2
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ MÜƏLLİMİN BƏLƏDÇİLİK, ŞAGİRDİN TƏDQİQATÇILIQ FƏALİYYƏTİNƏ DAİR
Bilal Həsənli
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
Açar sözlər: yaradıcı yanaşma, standart, ədəbiyyat, dərs, müəllim, şagird, strategiya, təlim
Ключевые слова: творческий подход, стандарт, литературa, урок, учитель, ученик, стратегия, обучение
Key words: creative approach, standard, literature, lesson, teacher, student, strategy, teaching
Ədəbiyyat fənn kurikulumunun tətbiqi ümumtəhsil məktəblərində təlimə yeni yanaşmanı zəruri etmişdir. Son illərdə kurikuluma uyğun olaraq, V-XI siniflər üçün yeni nəsil “Ədəbiyyat” dərsliklərinin nəşri təlimin müasir metodik düşüncə müstəvisində təşkilinə zəmin yaratmışdır.
Təhsilin İnkişafına Dair Dövlət Strategiyasında qeyd edilir ki, son 30–40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir. [1]
Müasir dərsliklərin metodik sistemi ədəbiyyat dərslərinin yeni təlim texnologiyalarının tətbiqi ilə keçilməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, bilavasitə ədəbiyyat tədrisi üçün səciyyəvi olan, illərin sınağından çıxmış, müəllimlərimizin qabaqcıl təcrübəsinin nəticəsi kimi təqdir edilmiş müsbət cəhətləri, təlim metodlarının tətbiqi imkanlarını da qoruyub saxlamağa çalışmışlar. Bu zaman müəlliflər haqlı olaraq, “vannadakı çirkli su ilə bərabər uşağı da atmamaq” (Martin Lüter Kinq) qaydasına əməl etmişlər.
Müəllimin bələdçilik, şagirdin tədqiqatçılıq fəaliyyəti dərsin bütün mərhələlərində özünü göstərir. Bu, ilk növbədə müəllimdən təlimin təşkilinə yaradıcı münasibətini tələb edir. Nəzərə almaq lazımdır ki, dərs mürəkkəb bir öyrənmə prosesidir. Burada xırda, ikinci dərəcəli məsələ yoxdur. Müəllimin hər sözü, fikri, sualı, tapşırığı təlimi və tərbiyəvi mahiyyətli olmalı, hər bir müasir dərsin bitkin, addım-addım vahid məqsədə yönəlmiş strategiyasının olmasının zəruriliyi unudulmamalıdır.
Fəal/interaktiv dərsin, eləcə də digər təlim texnologiyaların tətbiq olunduğu təlim prosesinin səmərəliliyi müəllimin planlaşdırma və bələdçilik (fasilitasiya) bacarıqlarından asılıdır. Müəllim dərsin bütün mərhələlərində görüləcək işləri əvvəlcədən dəqiq planlaşdırmalı, ciddi hazırlıq işləri görməlidir. Dərsə hazırlıq zamanı qarşıya qoyulan təlim məqsədlərinin (öyrədici, inkişafetdirici, tərbiyəetdirici məqsədlər) düzgün müəyyənləşdirilməsi, hansı idraki bacarıqlar üzrə iş aparılacağı (tətbiq etmək, tərkib hissələrinə ayırmaq, əlaqələndirmək, müqayisə etmək, ümumiləşdirmək, nəticə çıxarmaq və s.) aydınlaşdırılmalıdır. Təlimin məqsədləri müəyyənləşdirilərkən dərsin mövzu üzrə dərslər sistemində yeri, təlim materialının xarakteri, şagirdlərin hazırlıq səviyyəsi nəzərə alınır.
Müəllim öyrəniləcək proqram materialının məzmununu, hansı təlim metodlarından istifadə ediləcəyini, dialoq, əməkdaşlıq, tədqiqat mühitini necə yaradacağını, hər mərhələdə və yekunda qiymətləndirməni necə aparacağını dəqiq bilməlidir. Bu məqsədlə sual və tapşırıqlar, iş vərəqləri, qiymətləndirmə vərəqi və cədvəlləri, əyani, texniki vəsaitlər, əlavə mənbələr (ensiklopediya, sorğu kitabı və s.), testlər hazırlanır.
