2
XI SİNİFDƏ BƏDİİ ƏSƏRİN TƏHLİLİ ÜZRƏ DƏRSDƏ ŞAGİRDLƏRİN TƏDQİQATÇILIQ FƏALİYYƏTİNİN TƏŞKİLİ
Mövzu: Hüseyn Cavid. İblis. (ixtisarla) – 4 saat
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar | Təlim nəticələri |
1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır. | Faciədəki obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir. |
1.2.4. Bədii nümunələrin mövzusuna, ideyasına, başlıca problemina, konfliktinə dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir. | Faciənin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir. |
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əsaslandırır | Faciənin dil və üslub xüsusiyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əsaslandırır. |
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini müsahibə və ya bir neçə təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə aydınlaşdırmaq, real vəziyyəti müəyyənləşdirmək olar. Hər iki halda pərdələrin məzmununun hansı səviyyədə qavranıldığı, tanış olmayan sözlərin mənasının, məcazların necə müəyyənləşdirildiyi diqqət mərkəzində saxlanılır.
Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiya suallardan istifadə ilə yaradıla bilər. Şagirdlərə həyatda kimə iblis, şeytan deyildiyini müəyyənləşdirməyi təklif edən müəllim yığcam müsahibənin sonunda tədqiqat sualını formalaşdırır.
Tədqiqat sualı: İblis haqqında əsər yazması dramaturqa hansı niyyətini ifadə etməyə imkan yaratmışdır?
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir.
Dərslikdəki suallar (1.Əsər hansı mövzuda yazılmışdır? Faciədə hansı mənəvi problemlər əks etdirilmişdir? 2. Əsərdəki obrazların xarakter vəəməlləri onları necə səciyyələndirir? 3. Əsərdə qaldırılmış problemlər və konflikt üçün özəl olan cəhətlər hansılardır? Əsərin başlıca ideyası nədir? 4 . Əsər hansı bədii cəhətləri ilə diqqəti daha çox cəlb edir?) və onların araşdırılmasına istiqamət verən cavabların oxusu ilə tədqiqata başlanılır. Həcmi böyük olmayan mətnin fərdi və ya cütlük şəklində oxusunu təşkil etmək məqsədəuyğundur. Faciədən oxunmuş pərdələrin məzmunu üzrə qazanılmış biliklər əsərin mövzusu, ideyası barədə fikir yürütməyə imkan verir.
Kiçik qruplar oxuduqları mətn və aşağıdakı tapşırıqlarla bağlı fikir mübadiləsi aparır, təqdimata hazırlaşırlar:
1. Mətndən müzakirə üçün sitatlar seçin, suallar hazırlayın.
2. Sinkveyn metodundan istifadə edərək beş sətirdə “Müharibə” mövzusu ilə bağlı fikirlərinizi yazın.
“Müharibə” mövzusu ilə bağlı fikirlərinizi aşağıdakı qaydaya uyğun yazın:
I sətirdə mövzu ilə bağlı başlıca fikri ifadə edən bir əsas söz yazın___________
II sətirdə mövzu üzrə 2 sifət (əlamət, xüsusiyyət) yazın____________
III sətirdə mövzu ilə bağlı üç feil yazın_______________________________
IV sətirdə müəllifin mövzuya münasibətini əks etdirən dörd söz yazın _______________
V sətirdə mövzunun mahiyyətini yığcam ifadə edən bir söz yazın. _______________
Dəftərinizdə Arif və İblis obrazlarını xarakterlər xəritəsi vasitəsilə səciyyələndirin.
Cədvəl 4
Əsərdəki bədii təsvir və ifadə vasitələrinin rolunu izah edin.
Bədii təsvir və ifadə vasitəsinin işləndiyi cümlə | Fikrin təsir gücünün artmasında onun rolu |
| |
5. Digər bir janrla (məsələn, komediya və ya dramla) müqayisə etməklə əsərin faciə olduğunu əsaslandırın. İşləyərkən aşağıdakı cədvəldən istifadə edin.
