3
XI SİNİFDƏ ƏDƏBİYYAT DƏRSLƏRİNİN TƏŞKİLİNƏ YENI YANAŞMA İMKANLARI
BİLAL HƏSƏNLİ
ADPU-NUN DOSENTİ, PEDAQOGİKA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, ƏMƏKDAR MÜƏLLİM
[email protected]
Açar sözlər: yaradıcı yanaşma, standart, ədəbiyyat, dərsi, müəllim, şagird, strategiya, təlim, təhsil, tədris, inteqrativ
Ключевые слова: творческий подход, урок, литературa, ученик, учитель, стратегия, обучение, образование, преподавание, интерактивный, интегративный
Key words: creative approach, standard,literature, lesson, student, teacher, strategy, training, education, teaching, interactive, integrative
Bədii əsərlərin öyrənilməsinə yeni yanaşma müasir mərhələdə kurkulum üzrə ədəbiyyat dərslərinə verilən başlıca tələblərdəndir. “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər də şagirdlərin ədəbi təhsili, tərbiyəsi, inkişafına yeni yanaşmanı zəruri edir. Bu mühüm dövlət sənədində şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların vacibliyi, mənimsənilənlərin konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi ön plana çəkilmişdir. Bu hədəflər ədəbi təhsilin bütün pillələrində gözlənilməli, ədəbiyyat dərslərinin təşkilinə yaradıcı yanaşma diqqət mərkəzində saxlamnılmalıdır.
Tam orta təhsilin başa çatdığı 11-ci sinifdə şagirdlərin ədəbi təhsili, ədəbi bilik və bacarıqlarının formalaşdırılması üzrə iş yekunlaşır. Ümumi təhsilin milli konsepsiyasına uyğun olaraq bu sinifdə şagirdlərin ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirməsi, əsərləri mövzu, janr, problem baxımından müqayisə etməsi, onlara əsaslandırılmış rəy bildirməsi, məzmununa və ideyasına yarandığı dövrdün ictimai-siyasi və əxlaqi-etik dəyərləri kontekstində qiymət verməsi, fərqli mövzular üzrə müvafiq üslublarda yaradıcı xarakterli yazıları icra etməsinə nail olunmalıdır.
Ədəbiyyat müəllimləri fənn kurikulumunun şagirdlərin mənbələr üzərində işləyərək görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplaması, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlaması, ədəbi nailiyyətlərə münasibət bildirmək bacarığına yiyələnməsi ilə bağlı tələblərinin reallaşdırılması üçün dərslikdəki müvafiq sual və tapşırıqlar sistemi üzrə məqsədyönlü iş təşkil etməli, müəlim üçün metodik vəsaitdəki müvafiq tövsiyələrdən yaradıcı şəkildə bəhrələnməlidir.
Dərsliyin məzmunu, metodik sistemi interaktiv təlim zəminində şagirdlərdə azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik hissi, milli- mənəvi, ümumbəşəri dəyərlərin formalaşmasına, tolerantlıq, əməksevərlik, təbiətə qayğı kimi keyfiyyətlərin, həyati bacarıqların formalaşdırılmasına imkan verir. Mövzular üzrə təklif olunan bir çox sual və tapşırıqlar üzrə iş fərdi, qrup və ya cütlər şəklində araşdırmanı nəzərdə tutur, əməkdaşlıq, ünsiyyət qurmaq, birlikdə qərar qəbul etmək kimi vərdişlərin inkişafına imkan yaradır.
Şagirdlərin müxtəlif mənbələrdən seçdiyi faktlardan istifadə etməsi, müşahidələrinə və əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə, bədii xüsusiyyətlərinə münasibət bildirməsi həmin sinif üçün ədəbiyyat fənn kurikulumunun 3.1.1., 3.1.2. standartlarına uyğundur. Şagirdləri müstəqil araşdırmaya yönləndirən yığcam dərslik materialı da bu mənbələrdən biridir. Dərslikdəki araşdırmaya, müstəqil təhlilə və dəyərləndirməyə yönləndirən mətnlərdə müəllif, əsərlə bağlı söylənilən fikirlərin şagirdlər tərəfindən əlavə mənbələrdən seçdikləri faktlarla, dəlillərlə əsaslandırması, tamamlaması, genişləndirməsi nəzərdə tutulur.