Dərsdə bələdçi kimi çıxış etmək üçün də müəllim bir sıra bacarıqlara malik olmalıdır. Bununla əlaqədar, müəllimin bütün şagirdləri diqqətlə dinləməsi, əməkdaşlıq şəraitində düşünməyə, tədqiqatçılıq fəaliyyətinə sövq etməsi, təfəkkürünü stimullaşdırması, problemin həllində dəstək verməsi, müxtəlif üsullarla rəğbətləndirməsi, səmimiyyət və ehtiram göstərməsi, tənqidi qeydlərini həssaslıqla çatdırması zəruridir. Bir çox müəllimlər yeni mövzu üzrə işi yekunlaşdırarkən şagirdlərdən soruşur: “Yeni mövzunu başa düşdünüzmü?” Sualın belə qoyuluşu əslində yeni biliyin mənimsənilməməsində şagirdlərin günahkar olması qənaətini doğurur.
Müasir ədəbiyyat dərsləri yaradıcı təfəkkür dərsləri olmalıdır. Yaddaş xarakterli sual və tapşırıqlar üzrə iş məqsəd deyil, yaradıcı müstəqi işlərə keçid üçün zəmin rolunu oynamalıdır. Müəllimin verdiyi sual, tapşırıqla bağlı şagirdlərin kütləvi şəkildə əllərini qaldırması, əllərin fəallığı hələ tamamilə tənqidi, yaradıcı təfəkkürün fəallığı deyil. Bəlkə də bu, verilən sualın, tapşırığın asan olması, gücçatan çətinlik səviyyəsinin gözlənilməməsi ilə bağlıdır.
Müşahidələrimiz göstərir ki, bəzi müəllimlər interaktiv təlimin, digər təlim texnologiyalarının məqsədyönlü təbiqinin əhəmiyyətini lazımınca dəyərləndirmir, ənənəvi, təfəkkürün yox, yalnız əllərin fəallığına, ənənəvi “gəl, dərsi danış” tələbinə əsaslanan təlimə üstünlük verir. Təhsilin İnkişafına dair Dövlət Strategiyasında qeyd edildiyi kimi, “əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda təhsilalanlara əldə etdiyi bilikləri tətbiq etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır.” [1]
Halbuki “təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.” [1]
Dərsə hazırlıq dövründə müəllim üçün metodik vəsaitdən, dərslikdəki təlim materialından bəhrələnərək keçilən mövzu üzrə sual və tapşırıqlar sistemindən necə bəhrələnəciyini, fərdi, cütlük, kiçik qrup, bütün siniflə birgə iş formalarından hansını seçəcəyini dəqiqləşdirməlidir.
Dərsdə müstəqil işin müxtəlif növlərindən istifadə imkanları da nəzərdən keçirilməli, iş vərəqləri tərtib olunmalıdır. Təcrübə göstərir ki, bu zaman dərsdə təlim materialının xarakterindən , reallaşdırılmaq üçün müəyyənləşdirilmiş standartlar və gözlənilən təlim nəticələrindən çıxış etmək lazımdır.
Əsərin məzmununun mənimsənilməsi və təhlili üzrə müstəqil işlər ardıcıl və sistemli təşkil edilməlidir. Bədii əsərin müstəqil işlər vasitəsilə təhlili zamanı şagirdlərin hansı bacarıqlara yiyələnməsini müəllim dəqiq bilməlidir. Müstəqil işlər ilk növbədə şagirdlərin mühakimə yürütmək, yaradıcı fəaliyyyət göstərməsi deməkdir. Bərpaedici və yaradıcı müstəqil işlər zamanı məktəbli bu istiqamətdə fəaliyyətinin məqsədini, məzmununu dəqiq bilməlidir. Şagird müxtəlif səciyyəli müstəqil işlərin icrası zamanı yeni cəhətlərin müəyyənləşdirilməsinə və əsaslandırılmasına nail olmalıdır. Lakin bu zaman müəllimin bələdçilik fəaliyyəti arxa plana keçməməlidir.