Hansı cəhətlərinə görə müqayisə edilir | Faciə (nümunə göstərməklə izah edin) | Komediya (nümunə göstərməklə izah edin) |
| | |
6. Tədqiqatçıların əsərlə bağlı fikirlərini müzakirə edin, münasibətinizi əsaslandırın.
a)İblis xəyalın məhsuludur. İnsan İblisi bəlkə elə ona görə yaratmışdır ki, törətdiyi qəbahətlərin, cinayətlərin müqabilində özünə bəraət qazandıra bilsin. (Məsud Əlioğlu)
b)Cavid insan naqisliyini elə başlanğıcdan insanın nəfsə qul olmasında axtarır. İblis də insanın bu naqisliyinsən istifadə edir. (Qara Namazov)
7. Əsərdəki başlıca fikri - ideyanı müəyyənləşdirin. Fikrinizi əsaslandırmaq üçün əsərdən nümunələr göstərməklə dəftərinizə çəkdiyiniz cədvəli doldurun.
Əsərin ideyasını daha qabarıq əks etdirən misralar | Nə üçün belə düşünürsünüz? |
... | ... |
Şagirdlər kiçik qruplarda fikir mübadiləsi aparır, öyrəndiklərini dəqiqləşdirirlər. Tədqiqata ayrılmış vaxt ditdikdən sonra təqdimatlar əsasında məlumat mübadiləsi və müzakirə aparılır. Müəllim təqdimatların fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına nail olur.
Təqdimatların müzakirəsi zamanı qeyd edilir ki, dünya ədəbiyyatında müxtəlif iblis obrazları yaradılsa da, H.Cavidin bu faciədə yaratdığı obraz XX əsrin qüvvətli İblisidir. Bu İblis dünyaya o vaxtadək görünməmiş müharibələr, kütləvi qırğınlar gətirən, zülm üzərində qurulmuş hakimiyyətin, nəfsin, mənfi ehtirasların quluna çevrilmiş şər xislətli insanın rəmzidir.
Ədib rəmzi İblis obrazından istifadə edərək dünyada ən böyük şər olan,bəşəriyyəti fəlakətlərə sürükləyən ədalətsiz müharibələr, Arif kimi insanların nəfsin quluna çevrilməsi, mühitin, qızılın, şərabın, silahın təsiri ilə törətdiyi faciələr barədə öz düşüncələrini, qənaətlərini ifadə etmək üçün bu mövzuya müraciət etmişdir. Əsərin cəbhədəki dəhşətli partlayışları, yanğınları, atəş səslərini, ölüm meydanından baş götürüb qaçan günahsız insanlar, bu səhnələri görüb dəhşətə gələn Mələyin fəryadları, qəhqəhə çəkən İblisin sevincini əks etdirən ekspozisiyası şərə etrazın güclü bədii ifadəsi ilə diqqəti cəlb edir. Əsərdəki konflikt də bu qarşılaşmadan doğur: Arifin təbiətində, taleyində özünü biruzə verən bu qarşılaşmada kim qalib gələcək: Mələk yoxsa İblis? Humanizm, məhəbbət, mədəniyyət, yoxsa nəfs, mənfi ehtiraslar? Faciənin zəngin ideya-məzmunu müxtəlif yozumlara yol açır.
Yer üzündəki vəhşiliyi, zülmü görən Arif sarsıntı içindədir. O, Allaha yalvarır ki, onu göylərə qaldırsın, xilas etsin. Lakin insanların səadəti haqqında düşünən, Allahdan kömək diləyən Arif sevdiyi Xavəri, illərlə həsrətini çəkdiyi qardaşı Vasifi şərab, altun, silahın təsiri ilə öldürən qatilə çevrilir.
Əsərin sonunda İblisin monoloqunda dedikləri faciənin ideyasının müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Müzakirə zamanı qeyd edilir ki, İblis rəmzi, simvolik surətdir. Təsadüfi deyil ki, müəllif əsərdə bu obraza canlı varlıq kimi yanaşmır, “İblis kimdir yox, nədir?” deyir:
- İblis nədir?
