Makarenkonun pedaqoji irsi
1 (13) mart 1888-ci ildə bir oğlan uşağı doğuldu. Sonralar UNESKO onu “XX əsrdə pedaqoji təfəkkürün üsulunu müəyyən edən dörd pedaqoqdan biri” elan edəcəkdir. Uşağın adını Anton qoydular. Soyadı - Makarenko.
Görkəmli sövet pedaqoqu Anton Semyonoviç Makarenko 1888-ci ildə mart ayının 1(13)-də Xarkov quberniyasının Belopol şəhərində anadan olmuşdur. Onun atası dəmir yol emalatxanasında rəngsazlıq sexinin ustası idi. A.S. Makarenko şəhər məktəbini və müəllimlik kurslarını qurtararaq, 1903-cü ildə Kryukov qəsəbəsində ( Poltava quberniyası) ikisinifli dəmir yol məktəbində müəllim sifətilə öz pedaqoji işinə başlamışdır. ...
1914-cü ildə 10 illik xalq müəllimi stajı ilə Poltava müəllimlər institutuna daxil olmuş, 1917-ci ildə həmin institutu qızıl medalla qurtarmışdır. ..
1925-ci ildə A.S. Makarenko özünün sonralar şöhrət tapmış olan diqqətəlayiq əsərini “ Pedaqoji poema” nı yazmağa başlamışdır. “...özünün yazdığı kimi başlı-başına buraxılmış, məqsədsiz həyat sürən şagirdlərlə işləmək çətin olsa da, onları öz təsirimə ala bildim. ..Bu da mənim qurduğum pedaqoji sistemimin düzgün və faydalı olmasının ən inandırıcı dəlillərindəndir”. ...
1928-ci ildə Makarenkonun məktəbinə gələn Maksim Qorki “ Sovet İttifaqında” adlı məqaləsində yazır: “ Həyatın amansızcasına və təhqiranə surətdə əzmiş olduğu yüzlərlə uşağı kim bu qədər tanınmaz dərəcədə dəyişdirmiş və yenidən tərbiyə edə bilmişdir ? A.S. Makarenko” (P.S. təqribən 3000 insan Makarenkonun yetirmələri olmuşdur).
1935-ci ildə Anton Semyonoviç Moskavaya köçdü. Moskvaya gəlməyi M. Qorki çoxdan ona məsləhət görmüşdü. O hələ 1933-cü ildə Makarenkoya yazmışdı:” Sizin son dərəcə qiymətli əməyinizdən kimsənin xəbəri yoxdur. Əgər siz özünüz məlumat verməsəniz, bunu kimsə bilməyəcəkdir”.
A.S. Makarenkonun “ Pedaqoji poema”sını M. Qorki bədii ədəbiyyatın ən gözəl nümunələrindən biri kimi qiymətləndirmişdir.
“ Pedaqoji poema” dərc edildikdən sonra (1933,1935, 1940) xüsusən ailə tərbiyəsi məsələləri kəskin vəziyyət aldığından “ Valideynlər üçün kitab” yazmış və bu əsər 1937-ci ildə çap edilmişdir.
Makarenkonun üçüncü bədii-pedaqoji əsəri olan “ Qüllələr üzərində bayraqlar” 1938-ci ildə dərc olunmuşdu.
Anton Semyonoviçin ədəbi əsərlərinin ümumi sayı əsasən “ Учительская газета» da nəşr edilmiş məqalələri, çıxışlarının stenoqramları ilə birlikdə 80-a çatır, lakin onun məqalələrinin və mühazirələrinin hamısı hələ də tam öyrənilməmişdir….
1939-cu il aprelin 1-də o yazıçıların istirahət evindən qayıdarkən vağzalda qəvlətən vəfat etdi.
A.S. Makarenkonun pedaqoji irsi - onun uzun sürən tərbiyə təcrübəsi, bu təcrübənin bədii əsərlərində ( başlıca olaraq “Pedaqoji poema” da, “ Valideynlər üçün kitab”da, “ Qüllələr üzərində bayraqlar” da ) əks etdirilməsi, onun pedaqojiyə dair nəzəri işləri: “Uşaqların tərbiyəsi haqqında mühazirələr” i və tərbiyə məsələlərinə dair bir çox məqalələri - gözəl, ardıcıl və pedaqoji sistem təşkil edir.
Makarenko tərbiyə məsələlərinə ustalıqla tətbiq etdiyi qaydalarda: şəxiyyəti və cəmiyyəti, azadlığı və zərurəti, vəzifə və hüququ, pedaqoqun hökmünü və şagirdlərin hüququnu, tələbkarlıq və məhəbbəti bir-birinə qarşı qoymayaraq, onlar arasında özünü itirməyərək, onları vəhdətdə götürərək, ziddiyyətlərin həllini axtarmış və tapmışdır.
A.S. Makarenko yazırdı: “ Sağlam tərbiyə şəraiti olmadan mükəmməl xarakterin əmələ gəldiyinin, yaxud, əksinə, düzgün tərbiyə işinə baxmayaraq, pozğun xarakterin əmələ gəldiyini göstərən heç bir hadisə görməmişəm”.
( A.S. Makarenko. Tərbiyə İşləri Haqqında. Bakı. Azərnəşr. 1948. səh. 9.)
Məlum olduğu kimi, Makarenko tam orta məktəbdən fərqli olaraq nəzarətsiz, pərəstarsız uşaqlarla işləmişdir. Onun rəhbərlik etdiyi koloniya və kommunada uşaqlar internatda yaşayırdılar. Bütün tərbiyə işlərində istehsalat əməyi böyük yer tuturdu. Makarenkonun işlətdiyi və təklif etdiyi üsulları bir çox hallarda eyni ilə məktəblərdə tətbiq etmək mümkün deyildir.
Lakin tərbiyə məsələsində Makarenko haqlı olaraq deyrdi: “ Mən tərbiyənin məqsədini insan şəxsiyyətinin, insan xasiyyətinin proqramı mənasında başa düşürəm,.... hesab edirəm ki, biz pedaqoqlar arzu etdiyimiz belə bir insan şəxsiyyəti proqramına malik olmalıyıq”... (A.S. Makarenko. Tərbiyə İşləri Haqqında. Bakı. Azərnəşr. 1948. səh.38)
Sözümü bununla qurtarıram.
Zənimcə, Makarenkonun əməyi hədər getməmişdir və bu günün özündə də onun orjinal metod və üsullarının bəzi fraqmentlərindən hər bir pedaqoq öz metodiki cəhətdən püxtələşməsində istifadə edə bilər. Bunula belə pedaqoji təcrübələri inkişaf etdirmək və təbliğ etmək lazımlıdır. Fikrimcə, ən yaxşı pedaqoji müəssələrinin təcrübələrini yekunlaşdırmaq gələcəyimiz olan uşaqların inkişafı naminə olduqca gərəklidir. A. S. Makarenkonun ən mühüm və heyranedici müvəffəqiyətli pedaqoji təcrübəsi dünya əhəmiyyətinə malik idi, indi də malikdir və bundan sonra da malik olacaqdır.
Əsədov Seyyub Əsəd oğlu
Azərbaycan Respublikası, Şirvan şəhər 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ilin “ Ən yaxşı müəllim” müsabiqəsinin qalibi