, “Bab-əl bab”) Qızıl Orda ərazisinə daxil olmuş olsun. Amma bütün Şirvan, Arran və bütövlükdə Azərbaycan Elxanilərin işğal etdikləri torpaqlar olmuşdur. Bunları təsdiq edən faktlar isə odur ki, bu adları çəkilən ərazilərdən yığılan bütün vergilər Qızıl Ordanın deyil, Elxanilərin( Hülakülərin) dövlət xəzinəsinə toplanırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Ali Monqol Xaqanlığının tərkibinə daxil olan hər iki dövlət üçün Təbriz mərkəz olmaqla yaradılmış Elxanilər dövləti özünü əlverişli təbii -coğrafi mövqeyi və Şərqdən Qərbə, Qərbdən Şərqə gedən ticarət yolları üstündə yerləşən Azərbaycan torpaqları beynəlxalq ticarət üçün olduqca böyük önəm daşıyırdı. Bütün yazılanları təhli etsək belə qənaətə gəlmək olar ki, Hülakülər ( Elxanilər) dövlətinin yaranmasından sonra Cuci hökmdarları ilə Elxanilər hökmdarları aarsında ticarət əlaqələri pozuldu. Məhşur səyahətçi Marko Polonun Asiya ərazisinə səyahətində verdiyi məlumatlarda bu müharibələr və onun səbəbləri haqqında müəyyən bilgilər verilir. M.Polonun fikrinə görə bu müharibə sərhəd məsələləri üstündə baş vermişdir. M.Polo yazır: “ Bu hökmdarların hər biri ( Qızıl Orda və Elxani) bu əraziləri (söhbət Azərbaycandan gedir) biri-birinə güzəştə getmək isəmirdi, onlar özlərini qüdrətli və güclü hesab edirdilər. Onlar deyirdilər; “Gəlib və o əraziləri tutacam, görüm bu əraziləri kim əlimdən ala bilər”. Marko Polonun fikirləri həqiqətə daha yaxındır. Bəzi tarixçilər isə (əl - Muffaddali) yazırlar ki, Xubilay xana qarşı Bərəkə xan Arıq -Buğanı dəstəkləyirdi və bundan narazı olan Hülakü xan Bərəkə xana qarşı çıxdı.
Mənbə: https://www.gumer.info/bibliotek_Buks/History/mongol/16.php
***
“Azərbaycan qıpçaqları” məqaləsini aşağıdakı lingdən oxuya bilərsiniz.
https://web.facebook.com/nomadsgreatsteppe/posts/2088824261242186
Yazıya əlavə:
Geniş əraziyə, zəngin tarixə malik olan Azərbaycan orta əsrlərdə Şərq və Qərb ölkələrinin ictimai-iqtisadi və siyasi həyatında, özünün coğrafi mövqeyi və ictimai-siyasi, strateji əhəmiyyətinə görə özünəməxsus yer tutmuşdur.
XIII yüzilliyin əvvəlində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin yarandığı dövrdə Azərbaycanda daxili və xarici vəziyyət mürəkkəb idi. Monqol qoşunları qısa müddət ərzində geniş işğalçılıq yürüşlərinə başlayaraq böyük ərazilər istila etdilər. Onlar 1239-cu ildə Azərbaycanı, bütövlükdə Cənubi Qafqazı işğal edirlər və 1239-1258-ci illərdə bu ərazilər Ali Monqol Xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə edilir. Ön Asiya, Qafqaz və Kiçik Asiyanı yenidən itaətə gətirməyə göndərilən Hülakü xan (1258-1265) işğal etdiyi ərazilərdə V monqol ulusu - Hülakülər (Elxanilər) dövlətini yaradır. Azərbaycan yaranmış Elxanilər dövlətinin siyasi-inzibati mərkəzinə çevrilir.
Hülakülər dövlətinin yarandığı ilk vaxtlardan başlayaraq, Azərbaycan uğrunda Hülakülərlə, Azərbaycandan şimalda yerləşən digər monqol dövləti Qızıl Orda arasında mübarizə getmişdir. Azərbaycan dəfələrlə Qızıl Orda xanlarının hücumuna məruz qalmışdır. Bu hücumlar Azərbaycanın ictimai-iqtisadi həyatına və xalqın vəziyyətinə mənfi təsir göstərmiş, onun inkişafını ləngitmişdir.
Azərbaycan öz təbii sərvətləri, tranzit ticarət karvan yolları və hərbi strateji əhəmiyyətinə görə qızılordalıları özümə cəlb edirdi. Qızıl Orda xanları həmişə Azərbaycan torpaqlarını işğal etməyə çalışmışlar və bu məqsədlərinə çatmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etmişlər. Hülakü xandan başlayaraq bütün elxani hökmdarları dövründə, müəyyən fasilələrlə və sonrakı dövrlərdə, Qızıl Orda xanı Bərəkə xandan (1256-1266) başlayaraq Toxtamış xana qədər (1395-ci ildə öldürülüb) Azərbaycan uğrunda bu iki dövlət arasında müharibələr getmişdir. Bütün XIII və XIV əsrlər boyu Azərbaycan Qızıl Orda xanları ilə Hülakülər arasında hərbi əməliyyat meydanı olmuşdur.
Əlavə məlumat üçün:
https://multiurok.ru/files/az-rbaycan-ali-monqol-xaqanligi-t-rkibind.html
https://multiurok.ru/files/monqollarin-ucuncu-yurusund-yaranmis-dovl-t-elxanil-r-hulakul-r-dovl-ti.html
Hülakü (Elxani) hökmdarlarının hakimiyyət illəri:
1.Hülakü xan (1258-1265)
2.Abaqa xan (1265-1282)
3.Əhməd xan Təkyudar (1282-1284) -İslamı ilk qəbul edən Elxani hökmdarı olmuşdur.
4.Arqun xan (1284-1291)
5.Keyxatu xan (1291-1295)
6.Baydu xan (1295)
7.Mahmud Qazan xan (1295-1304)-İslamı ilk dəfə rəsmi dövlət dini elan etmişdir.
8.Məhəmməd Xudabəndə Ulcaytu xan (1304-1318)
9.Əbu Səid Bahadur xan (1318-1336)
10.Arpa xan (1336)
11.Musa xan (1336)
12.Məhəmməd xan (1336-1338)
13.Satıbəy xatun (1338-1340)-Hülakü şahzadələri içərisində ilk qadın hökmdar.
14Süleyman xan (1340-1344)
15.Ənuşiravan-e Adil xan (1344-1355)
16.Həsən xan (1357)
Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi