СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Анализ системы образов произведения

Нажмите, чтобы узнать подробности

В статье исследуется пути пообразного анализа художественных произведений на примере изучения программных материалов 11  классов

Просмотр содержимого документа
«Анализ системы образов произведения»

7


KURİKULUM ÜZRƏ ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ ƏSƏRİN OBRAZLAR ÜZRƏ TƏHLİLİ İMKANLARI


BİLAL HƏSƏNLİ

AMİ-nin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi


Açar sözlər: standart, ədəbiyyat dərsləri, şagird, obraz, qəhrəman, təhlil, nitq, xarakter, portret, müqayisə, davranış, yazıçı

Ключевые слова: стандарт, уроки литературы,ученик, образ, герой, анализ, речь, характер, портрет, сравнение, поведение, писатель

Key words: standard, literature lessons, the pupil, image, hero, analysis, speech, character, portrait, comparison, behavior, writer


Bədii əsərin ideya-bədii xüsusiyyətlərinin aşkara çıxarılmasında obrazlar üzrə təhlil mühüm rol oynayır. Ədəbiyyat fənn kurikulumunda V-X siniflərdə bədii əsərlərin obrazlar üzrə təhlili imkanları müvafiq standartlarda (1.2.2.) öz əksini tapmışdır:

V sinif: Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir.

VI sinif: Bədii nümunələrdəki qəhrəmanları davranış və əməllərinə görə səciyyələndirir.

VII sinif: Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.

VIII sinif: Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səviyyələndirir.

IX sinif: Digər obrazların və müəllifin mühkimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları sciyyələndirir.

X sinif: Davranış və əməllərinə, başqaları ilə qarşılıqlı münasibətinə, yazıçının mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları təhlil edir.

XI sinif: Obrazları xarakter və əməlləri, yaşadıqları dövrdə sosial-siyasi şəraiti v\ə əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.

Bu siniflər üzrə təlim nəticələrində də şagirdlərdə obrazları təhlil etmək bacarığının formalaşdırılması diqqət mərkəzində saxlanılmışdır.

Həyatı obrazlı şəkildə əks etdirən bədii ədəbiyyatın mərkə­zin­də insan, onun həyatı, taleyi durur. Bədii ədəbiyyat həyat hə­qi­qət­ləri ilə sıx bağlıdır. Yazıçı bədii əsərdə canlı insan surətləri yaradır, real həyatın həqiqi və səciyyəvi mənzərələrini əks etdirir.

Əsərdə sənətkarın hadisələrə, qəhrəmana münasibəti öz ifadə­sini tapır. Belə ki, burada hadisənin, qəhrəmanın hərəkətləri­nin, tale­yinin yazıçıda doğurduğu düşüncələr, həyəcan, hiss və duyğular, sevinc, kədər, heyrət və s. əks olunur. Sənətkar insanı öz ictimai ideallarına uyğun şəkildə təsvir edir.

Yazıçının bədii əsərdə həyatı, insanları yalnız olduqları kimi deyil, ola biləcəkləri kimi, özünün arzu etdiyi, görmək istədiyi kimi də göstərməyə haqqı vardır. Sənətkar əsərdə «həyat həqiqəti necə­dir» sualından başqa, «Həyat həqiqəti necə olmalıdır» sualına da cavab verir. Bu mənada həyat həqiqətləri bədii əsərdə müəyyən qədər dəyişdirilmiş, təshih edilmiş şəkildə işıqlandırılır.

Bədii əsərdə sənətkar müəyyən qrup insanlara xas olan xüsusiy­yətləri, onların davranışını, əxlaqını, adətlərini bir fərdin simasında ümumiləşdirilmiş şəkildə əks etdirir.

Bununla yanaşı, sənətkar bədii əsərdə həyata, real həyat motiv­lərinə, əsaslanır, varlığın və insanların cizgilərini, fərdi xü­susiy­yət­lərini qoruyub saxlayır. Yazıçı bədii obrazı söz vasitəsilə yaradaraq həyatın, varlığın, insanın daxili aləmini, yaşadığı mühitin bir çox sahələrini əhatə etmək imkanı əldə edir