XI sinifdə əsas etibarilə irihəcmli əsərlər- poema, roman, dramatik əsərlər öyrənilir. Məlum məsələdir ki, həmin əsərlərin bütövlükdə dərsdə oxunması mümkün deyildir. Odur ki, kurikulumun tələbinə uyğun olaraq, tam orta təhsili başa vurmaqda olan şagirdin irihəcmli əsərdən parçaları müstəqil oxuması, həmin parçalarla bağlı müəyyən suallara cavab hazırlaması, tapşırıqları icra etməsi təbii və məntiqlidir. Nəzərə alınmalıdır ki, əvvəlki siniflərdə bu tipli sual və tapşırıqları davamlı olaraq icra edən şagirdlər XI sinifdə artıq zəruri müstəqil təhlil, tətbiq bacarıqlarına yiyələnmişlər.
Ədəbiyyat dərslərində öyrənilmək üçün əsərlər seçilərkən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” sərəncamı əsasında Azərbaycan dilində latın qrafikası ilə çap olunaraq məktəb və rayon kitabxanalarına paylanmış kitablar əsas götürülmüşdür. Bu, şagirdlərə dərsdə ixtisarla öyrənilən irihəcmli əsərləri bütöv şəkildə mütaliə etmək və tədqiqat zamanı əlavə mənbə kimi həmin kitabların girişində görkəmli ədəbiyyatşünas alimlərin əsərlə bağlı məqalələrindən isitifadə etmək imkanı verəcəkdir.
Seçilmiş bədii əsərlər ideya-məzmun baxımından azərbaycançılıq ideyalarına sadiq olan, demokratiya prinsiplərinə və xalqımızın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan şəxsiyyət yetişdirilməsi üçün geniş imkanlar yaradır.
Dərsliyə daxil edilmiş təlim materialları Azərbaycan ədəbiyyatının XX əsrin əvvəllərindən müasir mərhələyədək dövrünü əhatə edir. Dərsliyə ədəbiyyatın inkişaf dövrlərini əks etdirən icmallar, klassik və müasir sənətkarların həyatı, yaradıcılığı ilə bağlı məlumat, monoqrafik şəkildə öyrənilən bədii əsərlər, müstəqil mütaliə üçün tövsiyə olunan əsərlər, lüğətlər daxil edilmişdir.
X sinifdə olduğu kimi, XI sinifdə də təlim materiallarının monoqrafik və icmal mövzular şəklində qruplaşdırılması kurikulumun tələbindən irəli gəlir. Müəyyən ədəbi dövrə aid icmal mövzuları ədəbiyyat tarixinin bu və ya digər dövrünün ədəbi-mədəni mənzərəsi, qüdrətli sənətkarlarımızın həyat yolu və yaradıcılığı üzrə monoqrafik mövzuların öyrənilməsi üçün zəmin yaratmaq məqsədini güdür. Ədiblərin həyatı, yaradıcılıq yolu ilə bağlı dərslikdə verilən zəruri məlumatlar, tövsiyələr şagirdləri dərsdə qazandığı ədəbi bilik və bacarıqları əlavə mənbələrlə iş zamanı dərinləşdirməyə istiqamətləndirir.
Dövrün sosial-siyasi, ədəbi-mədəni mənzərəsi, söz sənətimizin aparıcı nümayəndələrinin yaradıcılığı haqqında şagirdlərdə müəyyən təsəvvür yaratmaq, onları monoqrafik mövzuların öyrənilməsinə hazırlamaq məqsədini güdən icmallar yeni dərslikdə yığcam verilmişdir. Dərsdə istiqamətləndirici icmal mətnlərinin müzakirəsi, tövsiyə edilən əlavə mənbələr üzrə araşdırma aparılması məqsədəuyğun sayılmış, şagirdləri tədqiqatçılıq fəaliyyətinə sövq etməklə müvafiq məzmun standartlarının reallaşdırılması nəzərdə tutulmuşdur. İşin bu istiqamətdə qurulması təbiidir ki, məktəblilərdən daha çox müstəqillik və fəallıq tələb edir. Dərslikdəki araşdırmaya istiqamət verən suallar və yığcam, istiqamətverici şərhlər üzrə iş bu baxımdan şagird tədqiqatının təməlini təşkil edir. Həmin mətnlərin oxusu, ilkin müzakirəsi, müəyyən mənbəlkər üzrə iş sinifdə həyata keçirilir, müəllimin yönləndirməsi ilə dərsdən sonra da mənbələrə müraciət olunur, təqdimatlar hazırlanır.
