Dilts Piramidası
Etiraf edin, bəzən özümüzdən soruşuruq: “Niyə yaşadığım kimi yaşayıram?”.
Əgər belədirsə, bu gün bu sualın cavabını sizinlə bölüşmək və Dilts piramidasından danışmaq istəyirəm. Ən azı onu necə başa düşmək və ondan özüm və oxucular üçün necə istifadə etmək haqqında...
Neyro-linqvistik proqramlaşdırma üzrə ən tanınmış ekspert tərtibatçılarından biri olan Robert Dilts (mən şəxsən onu yazıçılar və jurnalistlər üçün hazırladığı işlərə görə çox sevirəm) sizin həyatınızı piramida şəklində təsvir etmək üçün əlverişli model təklif edib. Modelin özəlliyi ondadır ki, piramidanın hər səviyyəsi üçün “Niyə belədir?” sualına cavab verilir və bir pillə yuxarıda yerləşir.
Piramidanın aşağı səviyyəsi, gündəlik həyatınızın səviyyəsi, gündəlik iş rejiminiz “Məndə nə var?” sualına cavab verir. Bu, maliyyə vəziyyətinizə, işinizə və ya biznesinizə, evinizə, ailənizə, sosial dairənizə və s. və il. üçündür.
Özünüzə “Məndə nəyə görə var?” sualını versəniz, cavab üçün ikinci səviyyəyə müraciət etməli olacaqsınız. Bu səviyyə “Mən nə edirəm?” sualına cavab verir. Bu gündən-günə gördükləriniz sonda nə ilə nəticələnəcəyinə çox təsir etdiyi amillərdir.
Özünüzə “Niyə etdiyimi edirəm?” sualını versəniz, cavab üçüncü səviyyədə, strategiya səviyyəsindədir. Bu səviyyə “Necə seçməliyəm?” sualına cavab verir. Necə qərarlar verdiyiniz, seçiminizi necə etdiyiniz, hansı strategiyaya əməl etdiyiniz (“daha çox hədəf alın” və ya “özünüzü gərginləşdirməyin”, “bu gün üçün yaşayın” və ya “illər üçün planlaşdırın” və s.) hər bir konkret vəziyyətdə necə hərəkət edəcəyinizi müəyyənləşdirir. Məsələn, işdən evə qayıtdıqdan sonra televizor qarşısında xüsusi ədəbiyyat oxuyacaq, idman edəcək və ya çay içəcəksiniz? Yoxsa iş yerində yeni layihələr təklif edən və onlar üçün məsuliyyət daşıyan siz olacaqsınız, yoxsa yalnız adi və başa düşülən işi görmək üçün əlinizdən gələni edəcəksiniz.
Özünüzə “Niyə seçdiyimi seçirəm?” sualını versəniz, cavab almaq üçün Dilts piramidasının daha bir səviyyəsinə qalxmalı olacaqsınız.
Dördüncü səviyyə sizin inanclarınızı ehtiva edir. “Mən nəyə inanıram?” sualına cavab verir. Burada artıq aydındır ki, yalnız əlaqələr vasitəsilə yaxşı bir iş tapa biləcəyinizə inanırsınızsa, təhsilinizdə çox çalışqan olmayacaqsınız. Əgər əzmkarlığın hər hansı maneəni dəf etdiyinə əminsinizsə, aydındır ki, əgər nəsə alınmazsa, sizin üçün bir daha cəhd etməyiniz təbii olacaq. Hər dəfə də yenidən və yenidən...
Bəs birdən, əgər özünüzə “İnandığım şeyə niyə inanıram?” sualını versəniz, piramidanın beşinci səviyyəsi, özünü dərk etmək və özünü tanıma üçün cavabdehdir, yəni bunu anlamağa kömək edəcəkdir. “Mən kiməm?” sualına cavab verir. İnanclarınız əsasən bu sualın cavabından asılıdır. Aydındır ki, “Mən istedadsız bir uduzmuşam və heç kiməm” deyənlə, “Mən dahiyəm və uğur qazanmaq üçün doğulmuşam” deyən adamın dünyagörüşü tamam başqa olacaqdır.
Nəhayət, piramidanın son səviyyəsi missiya səviyyəsi, həyatın mənası səviyyəsidir. O, təxmin etdiyiniz kimi “Mən niyə yaşayıram?” sualına cavab verir. Məncə, bu səviyyə ancaq mömin insanlar üçün əlçatandır, çünki o, sizin həyatınızın mənasının həyatın özündən kənarda olduğunu və siz tərəfindən deyil, kənardan kimsə tərəfindən təyin edildiyini güman edir.
Dilts piramidası haqqında niyə bilmək lazımdır?
Birincisi, bu, nə üçün yaşadığınızı və nəyə görə sahib olduğunuzu daha yaxşı başa düşməyə imkan verir. Bu, öz həyatınızın ekspress təhlilini aparmağa imkan verir. İkincisi, fərqli, daha xoş nəticə əldə etmək üçün həyatınızda dəqiq nəyi dəyişdirmək lazım olduğunu başa düşməyə imkan verir. Bunun üçün piramidada bir səviyyə (və ya daha çox) yuxarı qalxmaq lazımdır.
Sistem təhlilinin prinsiplərindən birində deyildiyi kimi, “problem adətən onun qoyulduğu səviyyədə həll oluna bilməz”.
Sahib olduğunuz şeylərdən, istər ətrafınızdan, istərsə də maliyyə vəziyyətinizdən razı deyilsinizsə, Dilts modeli sizə hərəkətlərinizi dəyişməli olduğunuzu göstərəcək. Zahirən düzgün hərəkətlər istədiyiniz nəticəyə gətirib çıxarmazsa, bütövlükdə strategiyanı dəyişdirməlisiniz. Strategiyanı harada dəyişdirəcəyiniz bəlli deyilsə, o zaman inanclarınızda axtarış lazımdır. Onlarda nəsə doğru deyil.
Beləliklə, xanımlar və cənablar, indi Diltsin modelini özünüzə tətbiq etdiyinizə görə, həyatınızın harada “sürüşdüyünü” və onun “sürüşməsini” dayandırmaq üçün nə etməli olduğunuzu başa düşdünüzmü?
Müəllif: Aleksandr Levitas
Mənbə: https://bit.ly/42pfdRR
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).