Əgər yazıçı hər hansı bir insanı birbaşa, həyatda olduğu kimi əsərə gətirsə idi, o zaman yalnız bir fərdi əks etdirən, səciyyəvi olmayan, maraqsız əsər alınardı. Odur ki, sənətkar bu yolla get­mir, bir insanın əsas, səciyyəvi cəhətlərini götürür, lakin onu mü­şahidə etdiyi xeyli insanın səciyyəvi cəhətləri ilə tamamlayır. Əsər­də müəyyən bir tipik qəhrəmanın obrazını yaratmaq üçün ona oxşar xeyli insan üzərində müşahidələr aparmaq, onları öyrənmək, ümu­miləş­dirmək lazım gəlir. Belə bir ümumiləşdirmə əsl sənətkar üçün zəruri şərtdir. Sənətkar öz dünyagörüşündən, həyat təcrübə­sindən çıxış edərək əsərdə baxışlarını, ideyalarını da ümumiləş­dirir.

Ədəbi qəhrəman əsərin ideya-məzmununun, müəllif niyyətinin başa düşülməsində mühüm bədii vasitədir. Əsərdə qəhrəmanların hərəkətləri, taleyi şagird-oxucunu daha çox cəlb edir. Sənətkar ədəbi qəhrəman vasitəsilə öz mənəvi baxışlarını əks etdirir və bu yol­la oxucunun mənəvi dəyərlər sisteminin formalaşmasına təsir gös­tərir.

Ayrı-ayrı siniflərdə şagirdlərin hazırlıq səviyyəsindən asılı ola­raq ədəbi qəhrəmanın təhlili müxtəlif yollarla aparılır. Təhlil zamanı nə­zərə alınmalıdır ki, V-VI siniflərdə şagirdlərdə ədəbiyyata sadə­lövh realist münasibət davam edir. Onlar hələ əsərdə bədii şərtiliyin mahiyyətini dərk etmir, qəh­rə­manlara həyatda mövcud olan real, canlı insanlar kimi yanaşırlar. Ədəbi qəhrəmanın hərəkətlərini qiy­mətləndirərkən şagird öz şəxsi həyat təcrübəsindən çıxış edir. Müəllimin sualları ilkin oxucu təəssüratını pozmamalı, əsərdə qəh­rəmanın hərəkətlərinin səbəb­lə­ri­ni aydınlaşdırmağa, müəllif möv­qeyini, öz münasibətini müəyyən­ləş­dirməyə kömək etməlidir.

Şagirdlərin ədəbi qəhrəman haqqında söylədikləri mü­la­hi­zə­ləri, hökmləri əsaslandırması zəruridir. Şagird əsərin qəh­rə­manı ba­rədə fikir söylərkən, ona yalnız canlı insan kimi deyil, həm də müəy­yən ideyanın daşıyıcısı, müəllifin dünyagörüşünün ifadəçisi ki­mi yanaş­malıdır. Böyük sənətkarın əsərində diqqətin çox zaman bu və ya digər qəhrəman üzərində cəmləşdirilməsi təsadüfi olmur, müəllif niyyətinin açılmasına xidmət edir.

Şagirdlərə bədii obraz anlayışını mənimsətmək üçün aşağıdakı məsələlərə diqqət yetirilir:

  • qəhrəmanın mənşəyi, məişəti və tərbiyəsi

  • obrazın bədii porterti

  • xasiyyətindəki başlıca cəhətlər

  • digər personajlarla qarşılıqlı münasibəti, müqayisəsi

  • qəhrəmanın nitqi

  • qəhrəmanın mənəvi-əxlaqi dəyərlərə münasibəti, həyat mövqeyi

  • müəllifin qəhrəmana münasibəti

  • şagirdin özünün qəhrəmana münasibəti

Əsərdəki insan obrazları müsbət, mənfi, ziddiyyətli, əsas və epizodik olur. Müsbət obraz dedikdə, müəyyən tarixi şəraitdə ya­zıçının ictimai mövqeyinin, estetik idealının ifadəçisi olan, nəcib, xeyirxah əməlləri, hərəkət və davranışı, danışığı, rəftarı, mənəvi si­ma­sı ilə oxucu rəgbəti qazanan qəhrəmanlar başa düşülür. Müsbət qəhrəman öz dövrünün qabaqcıl ideyalarının daşıyıcısı olur. Müsbət qəhrəman tarixi səciyyə daşıyır, hər bir cəmiyyət müəyyən inkişaf mərhələsində həyat şəraitindən, ictimai prosesin qarşıya qoyduğu vəzifələrdən asılı olaraq qəhrəmanı özünəməxsus şəkildə təsəvvür edir.