Görkəmli ədiblərin həyatı, yaradıcılıq yolunun öyrədilməsi üzrə işi də dərslikdəki yığcam materialla tanışlıq, mənbələr üzrə araşdırma, diskussiya, müzakirə, debat, kiçik qrupların təqdimatları və s. interaktiv metodlar, iş formalarından istifadə ilə reallaşdırılması məqsədəuyğundur. Bütün hallarda şagirdlər dərslikdə tövsiyə olunan mənbələrdən istifadə ilə məhdudlaşmamalı, mətnlər üzrə təklif edilmiş sual və tapşırıqlar əsasında internet mənbələrindən, xüsusən dərslik müəlliflərinin hazırladığı elektron vəsaitdən ( http.edebiyyat. ucoz.com) faydalanmalıdır.
XI sinifdə təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliyyət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi.
Dərslik komplektinin metodik konsepsiyası kurikulumun tələblərinin reallaşdırılması üçün müəllimin yaradıcı, təşəbbüskarlığına imkan yaradır. Müəllim dərsə hazırlaşarkən, ilk növbədə dərs dediyi sinfin səviyyəsini, qarşıya qoyduğu təlim məqsədlərini nəzərə almalı, mətnlərlə bağlı sual və tapşırıqlardan yaradıcı istifadə etməklə təlimin təşkilinin səmərəli yollarını müəyyənləşdirməlidir. Klassik və müasir ədəbiyyat nümunələri üzrə dərslərdə, eləcə də şagirdlərin mənbələrlə müstəqil işinin təşkilində müəllimin bələdçilik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Bu sinifdə mürəkkəb süjetli və kompozisiyalı, müxtəli vəzn və janrlarda irihəcmli əsərlərin, icmal mövzularının tədrisindəki müəyyən çətinliklər, XX əsrin əvvəllərində və sovet dövründə yaranmış ədəbiyyatın dəyərləndirilməsinə yeni baxışın zəruriliyi və s. təlim prosesində müəllimin istiqamətverici şərhlərinə xüsusi diqqət yetirilməsini tələb edir.
Dərslikdə ədəbiyyat təliminin öyrədici, inkişafetdirici, tərbiyəedici funksiyası diqqət mərkəzində saxlanılmış, zəruri şərhlərlə yanaşı, XX əsrin əvvəllərindən müasir dövrədək ədəbiyyatımızın inkişaf yolu, aparıcı nümayəndələrinin yaradıcılığının öyrənilməsi, ədəbi bilik, bacarıq və vərdişlərin inkişaf etdirilməsi üçün şagirdlərin müstəqil fəaliyyətinin metodik baxımdan təşkili yolları müəyyənləşdirilmişdir. Dərsliklə iş zamanı informasiyanın axtarılması və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsinə şagirdin müstəqil araşdırıcılıq fəaliyyətinin tərkib hissəsi kimi yanaşılmışdır. Təlim materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, tədqiqetmə, bədii əsər üzrə ideya və problemlərin ümumiləşdirilməsi və təqdim olunması, gerçəklikdə baş verən hadisələrin təhlili və qiymətləndirilməsinə dair vərdişlərin formalaşdırılmasına imkan yaradır.
Təlim materialları üzrə işin aşağıdakı metodik sistem üzrə həyata keçirilməsi məqsədəuyğundur:
Maraqoyatma (motivasiya) Ev tapşırığının seçmə yolla, yığcam müzakirəsi motivasiyanın ilk mərhələsi kimi reallaşdırılır. Bu zaman əvvəlki mövzu ilə yeni mövzu, problem üzrə əlaqələndirilir, yeni bilik və bacarıqların mənimsənilməsi, müstəqil, yaradıcı fəaliyyəti üçün üçün zəmin yaradılır. Öyrəniləcək mövzuya maraq oyatmaq üçün şagirdlərin əsərdə qoyulmuş problemə ilkin münasibətini aşkara çıxarmağa, mövzunu həyatla əlaqələndirməyə imnkan yaradan müxtəlif suallar qoyulur, müzakirə aparılır. Motivasiyanın bilavasitə davamı kimi, şagirdlərin fəal iştirakı ilə araşdırılacaq problem üzrə tədqiqat sualı müəyyənləşdirilir.
Araşdırma. Tədqiqat sualı üzrə araşdırma aparılması üçün müxtəlif sual və tapşırıqlar verilir. Həmin işlər fərdi, cütlük və qrup şəklində yerinə yetirilə bilər. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək, səhvləri araşdırmaq üçün suallar verilir. Verilən sual və tapşırıqlar mətn üzrə öyrənilənləri tamamlamaq, araşdırma aparmaq, əlaqə yaratmaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə dəyər vermək və onlara münasibət bildirmək məqsədi daşıyır.
