Ədəbiyyat dərslərində bədii əsərlərin təhlilinin prinsip və yolları
Düzgün, dəqiq metodologiyaya, idrakın elmi metodlarına əsaslanmadan təlim prosesində, o cümlədən bədii əsərlərin təhlili zamanı uğur qazanmaq mümkün deyil. Bu baxımdan ədəbiyyat dərslərində bədii əsərlərin təhlili prinsiplərinin müəyyənləşdirilməsi və nəzərə alınması zəruridir. Prinsip latın sözü olub (prinsipium) əsas, başlanğıc deməkdir. Pedaqoji anlamda prinsip dedikdə, müəyyən pedaqoji nəzəriyyənin, təlimin əsasında duran, aparıcı, təməl müddəalar nəzərdə tutulur.
Bədii əsərlərin məktəb təhlilinin prinsipləri aşağıdakılardır:
1. İdeyalılıq prinsipi (ideya baxımından təhlil istiqamətinin müəyyənləşdirilməsi). Bu prinsipə görə, əsərin hansı istiqamətdən təhlil ediləcəyi, onun komponentlərinin hansı mövqedən dəyərləndiriləcəyi dəqiqləşdirilməlidir. Təhlil prosesində əsərdə müəllif niyyəti ilə yanaşı, onunla üst-üstə düşən və ya fərqlənən oxucu mövqeyi də müəyyənləşdirilməli, nəzərə alınmalıdır. Bu, nəticə etibarilə müəllifin ideya-bədii və estetik niyyətinin daha dolğun qavranılmasını təmin edir.
2. Tarixilik prinsipi. Bu prinsip bədii əsərin müəyyən tarixi dövrün məhsulu olduğunu nəzərə almağı tələb edir. Əsər yazıldığı dövrlə, təsvir edilən hadisələrin baş verdiyi tarixi şərait, ictimai mühitlə əlaqəli öyrənilməli, əsərə yazıçının yaradıcılığı və bütövlükdə dövrün ədəbi prosesi kontekstində yanaşılmalıdır. Tarixilik prinsipinə uyğun olaraq əsərdə təsvir edilənlər müasir dövrlə də əlaqələndirilməlidir. Şagird-oxucu üçün əhəmiyyətli olan ayrı-ayrı məqamları aktuallaşdırmaqla əsərin məzmunundakı tarixi və ümumbəşəri aspektlərin uzlaşdırılması zəruridir.
3. Bədii əsərin məzmun və formasının qarşılıqlı əlaqəsi və bir-birini şərtləndirməsi prinsipi.
Məlumdur ki, bədii əsərin məzmunu və forması bir-biri ilə sıx əlaqəli anlayışlardır. Məzmunu formadan, formanı məzmundan ayırmaq mümkün deyildir. Əsərdə nədən danışılır dedikdə, məzmun, necə danışılır dedikdə, forma başa düşülür. Sənətkarın təsvir etdikləri, bu və ya digər hadisə ilə bağlı düşüncələri, emosional münasibəti əsərin məzmununu, bunları ifadəsi üçün istifadə üsul və vasitələr isə formasını təşkil edir. Obrazın, hadisənin necə təsvir olunması (əsərin janrı, kompozisiyası, dili və s.) forma əlamətləridir. Məlumdur ki, epik əsərin ideyası, mövzusu ilk növbədə qəhrəmanların qarşılıqlı münasibəti vasitəsilə dərk edilir. Bu qarşılıqlı münasibətlər hadisələrdə, süjetdə üzə çıxır. Hadisələrin xarakterindən asılı olaraq qəhrəmanların nitqi də fərdi çalarlar kəsb edir.
Beləliklə, məzmun xarakterlər, süjet, dil vasitəsilə ifadə olunur, sanki formaya keçir. Qəhrəmanların nitqini qavradıqca, hərəkətlərini müşahidə etdikcə isə, əsərin mövzusu və ideyası dərindən başa düşülür ki, burada forma bir növ məzmuna keçir1.”
Forma bir tərəfdən əsərin məzmununu ifadə edir, digər tərəfdən oxucuya estetik təsir vasitəsidir. Sənətkar bədii əsər üzrə işə məzmunu müəyyənləşdirməklə başlayır, sonra isə məzmunun xüsusiyyətlərindən çıxış edərək onun özünəməxsus formasını seçir.
Məzmun formasız ifadə edilə bilməz. Forma da məzmunsuz nəyi isə ifadə edə bilməz. Məzmun ifadə edilən, forma ifadə edəndir. Bədii əsərin məzmun və forması üzvi vəhdətdə, bir-birinə qarşılıqlı keçiddə təhlil edilməlidir. Bu prinsipə əməl edilməsi məktəb təhlilində sosiologizmin qarşısını alır.
