Ədəbiyyat tədrisi metodikası kursu yeni dönəmdə
Ona görə də biz öncə təlim nəticələrindən və məzmun standartlarından yola çıxmağı daha məqsədəuyğun hesab etdik. Bunun üçün də xeyli müddət Azərbaycan Müəllimlər İnstitutunda bir dərslik kimi istifadə olunan vəsaitdəki məlumata münasibət bildirməklə işə başlamaq qərarına gəldik.
ƏTM-in məzmunu necə olmalıdır, nələr bu fənnin tərkibinə daxil ola bilər, o necə öyrədilməli və tələbə nailiyyətləri necə qiymətləndirilməlidir kimi məsələlərə biz də müəyyən qədər aydınlıq gətirmək istərdik. Əslinə qalanda həmişə nəyi öyrətmək, necə öyrətmək və necə qiymətləndirmək məsələsi həmişə aktual olmuşdur. Bu yeni bir məsələ deyildir. Bu məzmun problemin ən vacib tərəflərindən biri kimi daim müzakirə, mübahisə predmetinə çevrilmişdir.
Problemin ikinci bir tərəfi isə bu fənnin məzmununun formalaşmasında digər rəsmi sənədlərin tələblərinin nəzərə alınmasıdır. Həmin sənədlər içərisində biz "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu"nu, Avropa təhsil məkanına inteqrasiyadan daha çox söz açdığımız üçün Avropa Şurasının vacib hesab etdiyi kompetensiyaları, beynəlxalq təcrübəni və metodik irsi diqqətdə saxlamalıyıq. Bunlarsız ədəbiyyat tədrisinin yeni məzmunundan danışmaq qətiyyən mümkün ola bilməz.
Əvvəlcə "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları)" sənədinin məzmununa nəzər salaq. Metodika bu məzmuna fikir verməzsə, onun öyrədilməsi yollarını diqqətdə saxlamasa, onda hansı məsələlərin tədrisi yollarına aydınlıq gətirə bilər? Deməli, buradakı məzmun mütləq nəzərə alınmalıdır. Həmin məzmun bizə daha yaxşı aydın olsun deyə, həmin təlim nəticələrində əks olunan məzmunu aşağıda təqdim edirik. Məhz o məzmundan çıxış edilməklə metodikanın məzmunun yeniləyə bilərik. Ümumi orta təhsil səviyyəsi üzrə məzmun standartlarında şagirdlərin nələri bilməsi və bacarması barədə aşağıdakı rəsmi tələblər irəli sürülmüşdür:
ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;
yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqli ifadə edir, ümumiləşdirmələr aparır;
ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;
müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;
şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;
ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;
ədəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, ədalətlilik, əsaslandırma və ümumi rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirir.
Əvvəla, onu qeyd edək ki, son dövrdə çap olunan vəsait kimi Bilal Həsənlinin dərsliyində müəllifin qeyd elədiyi məzmun(estetik dəyərlər məsələsi) burada aktual deyil və onun qeyd etdiyi məqsədi biz bu rəsmi sənədin məzmununda görə bilmirik. Təlim nəticəsində əksini tapan "estetik dəyərlər" ifadəsi digər fənlər üzrə məzmun standartlarında da, nə də ədəbiyyatın məzmun standartında da qeyd olunmamışdır. Estetik dəyərlər, fənyönümlülük məsələləri, bu, dünən üçün məqbul sayılan bilən keyfiyyətlər idi. Bu günün qarşıya qoyduğu vəzifələr tamamilə başqadır. Həmin tələbələrdən çıxış ediləndə əldə olunan bir çox nailiyyətlərin, görülmüş olan bir çox işlərin bu gün üçün daha gərəkli və aktual olmadığının şahidi oluruq. Bu günün ehtiyaclar tamamilə başqa şeylərdir. Xüsusən də müəllim hazırlığı işinin ehtiyacları fənyönümlülüklə ölçülə bilinməz.
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, fənnin məzmunu hissəsinin formalaşdırılmasında ilk çıxış nöqtəsi kimi rəsmi sənədlərin tələbi əsas olmalıdır. Bu yaradılacaq yeni məzmun rəsmi sənədlərin tələbini və həyati ehtiyacları adlayıb, onun üstündən keçə bilməz. Belə bir iş qətiyyən mümkün də ola bilməz.