Ədəbiyyatşünaslıqda və məktəb təcrübəsində ideal qəhrəman anlayışından da istifadə olunur. Bu, xüsusən romantik sənətkarların yaradıcılığında, eləcə də sovet dönəmində yaradılmış kommunist obrazlarında özünü daha çox büruzə verir. Lakin nəzərə almaq la­zımdır ki, canlı insan həyatda müəyyən səhvlərə də yol verir, onda həmişə inkişaf gedir, ziddiyyətlərin mübarizəsi, nöqsan­la­rın aradan qaldırılması, kamilləşməyə, yüksək ideala canatma müşahidə olu­nur. Müasir oxucu belə real qəhrəmanların taleyindən, mübari­zəsin­dən daha çox ibrət alır.

Bu cəhətlər nəzərə alınaraq bədii əsərin qəhrəmanının daxili təkamülü, mənəvi mövqeyinin təhlilinə xüsusi diqqət yetirilməlidir. Məsələn, S.Vurgunun “Vaqif” dramında Vaqif obrazının təhlilinin aşağıdakı sxem üzrə aparılması məqsədəuyğundur:

  1. Vaqif xalq şairi və dövlət xadimi kimi

  2. Vaqif ailə başçısı kimi

  3. Vaqifin sadə insanlara münasibəti

  4. Vaqifin saraya, xana münasibəti

  5. Vaqifin Qacara münasibəti

  6. Vaqifin vətənpərvərliyi və s.

Vaqif surətinin təhlili zamanı onun xarakterində, dünyagö­rü­şün­də olan dəyişiklik nəzərdən qaçırılmamalıdır. Əsərin əvvəlində Vi­dadi ilə görüşü zamanı Vaqif öz əhvalı haqqında suala belə cavab verir:

Bu dünya doğrudan bir bilməcədir.

Qapıya qoymuram can möhnətini,

İçirəm dünyanın hər şərbətini…

Gündüzlər oxşayır məni saraylar,

Gecələr sirdaşım ulduzlar, aylar…

…Mənim də oylağım dağdır, dərədir,

Könlüm gözəlliyə bir pəncərədir.

Vidadi Vaqifi saraya uyub dostları, vətəni unutmaqda tənbeh edəndə Vaqifin heç də ilk baxışda göründüyü kimi, xoşbəxt həyat sürmədiyi, çətinlikləri, daxilindəki ziddiyyətlər üzə çıxır:

Mən orda olmasam, qan çıxar dizə,

Quşlar da ağlayar ellərimizə.

Xan məndən utanır, çəkinir bir az,

Mən getsəm qırğının hesabı olmaz.

O, bəzən hirslənib quduran zaman,

Mənəm zəncirini dartıb saxlayan.

Vaqifin toy mərasimində və sarayda İbrahim xanla mübahisəsi, ona cəsarətlə haqq sözünü deməsi, Xuramanın vəfasızlığından sar­sıl­ması, Qacarla qarşılaşma səhnəsində mərdanəliyi, həbsxanada ruh düşkünlüyü içində “Görmədim” müxəmməsini deməsi, Eldar­dan yardım istəməsi kimi epizodların təhlili şagirdlərdə bu obrazı dina­mik inkişafda, böhranlı anlarda, çətinliklərlə üzləşəndə, öz ideal­ları uğrunda mübarizədə görməyə və dərindən qavramağa im­kan verir.

Böyük sənətkarların əsərlərində mənfi obrazların da təsvirinə ciddi fikir verilir. Mənfi obrazların səciyyələndirilməsi zamanı sə­nət­karın bu obraza münasibəti, ifşa üsullarına diqqət yetirilməlidir. Mə­sələn, “Vaqif” dramında müəllif Qacarın xarakterini, qaniçən təbiətini, faciə­sini açmaq üçün onun öz dilindən aşağıdakı ifadələri işlədir:

Keçdi pəncəmizə gözəl Qarabağ,

Öpsün qılıncımı hər qaya, hər dağ.

Mən Qacar nəsliyəm, şahlar şahıyam,

Mən də yer üçünün bir Allahıyam.

Gərək biz qoymayaq daşı daş üstə,

Atın yığın-yığın leşi baş üstə.

Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandır!..

…Vətən! Çoxmu sevir məni o vətən,

Mənə həcv yazır hər yoldan ötən.

