Karfagenlilərin bizim bildiyimiz kimi olmadığı ortaya çıxdı
(P.S. Afrikanın şimal-şərqindəki ərazidə vaxtı ilə finikiyalılar bir neçə müstəmləkələr salmışdılar. Bunlardan biri Karfagen (latınca Garthago) şəhəri idi. Finikiyalılar bu şəhərə Kar-Xadaşt, yəni “yeni şəhər” adı vermişdilər. Karfagen əvvəl Tir şəhərinin müstəmləkəsi olmuş, e.ə. V əsrin ortasında böyük bir dövlətin mərkəzinə çevrilmişdir. Bu dövlətin tərkibinə Şimali Afrikanın bir hissəsi, Siciliyanın qərb hissəsi, Malta, Sardiniya, Korsika, Pitius və Balear adaları daxil idi. Antik tarixçilərdən Siciliyalı Timey Karfagen şəhərinin əsasının qoyulmasını e.ə. 814-813-cü ilə aid etmişdi. Y.Həsənov. Qədim Roma tarixi. Bakı.1975, səh.67).
Böyük Karfagen şəhərinin əsasını məhz finikiyalılar qoysa da, punların finikiyalılarla demək olar ki, heç bir genetik əlaqəsi yoxdur. Roma yeddi təpədə yaranmamışdan çox əvvəl, Sezar Rubikonu keçməzdən əvvəl, qədim Aralıq dənizinin başqa bir böyük dəniz və ticarət gücü olan Karfagen şəhəri mövcud olmuşdur. Müasir Tunisin günəşli sahillərində yerləşən qüdrətli Karfagen imperiyası təvazökar Finikiya forpostu kimi fəaliyyətə başlamışdır. Finikiyalılar qədim Aralıq dənizinin misilsiz dənizçiləri, Levantdan olan semit xalqı idi və onların əsas şəhərləri olan Tir, Sidon və Bibl ticarət və gəmiçilik yolu ilə çiçəklənirdi. Təxminən eradan əvvəl IX əsrdə, bəlkə də Romanın əfsanəvi qurulmasından bir neçə onilliklər əvvəl, Tir şəhərindən bir qrup köçkün qərbə doğru gəlir. Rəvayətə görə, Karfagen yunanlar və romalılar tərəfindən daha çox Didon kimi tanınan kraliça Elissa tərəfindən qurulmuşdur. Tirdəki siyasi çəkişmələrdən qaçan Didon öz xalqını dənizdən keçərək Şimali Afrika sahillərinə aparlr. Orada yerli barbar hökmdarı ona öküz dərisinin örtüyə biləcəyi qədər torpaq sahibi ola biləcəyini söyləyir. Ağıllı və bacarıqlı Didon öküz dərisini nazik zolaqlara kəsdirir və onlar bütöv bir təpəni əhatə edir. Bu təpə Karfagenin əsasını təşkil edən Birsu təpəsi idi. Məhz bu təpədən şəhər çiçəklənməyə başlayır. Afrika, İberiya və Şərqi Aralıq dənizinin sərvətlərini birləşdirən ticarət mərkəzinə çevrilir. Karfagenlilər Finikiya yazısını miras aldılar, eyni tanrılara (Baal, Tanit və Melqart) sitayiş etdilər və əsrlər boyu öz ana dillərini qorudular. Bu, Karfagenlilərin Finikiyalı qurucuları ilə yaxın qohum olduqlarını göstərir ki, bu da “Natura” jurnalında dərc olunan yeni araşdırmanı daha da təəccüblü edir.