Araşdırma zamanı həm icmal, həm də monoqrafik mövzular üzrə istiqamətləndirici mətnlərdə ədəbi dövr, sənətkarın həyat və yaradıcılığı, əsərin təhlili ilə bağlı yönləndirici açıqlamalar verilir. Aparılacaq araşdırmanın əsas cizgiləri, mənbələrlə iş, müstəqil fəaliyyət zamanı dərinləşdirilməsi və zənginləşdirilməsinə ehtiyac duyulan məsələlər qeyd edilir..
Təqdimatların mübadiləsi və müzakirəsi diskussiya, müxtəlif mövqelərin aşkara çıxarılması, söylənilən fikirlərin əsaslandırılması zəminində reallaşdırılır.
Yaradıcı tətbiqetmə. Mövzu üzrə öyrənilənləri möhkəmləndirmək, yeni materialü zərində tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.
Nəticə və ümumiləşdirmə. Şagirdlərə verilən sual və tapşırıqlar mövzu üzrə əldə olunan yeni biliklərin ümumiləşdirilməsinə, nəticə çıxarılmasına xidmət edir. Müəllimin istiqamətləndirici sualları şagirdlərin müstəqil şəkildə ümumiləşdirmə aparmağz və nəticə çıxarmağa yönləndirir.
Qiymətləndirmə, refleksiya mərhələsində müəllimin dərs ərzində fərdi qiymətləndirmə kitabçasında apardığı qeydlər əsasında fərdi və qrup üzrə qiymətləndirmə aparılır. Yeni biliyin mənimsənilməsi prosesinə bir daha nəzər salınır. Şagirdlərin təqdimatları, dərs zamanı müzakirədə iştirak səviyyəsi barədə yığcam rəy mübadiləsi aparılır, nailiyyətlər və çatışmazlıqlar nəzərə çatdırılır, tövsiyələr verilir.
Evdə iş. Araşdırma şagirdlərin evdə, kitabxanada mənbələrlə iş, müstəqil tədqiqatçılıq fəaliyyəti ilə davam etdirilir. Sual və tapşırıqlar yaradıcı, tətbiqedici xarakteri daşıyır, onları yerinə yetirmək üçün müxtəlif mənbələrdən istifadə edilməsinin zəruriliyi diqqətə çatdırılır.
Ədəbiyyat təlimində fəndaxili, fənlərarası inteqrasiya şagirdlərin öyrənilən mövzu, problem üzrə bilik və bacarıqlarının əlaqələndirilməsini nəzərdə tutur. Bütün mövzular üzrə yeni biliklər əvvəl qazanılmış müvafiq biliklər zəminində mənimsədilməlidir. Mövzu, problem üzrə əvvəlki biliklərdən yeni situasiyada istifadə yeni mövzunun dərindən qavranılmasına, şagirdlərin fəallıq və müstəqilliyinə zəmin yaradır.
Гасанлы Б.А.
Возможности нового подхода к организацию уроков литературы в ХI классах
Резюме
Определение методических путей творческого подхода к изучению художественных произведений на уроках литературы в ХI классах имеет важное значение для достижения целей поставленных в куррикулуме. В статье исследуются возможности организации исследовательской работы школьников при подготовке к обсуждению литературных произведений на классных занятиях, привлечении их к самостоятельной творческой деятельности. Отмечается важность формирования у учащихся умений использования разных литературных и электронных источников, самостоятельного анализа и оценки художественных текстов.
Resume
B.A.Hasanli
Possibilities of a new approach to organizing literature lessons in the 11th grade
The definition of methodical ways of the creative approach to the study of works of art in the literature lessons in the 11th classes is important for achieving the goals set in the curriculum. The article explores the possibilities of organizing the research work of schoolchildren in preparation for the discussion of literary works in classroom classes, involving them in independent creative activity.
It is noted the importance of students' ability to use different literary and electronic sources, to independently analyze and evaluate artistic texts.
Ədəbiyyat
Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası.”Azərbaycan müəllimi,”11 sentyabr 2009 N 35 (8348).
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan məktəblər üçün) “Azərb. müəllimi” qəzeti, 24 dek. 2010 N 50.
Həbibbəyli İ., Əliyev S., Həsənov B., Mustafayeva A. Ədəbiyyat. XI sinif üçün dərslik. Bakı: Bakınəşr, 2018.208 s.
Həsənov B.,Əliyev S., Mustafayeva A. Ədəbiyyat. XI sinif. Müəllim üçün metodik vəsait.Bakı: Bakınəşr, 2018.208 s.
Ümumi təhsilin fənn standartları. (I-XI siniflər). ARTİ-nin nəşri. Bakı, 2012. N 50.