Dərsdə qəhrəmanın özü haqqında dediklərinin sitat gətirilməsi istər obrazın xarakter və əməlləri, istərsə də müəllifin ona mü­na­si­bə­ti barədə müzakirə açmağa imkan verir.

Müsbət obraz o vaxt oxucunun gözündə böyüyür ki, güclü düş­mənlə mübarizədə qalib gəlsin. Məsələn, “Vaqif” mənzum dra­mın­da Vaqif-Qacar qarşıdurması ona görə şagirdə təsir edir ki, hər iki ob­raz güclü xarakterə malikdir, öz mövqeyi, dünyagörüşü ilə seçilir:

Qacar

(Vaqifə)

Şair, hökmdarın hüzurundasan!

Vaqif

Bunu sizsiz belə düşünürəm mən.

Qacar

Bəs baş əymədiniz?

Vaqif

Əymədim, bəli!

Əyiməz vicdanın böyük heykəli…

Qacar

Qılınclar toqquşub iş görən zaman,

Neylər dediyiniz quru bir vicdan?

Vaqif

Vicdan dedikləri bir həqiqətdir-
Beşiyi, məzarı əbədiyyətdir.

Qacar

Bəs zindan necədir, qaranlıq zindan?

Vaqif

Soyuq məzara da zinətdir insan.

Bu nümunə dərsdə qüvvətli xarakterə, fərqli həyat mövqeyinə, dünyagörüşünə malik Vaqif və qaniçən Qacar obrazlarının müqa­yisəli təhlili üçün zəmin yaradır.

Sənətkar bədii əsərin məzmun və formasına uyğun olaraq, ob­razın yaradılması vasitəsi kimi qəhrəmanın bədii portretini təsvir edə bilər. Bədii portret vasitəsilə qəhrəmanın xarakterik cəhətləri, zahiri görünüşü əks etdirilir. Hazırda bədii portretdən qəhrəmanın psixoloji xarakteristikasını vermək üçün də istifadə olunur.

Qəhrəmanın bədii portreti dedikdə onun zahiri görkəminin, sifətinin, geyiminin təsviri nəzərdə tutulur. Bu zaman müəllif qar­şıya qoydugu niyyətə uygun olaraq müxtəlif üsullara əl atır: 1. Ob­ra­zın zahiri gözəlliyi ilə mənəvi zənginliyi vəhdət təşkil edir. Mə­sələn, C.Cabbarlının “Firuzə” hekayəsində Firuzə həm zahirən, həm də mənəviyyatca gözəldir. 2. Obrazın zahiri gözəlliyi ilə mə­nəvi aləmi ziddiyyət təşkil edir. Məsələn, M.Hüseynin “Alov” pyesində Əmin Bəxtiyarov zahirən gözəl olsa da, daxilən çirkin, ci­nayətkar təbiətlidir. Cəlal Qaşqay isə əksinə zahirən gözəl olma­masına bax­mayaraq, zəngin daxili aləmə malik, ləyaqətli insandır.

M.İbrahimov yazır: “Zahirən çirkin və ya gözəl qəhrəman seç­mək bəzi hallarda yazıçının şəxsi iradəsindən asılı deyildir. Məsələn, mən Rüstəm kişini müəyyən mənada naturadan götür­mü­şəm. Hə­yatda görmüşəm, həyatda gördüyüm və dönə-dönə söhbət et­di­yim, yaxşı tanıdıgım bir kolxoz sədri onun proobrazıdır. Hələ əsəri yaz­maga başlamamış, hələ bu barədə dumanlı şəkildə dü­şündüyüm an­larda bu adam öz heykəli ilə gəlib gözümün qabağında du­rurdu. Mən onun zahiri görkəmini necə dəyişəydim. Belə et­səy­dim, özümü çaşdırmazdımmı?”