Finikiya sirləri
Alimlər İsraildən İspaniyaya qədər Aralıq dənizi boyunca 14 ərazidən 210 qədim insanın genomlarını təhlil edərkən, “Levant finikiyalıların Aralıq dənizinin mərkəzi və qərbindəki Pun yaşayış məntəqələrinə çox az genetik töhfə verdiyini” görəndə təəccübləndilər. Əvəzində, eradan əvvəl VI və II əsrlər arasında Pun şəhərlərində dəfn edilən insanlar əsasən yerli DNT-ni daşıyırdılar. Onların mənşəyi Tir və ya Sidona deyil, Siciliya, Egey bölgəsi və Şimali Afrikaya işarə edirdi. Hətta finikiyalılar tərəfindən qurulan şəhərlərin bəlkə də ən simvolu olan Karfagendə də Levant mənşəli deyil, əsasən Siciliya-Egey xalqları olmuşlar. Pun dəfn edilənlərdən yalnız üç nəfərin - ikisi Siciliyada və birinin Sardiniyada - dominant Levant mənşəli olduğu aşkar edildi. Lakin bunlar, tədqiqatçıların qeyd etdiyi kimi, oraya daha sonrakı Roma dövründə gələ bilərdi. “Nəticələrimiz o deməkdir ki, qeyri-levantlılar Levantin “Finikiya” mədəniyyətini (dili və dini də daxil olmaqla) mənimsəmiş olmalıdırlar. Bu, həm də Finikiya mədəniyyətinin kənar insanların inteqrasiyasına açıq olduğunu vurğulayır. Bir fərziyyə odur ki, ilk Finikiya koloniyalarının qurulmasından bəri əsrlər ərzində, insanların dinamik assimilyasiyası prosesi tamamilə dəyişmişdir”. Bunu Maks Plank adına Təkamül Antropologiya İnstitutundan Harald Rinqbauer deyir.
Artıq qeyd edildiyi kimi, finikiyalılar əfsanəvi dənizçilər idi. Onlar Livandan İspaniyaya öz əlifbasını və ikonoqrafiyasını yayaraq Aralıq dənizi boyu ticarət məntəqələri yaratmışlar. Lakin bu genetik araşdırma göstərir ki, onların Qərbdəki təsiri insanlardan daha çox ideyalar üzərində olub.
Mədəniyyət və genlər arasında niyə belə uçurum mövcuddur?
Karfagenlilərin qədim dəfn ənənələri onların genetik tarixini izah etmək üçün uzun bir yol qət edir. Romalılar kimi, erkən finikiyalılar da kremasiya ilə məşğul olurdular - ölüləri yandırırdılar. Bu dəfn üsulu DNT-ni tamamilə məhv edərək, onların genetik köklərini izləməyi çətinləşdirir. Vəziyyət eradan əvvəl 600-cü ildən sonra kremasiya daha az populyarlaşdıqdan sonra dəyişdi. Yeni populyasiyalar ölülərini DNT-lərini qoruyacaq şəkildə basdırmağa başladılar. Maraqlıdır ki, bu qruplar Levantdan (Yaxın Şərq) deyil, başqa bölgələrdən gəlmişdilər. Eradan əvvəl 400-cü ilə qədər əhalinin genetik tərkibində yeni dəyişikliklər baş verdi. Şimali Afrika əsilli insanların sayı xeyli artdı. Alimlər bu xətti Əlcəzairin daxili hissəsindən Dəmir dövrünə aid qalıqlardan istifadə edərək izləmişlər. Bu genetik nəsil Sardiniya və İberiyada (müasir İspaniya və Portuqaliya) Pun yaşayış məntəqələrində yayılmağa başladı. Lakin hətta Şimali Afrikanın özündə də bu qrup azlıqda qaldı. Əhalinin böyük əksəriyyətinin hələ də iki əsas bölgədə kökləri var idi: Siciliya və Ege bölgəsi (Egey dənizi ətrafındakı ərazi). Pun yaşayış məntəqələrində genetik müxtəlifliyin təəccüblü dərəcədə yüksək olduğu aşkar edilmişdir. Tədqiqatda deyilir: “İddia edilən hər bir Pun qəsəbəsində kişilərin əksəriyyətində fərqli Y-haploqrupları var idi”. Heç bir xətt üstünlük təşkil etmir. Bunun əvəzinə icmalar Avropa, Şimali Afrika və Yaxın Şərqdə yayılmış haploqrupları qarışmışdır. Tədqiqatçılar hətta yüzlərlə kilometr, bəzən də Aralıq dənizi ilə ayrılmış insanlar arasında uzun müddət paylaşılan genetik seqmentləri müəyyən etmişlər. Bir halda, beşinci və yeddinci dərəcəli iki qohum Kerkuane (Şimali Afrika) və Bircidə (Siciliya) dəfn edilmişdir, bu da dənizdən tez-tez səyahət və ailə əlaqələrini göstərir.