Birinci abzasdakı məzmuna fikir versək(ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir) görürük ki, əvvəla, şagirdlər mətnin məzmunu dərk etməli və yalnız bundan sonra onu ifadəli şəkildə oxumağı bacarmalıdır. Sözü gedən tapşırıqda məzmunun bilinməsi, həmin məzmuna uyğun gələn ifadəli oxu tərzinin seçilməsi əsas hədəfdir. Şagird bu işi icra etməlidir. Onun ifadəli oxusu mətnin məzmunun mənimsənilməsi, anlaşılması səviyyəsini göstərən indikatordur. İkinci bir bacarıq mətndəki sözlərin müşahidə olunması ilə bağlıdır. Şagirdlər əməkdaşlıq şəraitində işləmək şərti ilə mətnin məzmununu qüvvətləndirən, onu bədii və emosional cəhətdən daha təsirli edən söz və ifadələri müşahidə etməli, müəyyənləşdirməli, təqdimat zamanı onları şərh etməyi bacarmalıdır. Deməli, ən azından müəllim bu işin yerinə yetirilməsi mexanizmini bilməli, şagirdlərə bunun üçün müvafiq tapşırıqlar verməyi bacarmalıdır.
Deməli, bu günün gənc müəlliminə verilən bacarıqlardan biri kimi bu olmalıdır ki, məzmun standartlarında əksini tapan məsələlər barəsində onun özü mükəmməl biliyə sahib olsun, şagirdlərinə belə bacarıqları necə aşılamaq işinə bələd olsun, bu məzmunda şagirdlərə qrup tapşırıqları veriləndə onların tədqiqat işlərinə nə cür dəstək verə biləcəyini bilsin, nəticədə də standartlarda nəzərdə tutulan iş şagird tərəfindən müstəqil şəkildə, uğurla icra olunmuş olsun. Ədəbiyyat tədrisinin yeni məzmunundan danışılanda bu amili nəzərə almamaq olmaz. Ona görə də öncə məzmun standartlarının nə istədiyinə fikir verilməlidir. Sonra isə o istəkdən çıxış edərək fənnin məzmununa nələri əlavə etmək barədə düşünülməlidir. Məsələyə bu nöqtədən yanaşsaq, məzmun standartlarındakı bilik və bacarıqları aşağıdakı kimi ümumiləşdirə bilərik:
ünsiyyətə dair bilik və bacarıq(şifahi və ya yazılı):
Məzmun standartının bir neçəsinin məzmunu gəlib bu başlıq altında qruplaşdırıla bilər. Məsələn, yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirmək, yazı zamanı orfoqrafiyanın tələblərini bilmək, şifahi nitqində orfoepiya qaydalarına əməl etmək, söz ehtiyatından səmərəli istifadə etmək, fikirlərini ardıcıl və məntiqli ifadə etmək, ümumiləşdirmələr aparmaq;
ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh etmək;
müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləmək, onlarda ifadə olunmuş əsas ideyanı şərh etmək, mətni məzmununa uyğun hissələrə ayırmaq və müvafiq plan tərtib etmək;
janrların özünəməxsus xüsusiyyətlərini şərh etmək
ədəbiyyatşünaslığa dair bilik və bacarıqlar (ünsiyyətlə birgə):
şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah etmək, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırmaq;
bədii təsvir və ifadə vasitələrini müəyyən etmək, onların rolunu izah etmək
ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil etmək, öz şəxsi münasibətini, mülahizələrini bildirmək;
şəxsi keyfiyyətlərin və düşüncənin inkişafı üzrə bacarıqlar(ünsiyyətlə birgə):
ədəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, ədalətlilik, əsaslandırma və ümumi rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirmək,
öz fikirlərini əsaslandırmaq, mövqeyini müdafiə etmək.
Məzmun standartlarında əksini tapan bir sıra bacarıqlar həm də şəxsiyyətyönümlülüyə, həyati bacarıqların formalaşdırılmasına xidmət göstərir. Onlar dərslərdə işlədikcə paralel olaraq da şagirdlərin fəal və stabil həyat mövqeyi qazanmalarına imkan yaradır. Metodika bunları unuda bilməz və peşə hazırlığı işlərində bunlar mütləq nəzərə alınmalıdır.