Oxucu obrazı bədii portret vasitəsilə daha yaxşı qavrayır, onun haqqında dolgun təsəvvürə malik olur. C.Məm­məd­qu­luza­dənin “Danabaş kəndinin əhvalatları” povestində Xudayar bəyin bə­dii portreti diqqətli oxucuda onun siması, nəyə qadir olması, daxili aləmi barədə ilkin təsəvvür yaradır: “Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar, artıq olmaz, bəlkə əksik ola. Boyu ucadı, çox ucadı... Bəli, boyu ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, cox qaradı, gözləri də qaradı. Bir tikə ag yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papagını basır gözünün önünə, papaq qara, gözlər qara, üz qara. Papağın altından gözlər elə işarır ki, adamın canına vahimə oturur. Bunlar hamısı ötər. Xudayar bəyin bir böyük qüsuru var: burnu əyridi, amma pis əyridi. Əyri də var, əyri var. Mən çox gözəllər görmüşəm ki, burunları əyridi, amma Xudayar bəyin burnu pis əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşagısının əti xoruz pipiyi kimi düşüb sol yana, bilmirəm anadan olmadı, ya sonra olubdu. Amma çox pis burundu, vəssalam.”

Bədii əsərlərdə qəhrəmanın portreti haqqında bilikləri mənim­sətmək üçün müəllim ilk növbədə epik əsərlərdən istifadə etməlidir. Çünki epik əsərlərdə yazıçının bədii portret yaratmaq imkanları genişdir. Nizaminin “Xosrov və Şirin” poemasında Şirin obrazının, S.S.Axundovun “Qaraca qız”, C.Cabbarlının “Firuzə” hekayələrinin qəhrəmanlarının bədii portreti üzərində iş onların xarakterinin, hərə­kət­lərinin səciyyələndirilməsi üçün imkan yaradır. Lakin lirik, dramatik əsərlərin də qəhrəmanlarının bədii portret üzrə iş təşkil etmək müm­kün­dür. Məsələn, M.P.Vaqifin “Pəri” qoşmasının təhlili, demək olar ki, bütünlüklə lirik qəhrəmanın bədii portretinin təs­virinə əsas­lanmaqla aparılır. C.Məmmədquluzadə “Anamın ki­tabı” tragikomediyasında iştirakçılar haqqında məlumat verərkən onların bədii portretini təsvir edir.

Təbiət, mənzərə təsviri (peysaj), əşya təsviri qəhrəmanın düşdüyü vəziyyətin, ümumən əsərin ideya-bədii məzmununun dərk edilməsi baxımından çox əhə­miyyətlidir. Təbiətin (qışın, baharın və s.) təsviri təsadüfi səciyyə da­şımır, obrazın xarakterini, taleyini, müəllif niyyətinin başa düş­mə­yə kömək edir. Bədii əsərdə təbiət təsviri obrazın ovqatı, ke­çir­diyi hislərlə üst-üstə düşə bilər.

M.Füzulinin “Leyli və Məcnun” poemasının təhlili zamanı müəl­­lim şagirdlərin diqqətini Leylinin həyatının son anlarında xəzan gör­müş bağa gəlişinə cəlb edir. Bağın əvvəlki səfasından əsər-əlamət qalmayıb. Küləklər, aramsız yağışlar gül-çiçəyin büsa­tını talan edib. Dərd içində məhv olan Leylinin ovqatı ilə gülü-çiçəyi solmuş, əvvəlki rövnəği tar-mar olmuş bağın vəziyyəti bir-birini tamamlayır.

Lakin faciə ondadır ki, Leylidən fərqli olaraq bir gün xəzanın yerinə bağlara yenidən bahar gələcək. Leylinin isə artıq nə vüsal, nə də yaşamaq ümidi yoxdur.

A.Şaiqin “Məktub yetişmədi” hekayəsində qışın təsviri əsərin qəhrəmanı Qurbanın ailəsinin düşdüyi səfalət, onun faciəli ölümü ilə səsləşir: “Qışın dondurucu bir günü idi... Soyuq qılınc kimi kəsirdi. Göylər yaslı adamlar kimi qara çarşabla, daglar, çöllər də kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar gəzişirdi. Qalın paltolu, başları, ayaqları örtülü adamlar, bəzəkli və isti otaqlardan çıxıb piyada, ya faytonda rahat-rahat kü­çələrdən keçirdilər. Bu dondurma qış, bu yandırıcı şaxta onlar üçün əyləncədən başqa bir şey deyildi.”

Ş.İ.Xətayinin “Dəhnamə” poemasının qəhrəmanı sevgini mə­nasız sayan, aşiqləri əbləh adlandıran bir gəncdir. Lakin o, üzünü görmədiyi pəri qızına məhz həyatın canlandığı, insanda yaşamaq, yaratmaq arzusunun artdığı bahar fəslində aşiq olur:

Qış getdi, yenə bahar gəldi,

Gül bitdi və laləzar gəldi,

Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü.