Bir neçə yaxın qohumun dəfn olunduğu qəbirlərdə daha da darısqallara rast gəlinib. İspaniyanın Villarikos şəhərində beş nəfərin qalıqları endoqamiya əlamətlərini - əmiuşağı və ya digər yaxın qohumlar arasında nikahları göstərdi. Onların genləri Pun mənşəli səciyyəvi idi, lakin bir-biri ilə sıx bağlı idi, bu da bir-birinə yaxın, qohumluq qrupunu göstərirdi. Bununla belə, tədqiqatçılar tələsik nəticə çıxarmaqdan çəkinirlər. Bəzi icmalar qohumluqla məşğul olsalar da, digərləri, məsələn, Kerkuane və Tarrosdakılar, müxtəlif mənşəli insanlar arasında nikah əlamətləri göstərir.
“Kolonistlərsiz mədəniyyət”. Bəs bu bizə qədim dünyada müstəmləkəçilik haqqında nə deyir?
Rinqbauer deyir: “Bizim işimiz mədəni ötürülmənin faktiki demoqrafik hərəkətdən böyük ölçüdə necə ayrıla biləcəyinə dair mühüm nümunə təqdim edir”. Finikiya-Pun dünyası vəziyyətində, mədəni genişlənmə orijinal Levant əhalisindən genlərin əhəmiyyətli bir axını olmadan baş vermişdir. Yunan müstəmləkəçiliyi ilə ziddiyyət aşkardır. “Eyni zamanda baş verən Yunan müstəmləkəçiliyinin fərqli fəaliyyət göstərdiyinə dair ortaya çıxan sübutlar var: Yunan müstəmləkə məskənlərində əsasən yunan mənşəli insanlar məskunlaşıbdır” – deyə Rinqbauer izah edir. Pun modeli xalqların köçü ilə bağlı deyildi. Söhbət ideyaları çatdırmaq və başqalarının onları inkişaf etdirməsinə imkan verməkdən ibarət idi. Ən azından qədim DNT məlumatları bizə indiyə qədər bunu deyir. Punlar monomədəni deyildilər və sadəcə sürgündə olan finikiyalılar idilər. Onlar ticarət, müharibə, müstəmləkəçilik və yerli qarşılıqlı təsirlərlə formalaşıblar. Onların ümumi identikliyi qan qohumluğundan deyil, yerli xüsusiyyətlərin əlavə olunmaqla ortaq mədəni kodun - dil, din, memarlıq kodunun qəbul edilməsindən yaranıb. “Biz Pun dünyasının gözlənilmədən “bir-birinə bağlı” olduğunu aşkar etdik”. Geniş coğrafi ərazidə yerləşən Pun yaşayış məntəqələrinin oxşar mənşəli profilləri vardır və bir neçə halda biz hətta müxtəlif yaşayış məntəqələrində qohumlar tapdıq. Bu, belə insanların nə qədər mobil olduqlarını və Finikiya-Pun sivilizasiyasında insanların müntəzəm olaraq uzaq məsafələrə köçdüklərini göstərir”-deyə Rinqbauer
vurğulayır.
Mənbə:
https://etm-club.site/zhiteli-karfagena-okazalis-ne-temi-kem-my-ih-sc/?utm_source=substack&utm_medium=email
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).