Başqa bir rəsmi sənəddən -"Təhsil haqqında Azərbaycan Respublikası Qanunu"nda əksini tapmış müvafiq müddəalardan irəli gələn vəzifə necə ola bilər. Bunun üçün həmin sənəddə əksini tapmış orta ümumtəhsil məktəbinin qarşısında duran vəzifələr yada düşür. Bu vəzifələrə bələd olmadan metodikanın məzmununun nədən ibarət olmasına bir aydınlıq gətirilə bilməz. Ona görə də, əvvəlcə, təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərə nəzər salmaq lazım gəlir. Onlar aşağıdakılardır:
təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq(11.1.1.);
öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq(11.1.2.);
təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı оlmasını təmin etmək(11.1.3.);
yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq(11.1.4.);
cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq(11.1.5.);
təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psiхоlоji zоrakılığa yol verməmək(11.1.6.).
Əgər dönüb bu müddəalara nəzər salsaq, görəcəyik ki, təhsilin məzmunu və təşkilinə dair irəli sürülən bu tələbələr biz metodistləri də düşünməyə vadar edir. Düşünməli oluruq ki, tədris edəcəyimiz fənnin məzmununda həmin tələblərin ödənilməsi də mütləqdir və bunun reallaşdırılması üzərində ciddi şəkildə fikirləşmək gərəkdir. Metodika bu tələbləri gözdən keçirməli və tədris prosesində şagirdlərə təkcə fənyönümlü bilik və bacarıqlar deyil, həm də ədəbiyyat materiallarının hesabına həyati bacarıqlar verməlidir. Göründüyü kimi, bu məsələlər də metodikanın məzmununun formalaşmasına müəyyən təsir göstərə bilər.
Sənədin sonrakı bölmələrində şagirdlərə nə kimi bilik və bacarıqların verilməsi məsələsində başqa bir tələblə də rastlaşırıq. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu"nun 19.1. maddəsində oxuyuruq: " Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir(qeyd: seçmələrin hamısı mənə məxsusdur – F.Y.). Əgər buradakı məzmuna da fikir versək, elmlərin ümumi əsasları, zəruri bilik, bacarıq və vərdişlərin aşılanması, onların (şagirdlərin) həyata və əmək fəaliyyətinə hazırlanması əsas məsələlərdən bir kimi önə çəkildiyini görürük.
Ədəbiyyat fənnindən danışsaq, sözü ona tərəf gətirsək, burada ədəbiyyatşünaslığa dair zəruri biliklərin, bacarıqların verilməsi vacib bir şərt kimi qəbul olunmalıdır. Amma sonuncu iki məsələ - həyata və əmək fəaliyyətinə hazırlamaq ən əsas hədəflərdən biri kimi qarşıda durmalıdır. Çünki şəxsiyyətyönümlülük, həyati bacarıqların aşılanması bu əsrin ən ümdə tələblərindən biri kimi qəbul olunmalıdır.
Metodikanın məzmunun müəyyən olunmasında, aktuallığının təmin olmasında maddə həmin qanunun 19.11.1.- in də tələblərinin gözlənilməsi vacibdir. Həmin maddədə oxuyuruq:
"Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına (kurikulumuna) daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir." http://edu.gov.az/az/page/72/302
Qanunun 19.2. maddəsi də yuxarıda qeyd etdiyimiz fikirlərə bir qədər də aydınlıq gətirir: " Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
Buradakı məzmunlar - təlim prosesində intellektual inkişafı, zəruri bilikləri, sağlam həyat tərzi, sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşdırılması, milli və mənəvi dəyərlərə hörmət hissinin aşılanması, hüquq və vəzifələrin müəyyən olunması kimi məsələlər fənnin spesifikası uyğun olaraq ədəbiyyatın məzmununa və eləcə də ədəbiyyatın tədrisi metodikası fənnin məzmununa gətirilməlidir. Şagirdlərdə yuxarıkı keyfiyyətlərin formalaşdırılması işində proqram və dərsliklərə daxil edilən proqram materiallarının mühüm əhəmiyyət kəsb edir. Onlar qoyulan tələblərə cavab vermək ruhunda seçilməlidir. Təbiidir ki, metodika da həmin materiallardan çıxış etməklə şagirdlərə nə kimi bilik nə bacarıqların verilməsini- sənədlərin ruhundan irəli gəlmək şərti ilə, ölçüb biçməli və bu yönümdə gələcəyin müəllimlərinə müvafiq bilik və bacarıqlar verməlidir.