Şagirdlərə bilik və bacarıqların aşılanması müstəqil işlər vasitəsilə ardıcıl şəkildə reallaşdırılmalıdır. Yaradıcı yanaşma, nəzəri biliklərin tətbiqi zəminində təşkil edilən müxtəlif səviyyəli müstəqil işlər əsasən aşağıdakı istiqamətlərdə aparılır:
Mətndəki tanış olmayan sözlərin müəyyənləşdirilməsi və mənasının lüğətlərdən, sorğu kitablardan aydınlaşdırılması;
Bədii əsərin müxtəlif formalarda (yığcam, geniş, yaradıcı) nağıl edilməsi;
Süjetli əsərlərin hissələrə ayrılması, ad verilməsi, plan tərtibi;
Əsərin mövzusunun, qoyulmuş problemin, ideyanın müəyyənləşdirilməsi;
Obrazların nitqi, xarakteri, hərəkət və davranışlarının təhlili;
Eyni mövzu, problem, janr üzrə əsərlərin, ədəbi qəhrəmanların müqayisəli təhlili;
Əsərin bədii xüsusiyyətləri, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi, obrazlılığın artırılmasında rolunun aydınlaşdırılması;
Şifahi təqdimatların hazırlanması, esse və inşaların yazılması;
Şagirdlərin müstəqil işi ilə bağlı sual və tapşırıqlar hazırlanarkən bədii əsərlərin növ və janr xüsusiyyətləri diqqət mərkəzində saxlanılmalıdır. Lirik növün ayrı-ayrı janrlarının tədrisində aşağıdakı məqamlara xüsusi diqqət yetirilir: Lirik əsərdə öz əksini tapmış düşüncələrin, hiss və duyğuların duyulmasını, dolğun dərk edilməsinə nail olmaq, ifadəli oxu bacarıqlarının konkret əsər üzərində tətbiqi, mətnin poetik xüsusiyyətlərinin aydınlaşdırılması.
Müstəqil iş üçün sual və tapşırıqlar müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, lirik əsərlərdə bədii sözün, poetizmin çoxmənalılığına diqqət yetirmək zəruridir. Lirik mətndə melodiya, ritm müəllif niyyətinin çatdırılmasında mühüm rol oynayır. Bu məqsədlə müstəqil işin müxtəlif növlərindən məqsədyönlü istifadə zəruridir. Ən yaxşı sənət əsərlərində dövrün, zamanın vacib və apancı problemləri ümumiləşdirilir, bəşəri ideyalar təbliğ olunur, yüksək insani hislər qələmə almır, yaddaqalan, dolğun xarakterlər yaradılır. Məhz bu cür əsərlər yüksək bədii təsir gücünə malik olur. Belə əsərləri oxumaq, öyrənmək mənəvi ehtiyaca çevrilir, oxucunu - şagirdi daxilən zənginləşdirir.
Epik növə aid olan nağıl, təmsil, hekayə, povest, roman kimi əsərlər öyrənilərkən hər janrın özünəməxsus xüsusiyyətləri, əhvalat və hadisələrin əks etdirilməsində təhkiyəyə üstünlük verilməsi, təhkiyəçinin həm sənətkarın özü, həm də ədəbi qəhrəmanın ola bilməsi nəzərə alınmalıdır. Bu cəhətlər, eləcə də epik əsərlərdə həyat hadisələrinin əhatəli əks etdirilməsi məqsədilə yeri gəldikcə təsvir və tərənnümdən də istifadə olunduğu müstəqil iş səciyyəli sual və tapşırıqlarda öz əksini tapmalıdır.
Sənətkarın mövqeyinin, oxucuya, tamaşaçıya çatdırmaq istədiyi fikrin digər ədəbi növlərin janrlarına nisbətən daha çox gizli olması dramatik növün janrlarının öyrənilməsində çətinlik məqamlardandır. Dramatik əsərlərin, dram, komediya, faciənin tədrisində müəllifin qaldırıldığı problemlərin, başlıca konfliktin müəyyənləşdirilməsi, ədəbi qəhrəmanların nitq xüsusiyyətləri, dialoq və monoloqların, remarkaların düzgün, dolğun qavranılması, təhlili və dəyərləndirilməsinə ciddi diqqət yetirilməlidir.