- Cümlə xəyanətlərə bais.
- Ya hər kəsə xain olan insan nədir?
- İblis.
Şagirdlərdə belə qənaət yaradılır ki, baş verən faciələrdə, ədalətsiz müharibələrdə, insanların törətdikləri saysız-hesabsız cinayətlərdə mifik obraz olan İblis deyil, nəfsə uyan, iblislik edən insanların özü günahkardır.
Nəticə və ümumiləşdirmə mərhələsində qazanılmış bilik və bacarıqlar əsasında tədqiqat sualı üzrə araşdırma və müzakirələr yekunlaşdırılır. Müzakirədə belə bir nəticə çıxarılır ki, müəllifin niyyəti bəşəriyyətə faciələr gətirən müharibə quzğunlarını ifşa etməklə yanaşı, bəd əməllərin, xəyanətlərin, rəzalətlərin, ədalətsizliklərin mənbəyinin insanların şərə uymasında, altun və rəyasət düşkünlüyündə, öz ehtiraslarının quluna çevrilməsində olduğunu açıb göstərməkdir. Əsər müharibə əleyhinə yazılsa da, hərbin dəhşətlərinə, insanlara gətirdiyi faciələrə münasibət bildirilsə də, sənətkarın fikrincə, müharibə səbəb deyil, nəticədir. Yaşanan faciələrdə günahkar mifik, ənənəvi-rəmzi surət olan İblis deyil, əsl iblis insanın içindəki şər xislətdir, boğa bilmədiyi mənfur ehtiraslardır. İnsanlığın, xeyirxahlığın, mədəniyyətin düşməni olan bu şər qüvvə ayaq basdığı hər yerə ölüm, fəlakət gətirir, işıqlı arzuları, saf niyyətləri puç edir. Çıxış yolu hər bir insanın daxilən, mənən saflaşmağa can atması, şəri təmsil edən qüvvələrə qarşı mübarizədə birləşməsindədir. Bəşəriyyət yalnız həqiqət,ədalət, mənəvi gözəllik, humanizm, mədəniyyətə tapınmaqla şərin kökünü kəsə bilər.
Müəllif bu qüsurları acı təəssüf hissi ilə göstərməklə onların insana yabançı, dağıdıcı mahiyyətini açmaq, oxucunu, tamaşaçını ayıltmaq, düşündürmək istəmişdir. Sənətkarın fikrincə, xeyirxahlığın da, şərin də mənbəyini göylərdə deyil, cəmiyyətdə, insanların daxilində, mənəviyyatında axtarmaq lazımdır. İnsanlığın səadəti, çıxış yolu xeyirxahlıqda, məhəbbət və mədəniyyətdə, öz içindəki mənfi ehtirasları, nəfsi boğmaqda, sərvət, rəyasət hərisliyindən uzaqlaşmaqdadır.
Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə həyata keçirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.
Qiymətləndirmə meyarları:
Səciyyələndirmə, müqayisəetmə
Münasibətbildirmə, qiymətləndirmə
I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
Faciədəki obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndiriməkdə çətinlik çəkir. | Faciədəki obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə qismən əlaqəli səciyyələndirir. | Faciədəki obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əsasən əlaqəli səciyyələndirir. | Faciədəki obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir. |
Faciənin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirməkdə və qiymətləndirməkdə çətinlik çəkir. | Faciənin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə qismən münasibət bildirir və qiymətləndirir. | Faciənin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə əsasən münasibət bildirir və qiymətləndirir. | Faciənin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir. |
Faciədə dil və üslub xüsusiyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əsaslandırmaqda çətinlik çəkir. | Faciədə dil və üslub xüsusiyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla qismən əsaslandırır. | Faciədə dil və üslub xüsusiyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əksər hallarda əsaslandırır. | Faciədə dil və üslub xüsusiyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla dolğun şəkilıdə əsaslandırır. |