Avropa təhsil məkanına inteqrasiyadan daha çox söz açdığımız indiki zamanda Avropa Şurasının vacib hesab etdiyi kompetensiyaları da xatırlamağımız yerinə düşür. Avropa Şurasının qəbul etdiyi bu sənəddə bugünkü insana həyatda lazım olacaq ən zəruri kompetensiyaları(səriştəni) ortaya qoyur. Buna əsas kompetensiyalar və ya açar kompetensiyalar da deyilir. Kompetensiya sözü rəsmi sənədlərdə səriştə sözü kimi qəbul edildiyindən biz də bu termini səriştə kimi işlədəcəyik. Gəlin Avropa Şurasının 2006-cı ildə qəbul etdiyi həmin səriştələrə yenidən nəzər salaq:
Ana dilində ünsiyyət səriştəsi (kompetensiyası)
Xarici dillərdə ünsiyyət səriştəsi (kompetensiyası)
Riyazi savad, elm və texnologiyada əsas səriştəsi (kompetensiyası)
Kompüter savadı səriştəsi (kompetensiyası)
Müstəqil öyrənmə səriştəsi (kompetensiya)
Sosial və vətəndaşlıq səriştəsi (kompetensiyası)
Yenilik və sahibkarlıq səriştəsi (kompetensiyası)
Məlumatlılıq və mədəni sahədə özünü ifadə etmək səriştəsi (kompetensiyası)
Burada səriştə anlayışının nəyi ifadə etməsinə də bir qədər aydınlıq gətirmək olar. Zülfiyyə Veysova həmin anlayışı bu cür açıqlayır:
1.Hər hansı bir fəaliyyəti həyata keçirmək üçün vacib olan və praktikada səmərəli tətbiq edilən biliklər + bacarıqlar + vərdişlər + dəyərlər + keyfiyyətlər =kompetensiyalar adlanır.
Biz də bu məzmunla tamamən razılaşırıq. İnternetdə bu məfhumun aşağıdakı açıqlamaları da vardır:
SƏRİŞTƏ: is. [fars.] Bir işə bələdlik, bir işi bacarma; təcrübə, bacarıq.
SƏRİŞTƏLİ sif. Səriştəsi, bacarığı, təcrübəsi olan, bir işə bələd olan. (Bax: Azərbaycan dilinin izahlı lüğəti, Şərq-Qərb, 2006, səh.92).
Zülfiyyə Veysova "Açar" kompetensiyalar anlayışına da bir aydınlıq gətirmək istəmişdir. Onu da belə şərh etmişdir ki, "açar kompetensiyalar" öz imkanlarının həyata keçirilməsini və inkişafını, fəal vətəndaşlığını, sosial fəallığını, əmək məşğuliyyətini təmin edən hər bir insana vacib olan kompetensiyalardır.
Zülfiyyə Veysovanın "Açar" kompetensiyanın məqsədləri nədən ibarətdir, onun qarşısına nə kimi tələblər qoyulur sualına verdiyi cavab da maraq doğurur. "Açar" kompetensiyaları elə səviyyədə inkişaf etməlidir ki, cavan nəslin müstəqil həyata hazır olmasını təmin etsin, gələcək təlim və əmək fəaliyyəti üçün bazanı yaratsın. Bu baza onlara müstəqil həyatda ömürboyu inkişaf etməyi və öz kompetensiyalarını təkmilləşdirməyi təmin edir.
Əsas kompetensiyalarla yanaşı metodik ədəbiyyatda "Metakompetensiyalar" (meta yunancadır, arasında, sonra, orta, çevrilmə mənalarını ifadə edir. Biz birinci anlamı – ara anlamını qəbul edirik) anlayışı da işlədilir. Bu kompetensiyalara aşağıdakı anlayışlar daxil edilir. Əgər bu günün insanında açar kompetensiyalarla yanaşı bu aralıq kompetensiyaların olmasa o fəal həyat mövqeyi tuta bilməz və günün tələblərindən tamamən geri qalmış olar. Bunlara daxildir?
tənqidi təfəkkür(insanın fakt və hadisələrə müstəqil yanaşma, dəyər vermə bacarığını nümayiş etdirir).