M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”nda isə kədəri dünyaya sığmayan lirik qəhrəmanın keçirdiyi bədbin hislərlə insanda şadlıq, sevinc, nikbin duyğular doğuran bahar fəslinin təsviri təzad təşkil edir.

Belə səhnələrin müzakirəsi nəticəsində əsərin şagirdlərə emo­sio­nal təsiri artır, onlar ədibin sənətkarlığı barədə aydın təsəvvürə ma­lik olurlar.

Ədəbi qəhrəmanın düşüncələri, hiss və duyğuları dərsdə təhlil üçün zəngin material verir. M.İbrahimovun «Azad» heka­yəsində milli-azadlıq hərəkatına qoşulan, öz həyatının mənasını xal­qının gələcəyi naminə mübarizədə görən Azad və Fərdanın yad­daqalan obrazları yaradılmışdır. Azad boğucu İran mühitində, eh­tiyac və səfalət içində yaşamaq istəmir. O, böyük ümidlərlə yaşayır, düş­­dü­yü ağır vəziyyətlə barışmaq istəmir, Vətəninə xidmət etmək üçün yol­lar axtarır. Bu fikirlər, xəyallar içində yaşayan Azad daim dü­şü­nür, susur. Dinməzliyinə görə ona Sükuti deyirlər.

Vətən uğrunda döyüşlərdə ölümcül yaralanan Azad dostu Fər­daya üz tutaraq deyir: «Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən: Nə üçün yaşayırıq, həyatın mənası nədir?» - deyə soruşmuşdun. Onda mən sənə cavab verməmiş, sus­muş­dum. Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən dü­şü­nürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalış­maq­dadır... Amma o zaman mən danışa bilməmişdim... Çünki da­nış­­maqda bir məna yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım (o, azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm: bizim hamımızın səadəti, bax, bu alçaq dax­maların azadlığında, bu doğma yurdun, bu ana torpağın istiq­la­liy­yətindədir... Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma tor­paq sizə tapşırmışdır...» Bu epizodun təhlili zamanı şagirdlərdə Aza­­dın xarakteri, həyat mövqeyi, əqidəsi, mübarizə əzmi barədə dol­ğun təsəvvür yaradılır.

Qabaqcıl müəllimlərin iş təcrübəsi obrazların təhlili zamanı diskussiya, əqli hücum, Venn diaqramı, şaxələndirmə, müqayisə cədvəli, debat, söz assosiasiyası metodlarından istifadənin daha məqsədəuyğun olduğunu göstərir. Ədəbiyyat müəllimi obrazların təhlili üzrə metodik tövsiyələrə yaradıcı yanaşmalı, sual və tapşırıqların seçimi zamanı dərs dediyi sinfin şagirdlərinin hazırlıq səviyyəsini nəzərə almalıdır.



ƏDƏBİYYAT


  1. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərbaycan müəllimi qəzeti.25 okt 2013. N 41 (8558).

  2. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.

  3. Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakı nəşriyyatı, 2014.

  4. Hüseynoğlu S., Həsənli B.A., Mustafayeva A., Məmmədova S. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı: Bakı nəşriyyatı, 2014.

  5. Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. 5-ci sinif. Müəllim üçün metodik vəsait.Bakı: Bakı nəşriyyatı, 2014.

  6. Həsənli B., Hüseynoğlu S., Mustafayeva A., Məmmədova S. Ədəbiyyat. 7-ci sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakı nəşriyyatı, 2014.

  7. Ümumi təhsilin fənn standartları. (I-XI siniflər) Bakı: Mütərcim, 2012.



Б.А.Гасанлы

Резюме


Возможности анализа героев художественных произведения на уроках литературы по курикулуму


В статье определены возможности анализа героев художественных произведения на уроках литературы проводимых по курикулуму. Отмечается, пути анализа героев литературных произведений, их роль в раскрытии идейно-художественных особенностей изучаемых текстов.

B.A.Hassanli

Resume


Opportunities analysis of heroes of works of art in literature classes conducted by of curriculum

In the article the possibility of analyzing the characters of artistic works in literature lessons conducted by of curriculum. There, ways of analyzing the characters of literature, their role in the disclosure of the ideological and artistic features of the studied texts.

© 2019, 465 5