Təlim prosesində bədii əsərlərin ancaq sosioloji təhlilinin aparılması hallarının hələ də qalması narahatlıq doğurur. Hazırda ədəbiyatın tədrisi metodikasında sxematizm, formalizm, ədəbi əsərin məzmununun səthi öyrənilməsi, bədii mətni üzrə işin bir kənara qoyulub ikinci dərəcəli nəzəri, ədəbi-tarixi faktlara aludəçilik, təhlilə sosioloji yanaşma kimi mənfi hallar özünü göstərməkdədir. Bəzən unudulur ki, dərsdə ilk növbədə bədii sözün gözəlliyini, məna çalarlarını duymaq, ona həssas münasibət aşılamaqla, ədəbiyyatın qavranılması üçün zəruri olan nəzəri və tarixi məlumatları mənimsəməklə əsərdəki ideyanı, qaldırılan problemlərin mahiyyətini dərk etmək, onlardan bəhrələnmək mümkündür.
T.Hacıyev yazır: “Hər hansı bir əsərin təhlilində ideyanı, süjeti dil, üslub, sənətkarlıq məsələləri ilə kompleks şəkildə daha təsirli çatdırmaq mümkündür. Bədii əsərin tədrisində ancaq məzmun, çılpaq sosioloji söhbət, olsa-olsa kəmiyyət göstəricisidir ki, bədii məzmun bədiiliyi təmin edən elementlərin təhlili ilə açılmalıdır. Bu halda əsərin bədii keyfiyyəti, estetik məziyyəti aşkar olur. Bu halda əsər oxucu-məktəblinin yalnız yaddaşına yox, həm də duyğularına hopur; duyularaq, yaşana-yaşana dərk olunan əsər ya gec unudulur, ya da heç unudulmur. Bu da məlumdur ki, bədii detalların şərhi məktəbliyə bədii zövq aşılayır, onda yüksək estetik səviyyə hazırlayır2.”
K.Əliyevin fikrincə, klassik ədəbiyyatımıza indi başqa yöndə yanaşmalıyıq, hər bir şəxsiyyəti yaşadığı ictimai-siyasi mühitdən, məsləkindən, əqidəsindən, dini görüşlərindən ayıra bilmərik. Ayrı-ayrı şəxsiyyətlərin yaratdığı və dərslikdə nümunə verilən əsəri sosioloji yox, əsl mənada bədii cəhətdən təhlil edilməlidir, başlıca məziyyətləri açılmalıdır3.
Təlim prosesində ədəbiyyata həm söz sənəti, incəsənətin bir növü, həm də ictimai, mənəvi, sosial problemləri əks etdirən hadisə kimi yanaşılması özünü doğruldur. Ədəbi əsərin estetik, emosional təbiətinə, poetik dil xüsusiyyətlərinə bəsit yanaşma da, onun ictimai-tarixi, idraki, tərbiyəvi aspektlərinə diqqət yetirilməməsi də şagird şəxsiyyətinə təsiri zəiflədir, ədəbi təhsilin səviyyəsini aşağı salır.
4. Pedaqoji prinsip. Bu prinsipə görə, əsərin təhlili prosesində şagirdin yaş xüsusiyyətləri, qavrama səviyyəsi, maraq və tələbatları nəzərə alınmalıdır. Dərsdə qarşıya qoyulan təhsil, tərbiyə, inkişaf vəzifələrinə uyğun olaraq təhlilin həcminin, müxtəlif məsələlərdə dolğunluq və dərinlik səviyyəsinin gözlənilməsi, təhlildə seçim imkanlarının gözlənilməsi də bu prinsipin mühüm məsələləridir. Pedaqoji prinsip ayrı-ayrı siniflərdə əsərin ideya-estetik məzmununun mənimsənilməsi ilə şagirdlərdə təhlil bacarıqlarının formalaşdırılması üzrə işi vəhdətdə, ardıcıl, sistemli şəkildə aparılmasını nəzərdə tutur.
5. Təhlil yolları və üsullarının uzlaşdırılması prinsipi. Bədii əsərin təhlili yolları müxtəlifdir. Təhlilin hansı yolla aparılacağı əsərin həcmi, janrı, mürəkkəbliyi, təlim-tərbiyə vəzifələri nəzərə alınaraq müəyyənləşdirilir. Ədəbiyyat dərsində bədii əsərin öyrənilməsi zamanı təhlilin bir yox, bir neçə yolundan əlaqəli şəkildə istifadə etmək faydalıdır. Təhlilin müxtəlif səviyyələrinin düşünülmüş şəkildə əlaqələndirilməsi, onun həcminin, müxtəlif məsələlərdə dolğunluq və dərinlik səviyyəsinin gözlənilməsi, təhlildə seçim imkanları və s. çoxvariantlılıq prinsipinə uyğundur. Təhlil üsulları əsərin təbiətinə uyğun olmalıdır.
Bu prinsiplərin konkret şəkildə həyata keçirilməsi bir çox amillərdən (əsərin janr və xarakterindən, sinfin səviyyəsindən, müəllimin qarşıya qoyduğu vəzifələrdən və s.) asılıdır.
1 Краткий словарь литературоведческих терминов. Ред. составители Л.И.Тимофеев, С.В.Тураев. М.: Просвещение, 1985, с. 204-205.
2 Hacıyev T.İ. Yazıçı dili və ideya-bədii təhlil. Bakı: Maarif, 1979, s. 3.
3 Dərsliklər: problemlər, mülahizələr. “Zəka”, 1992 N 1,s. 15. s. 13-19.