yaradıcı yanaşma(fakt və hadisələri bir ehkam kimi qəbul etməmək, ona yaradıcı yanaşmaq qabiliyyətinin olmasını ifadə edir)
təşəbbüskarlıq(insanın fəal həyat mövqeyi tutması bacarığını nəzərdə tutur),
problemlərin həlli(rastlaşılan problemləri səbrlə təhlil etmək və aradan qaldırmağın səmərəli yollarını müəyyən etmək bacarığını nəzərdə tutur),
riskin qiymətləndirilməsi(fəaliyyətin nəticələrinin necə olması üçün atılacaq addımların nə qədər səmərəli ola bilməsi üçün kəskin qərarların qəbul edilməsi və onun hesaba alınması bacarığı),
qərarların qəbul edilməsi(fakt və hadisələrlə bağlı düzgün qərarlar qəbul etmək bacarığını nəzərdə tutur)
hislərin konstruktiv idarə edilməsi(sosial fəaliyyət çərçivəsində hisslərin, emosiyaların işin xeyrinə doğru istiqamətləndirilməsi bacarığı).
Ədəbiyyat dərslərinin gedişində elə təlim mühiti yaradılmalıdır ki, hər bir dərsdə şagirdlər açar kompetensiyaların nəzərdə tutduğu(1,5,6,7,8) məsələlərə yiyələnsinlər, həmçinin müzakirələrdə, müstəqil fikir yürüdəndə, qərarlar qəbul edəndə, problemləri həll edəndə metakompetensiyaların nəzərdə tutduğu bacarıqlar iş prosesinə cəlb olunsun. Əgər insan bu kimi keyfiyyətləri özündə cəmləşdirməsə, onda o fəal həyat mövqeyi qazanmaqda olduqca çətinlik çəkəcəkdir. Deməli, bir həyat dərsliyi sayılan ədəbiyyatın tədrisi prosesində bu cür keyfiyyətlərin daim inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmalı, bu işi necə etmək yolları isə metodikanın məzmununa daxil edilməlidir. Müasir tələbələrə cavab verən insanın yetişdirilməsində söhbət gedəcəksə, bu proses zamanından asılı olmayaraq daim aktual olacaqsa, metodika bu işin aşılanması yollarını niyə də öz məzmununda əks etdirməsin?
Metodika fənninin məzmunun yeniləşməsində nəzərə alınacaq amillərdən biri də beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlıdır. Ədəbiyyatın tədrisi metodikası sahəsində biz Rusiya metodik fikri ilə yaxından tanış olmaq istədik. Bunun üçün internet səhiflərində bəzi mənbələri nəzərdən keçirdik. Onlardan
- Методика преподавания литературы в школе (курс лекций) http://superinf.ru/view_helpstud.php?id=309 ,
- Н.Н. Золототрубова "Методика преподавания литературы", Учебное пособие для вузов, Воронеж 2007,
http://window.edu.ru/catalog/pdf2txt/555/59555/29623
- Методика преподавания литературы (МПЛ), 18.11.2008 20:04,
http://filfucker.ru/shpargalki/metodika-prepodavaniya-literaturi-mpl
- Богданова О. Ю., Леонова С. А., Чертова В. Ф. Методика преподавания литературы, http://www.gumer.info/bibliotek_Buks/Literat/Bogd/
-Богданова О.Ю., Маранцман В.Г. (ред.) Методика преподавания литературы, Файл формата RAR размером 3,52 МБ содержит документ формата PDF, Добавлен пользователем Омела, дата добавления неизвестна Отредактирован 24.01.11 15:30, http://www.twirpx.com/file/364464/
və başqa metodika kitablarının adlarını çəkə bilərik. Həmin mənbələrin məzmunu ilə tanışlıq bizdə belə bir qənaət yaratdı ki, sovetlər dönəmində Z.Y . Rezin "Методика преподавание литературы"(1985) kitabında əkini tapan metodik mülahizələr son ilə qədər çap olunmuş bir çox dərsliklərdə eyni ilə saxlanılmışdır. Burada təqdim olunan başlıqlar, ədəbiyyatın öyrədilməsi ilə bağlı metodik mülahizələr, təlim üsulları, janr xüsusiyyətlərinə görə dərslərin təşkili və başqa mövzuların tədrisində ciddi bir dəyişiklər aparılmamışdır. Nəzər alsaq ki, Rusiyada təhsil sahəsində 2012-ci ilə "Rusiya Federasiyasında təhsil haqqında" federal qanun qəbul olunmuşdur, təhsilin məzmununda ciddi dəyişmələr aparılmalıdır, amma buna baxmayaraq metodik mənbələrdə əksini tapan məlumatlar hələ də sovet dönəmindəki məzmunu saxlamaqda davam edir.
Axtarışlar onu göstərir ki, təhsil sahəsində aparılan islahatlar bir çox fənlərin məzmununda dəyişmələr yaratdığı kimi onların tədrisi prosesinə yeni təlim texnologiyalarının gətirilməsini zəruri edir. Bu gün hamı birmənalı şəkildə etiraf edir ki, metodikaları yenilənməlidir. Bu fənnin müəllim hazırlığında rolunun nədən ibarət olması haqqında danışmaq təkrarçılığa aparıb çıxarardı. ədəbiyyat müəllimin yetişməsində önəmli rolu olan bu fəndən nələr gözlənilə bilər? Bu suala geniş, hərtərəfli cavab vermək bir qədər çətin olardı. Müşahidələrimiz, rəsmi sənədlərin məzmunu, pedaqoji-metodik mənbələrin öyrənilməsi, təhsil islahatının qarşıya qoyduğu vəzifələr bizdə ilkin olaraq belə bir qənaətləri yaratdı ki, ilk olaraq bu suala cavabın tapılmasına zəruri ehtiyac vardır: Bu gün ədəbiyyat müəllimi kimi hazırlanan tələbələrin ehtiyacları nədən ibarət ola bilər?
- Müəllim kimi hazırlanan gənc öncə metodikanın nəzəri məsələləri ilə tanış olmalıdır, özü də bu nəzəri məsələlər dövrün tələblərinə cavab verməlidir.
- Kurikulum islahatının məzmunu, mahiyyəti ona tamamilə yadın olmalıdır. Rəsmi sənədlərin tələblərini bilməli, onları necə reallaşdıracağını dair metodik dəstəyi almalıdır.
- müasir təlim texnologiyalarının mahiyyətini və tədrisə gətirilməsi yollarını bilmək və onu tətbiq etmək bacarıqlarına yiyələnməlidir. Metodika praktik bacarıqların verilməsinə daha çox diqqət ayırmalıdır.
- Ədəbiyyatın bir tədris fənni kimi hansı işləri yerinə yetirəcəyi barədə gənclərdə aydın təsəvvür yaradılmalıdır. Bu bəndlərin sayını artırmaq da olar. Amma biz düşünürük ki, ədəbiyyatın tədrisi metodikası ən azından struktur baxımından fənn kurikulumunun bölmələrini özündə əks etdirməlidir. Burada
əhatə etməlidir. Ali təhsil pilləsinin dövlət standartı və proqramları rəsmi sənədinin məzmununda əksini tapan, amma hələ reallaşması xəyal olan ədəbiyyat tədrisi metodikası fənninin təhsil proqramı(kurikulumu) yaradılmalıdır. Bu işin də icra olunması hələlik mümkün deyildir. Bunun əsas səbəbi kimi hələ də Milli kvalifikasiya çərçivə sənədi"nin təsdiq olunmaması, layihə formasında qalmasıdır.
Nəticə
Respublikamızda təhsil sahəsində islahatlar özünəməxsus çətinlikləri ilə davam edir. Fənlərin məzmunun yenilənməsi, yeni təhsil paradiqması müəllim hazırlığı işinin məzmununa yeni yanaşmanı zəruri edir. Buğun əsas hədəf müəllim obrazından uzaqlaşmağı bacarmaq, fasilitator - bələdçi rolunu mənimsəmək olmalıdır. Ali məktəbdə tədrisi olunan pedaqoji yönümlü fənlər, o cümlədən də ədəbiyyatın tədrisi metodikası fənni onlar elmi-metodik bacarıqlar verməlidir. Tələbə təşkilati, ünsiyyət, idarəetmə, məlumatla təmin etmə bacarıqlarına sahib olmalıdır. Üzərinə düşən vəzifənin nə dərəcədə məsuliyyətli olmasını dərindən hiss etməlidir.
Etiraf olunmalıdır ki, metodikalarımız gənc müəllimlərə metodik bacarıqların verilməsində hələ də aciz qalmaqdadırlar. Tələbələrimiz siniflə səmərəli ünsiyyət qura bilmir, dialoq və debat mədəniyyətinə yiyələnməkdə köməksiz qalırlar. Filoloji biliklərin azlığı, adi, elementar tapşırıq vermə bacarıqlarına sahib ola bilməmələri, fəal(interaktiv) təlimin metodikasına kifayət qədər bələd olmamaları, dərslərin maraqsız və cansız qurulmasına, saxtakarlıqlara aparıb çıxara bilir. Təlim strategiyalarına dərindən bələd olmamaq, onların istifadəsi yönümündə bacarıqlara yiyələnməmək də öz mənfi təsirin göstərməkdə davam edir.
Milli kvalifikasiya çərçivə sənədinin hazır olmaması da bu işin məzmununa öz mənfi təsirini göstərməkdədir.
Kursun tədrisində unudulan məsələlərdən biri də bu gün tələbə şəxsiyyətindən müəllim şəxsiyyətinin doğulmasına keçidin lazımi səviyyədə təmin olunmamasıdır. Görünür, bunun üçün proqram materiallarının məzmununda da ciddi dəyişikliklərin aparılması lazım gələcəkdir.
Ədəbiyyatın tədrisi metodikası kursu yeni strukturda, yeni məzmunda, yuxarıda sadaladığımız məsələlər nəzərə alacaq səviyyədə tələbələrimizə bilik və bacarıqları aşılanmalıdır. Zamanın tələbi nədirsə, onunla da ayaqlaşmaq lazımdır.
Ədəbiyyat siyahısı
Aslanov Y. Ədəbiyyat tədrisi: ənənə və müasirlik. Bakı: ADPU, 2011, 162 s.
Qarabağlı Ə. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: "Maarif", 1968, 349 s.
Quliyev Ə., Hüseynoğlu S., Həsənli B. Ədəbiyyat fənnindən metodik vəsait. Bakı: 2003.
Əhmədov C. Ədəbiyyatın tədrisi metodikası. Bakı: 1992, 455 s.
Babayev A., Aslanov M., Mikayılov Ş., Mustafayeva R., Əhmədov N. Orta məktəbdə ədəbiyyat tədrisi. Bakı: "Maarif", 1976, I hissə 302 s., II hissə 270 s.
Hacıyev A. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Təhsil, 2003, 320 s.
Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim.Bakı:2009, 200 s.
Həsənli B. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 2016, 452 s.
Muradov B. Ədəbiyyatın tədrisi metodikasının nəzəri əsasları. Bakı: APİ-nin nəşri, 1980, 90 s.
Mikayılov Ş., Bəkirova A. Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası. Bakı: Naksuana, 2008
Paşayev A., Cəfərova E. İnteraktiv təlim Azərbaycan dili və ədəbiyyat dərslərində. Bakı: Mütərcim, 2008, 379 s.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, 19 iyun 2009-cu il, http://edu.gov.az/az/page/72/302
"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)", http://www.cabmin.gov.az/?/az/pressreliz/view/329/
A. Mehrabov, Ə. Abbasov, Z. Zeynalov, R. Həsənov. "Pedaqoji texnologiyalar", Bakı, Mütərcim, 2006.
Azərbaycan dilinin izahlı lüğəti, Bakı, Şərq-Qərb,2006
Veysova Z. Fəal\interaktiv təlim, Bakı 2007
Ə. Ağayev, Təlim prosesi: ənənə və müasirlik, Bakı, Adiloğlu, 2006.
Y. Kərimov, "Təlim metodları", Bakı, RS Poliqraf, 2010,
Методика преподавания литературы в школе (курс лекций) http://superinf.ru/view_helpstud.php?id=309 ,
Н.Н. Золототрубова "Методика преподавания литературы", Учебное пособие для вузов, Воронеж 2007, http://window.edu.ru/catalog/pdf2txt/555/59555/29623
21. Методика преподавания литературы (МПЛ), 18.11.2008 20:04,
http://filfucker.ru/shpargalki/metodika-prepodavaniya-literaturi-mpl
22. Богданова О. Ю., Леонова С. А., Чертова В. Ф. Методика преподавания литературы, http://www.gumer.info/bibliotek_Buks/Literat/Bogd/
23. Богданова О.Ю., Маранцман В.Г. (ред.) Методика преподавания литературы, Файл формата RAR размером 3,52 МБ содержит документ формата PDF, Отредактирован 24.01.11 15:30, http://www.twirpx.com/file/364464/