Müəllimin bələdçilik və planlaşdırma bacarığı özünü kiçik qruplarla iş, eləcə də digər iş formalarının tətbiq olunduğu dərsdə şagirdlərin fəallıq, əməkdaşlıq səviyyəsinə nəzarətdə də özünü göstərir. Burada da bəzi məqamlara diqqət yetrimək lazım gəlir. Məsələn, kiçik qruplarda iş vərəqləri üzrə sual və tapşırıqlarla bağlı təqdimat hazırlanarkən şagirdlərin, əməkdaşlıq etmək, fəallıq səviyyəsi izlənilməli, tədqiqat prosesinə müdaxilə etmədən özünün əvvəlcədən hazırladığı qiymətləndirmə vərəqində həm fəal, həm də müşahidəçi kimi çıxış edən məktəblilərlə bağlı qeydlər aparılmalıdır. Zəruri hallarda bəzi şagirdlərə qrupda ümumi araşdırmaya öz töhfəsini verməsi üçün tövsiyələr verilməlidir. Bu, istər qrup işinin, istərsə də fərdi qiymətləndirmənin obyektivliyini təmin etmək baxımından çox əhəmiyyətlidir.
Kiçik qrupların təqdimatlarının dinlənilməsi, müzakirəsi zamanı da müəllimin bələdçiliyinə böyük ehtiyac duyulur. Bəzi müəllimlər bu məsələdə də bələdçi kimi yox, yoxlayıcı kimi çıxış etməyə üstünlük verirlər. Belə ki, müşahidə etdiyimiz dərslərdə tədqiqata ayrılmış vaxt bitdikdən sonar, müəllimin sözçülərin çıxış etməsinə imkan vermədən kiçik qrupların hazırladığı təqdimat materiallarını toplayıb gözdən keçirməsi və birbaşa qiymətləndirmə aparması interaktiv təlimin mahiyyətinə, şagird-şagird əməkdaşlığının gözlənilməsi tələbinə ziddir. Müəllimin vəzifəsi bu prosesi bir rejissor kimi idarə etməkdən, şagirdlərin fəallığını, əməkdaşlığını təmin edərək müzakirəni işgüzar axara yönləndirməkdən, söylənilən mülahizələrin əsaslandırılmasına nail olmaqdan ibarətdir. Qabaqcıl müəllimlərin iş təcrübəsi göstərir ki, təqdimatların mübadiləsi və müzakirəsi zamanı şagirdlər daha çox yaradıcı fəallıq göstərir, kiçik qruplar arasında yarış elementinin olması qarşılıqlı sualvermə, rəy mübadiləsi, fərqli fikirlərə münasibət bildirilməsi üçün əlverişli zəmin yaradır.
Müasir dərsliklərin müsbət cəhətlərindən biri də əsərin məzmununun mənimsənilməsi, təhlil üzrə işlə yanaşı, qazanılmış bilik və bacarıqların təcrübədə tətbiqini, yaradıcı işlərin müzakirəsinin aparılmasını nəzərdə tutan dərslərin keçilməsi üçün zəmin yaratmasıdır. Təəssüf ki, təcrübədə bir sıra hallarda bu məsələdə də yanlış yanaşmalara yol verilir, mövzu üzrə yeni bilik və bacarıqların tətbiqi əvəzinə, ehtiyac olmadan təhlil dərslərində görülən işlər növbəti dərsdə də təkrar olunur.
Müəllimin bələdçilik fəaliyyəti ilə bağlı mühüm məqamlarından biri də mövzu ilə bağlı çətin qavranılan məsələlərin şərhidir. Müəllimin şərhindən daha çox klassik ədəbiyyat nümunələrinin öyrənilməsi zamanı istifadə olunur. Çünki klassik əsərlər məzmun, dil-üslub baxımından çətindir. Ərəb-fars sözlərindən, izafət tərkiblərindən, mürəkkəb məcazlar sistemindən geniş istifadə həmin əsərlərin qavranılmasında problemlər yaradır. Bu zaman müəllimin şərhləridən istifadə zəruridir. Bədii əsərlə bağlı şərhlər kiçik qeydlər, ayrı-ayrı ifadələrin, misraların, cümlələrin izahı şəklində ola bilər.
Müstəqil, fəal, həyati bacarıqlara yiyələnmiş, bədii mətnlərdəki mənəvi-estetik dəyərləri əxz edən şəxsiyyət formalaşdırmaq üçün müasir ədəbiyyat dərsləri “zəhmət və yaradıcılıq” prosesinə çevrilməlidir.
Гасанлы Б.А.
О деятельности учителя как фасилитатора и учащихся как исследователя на уроках литературы
Резюме
Организация деятельности учителя как фасилитатора и учащихся как исследователя на уроках литературы один из актуальных проблем обучения литературе в общеобразовательных школах. Эта проблема имеет важное значение для достижения реализации стандартов куррикулума по литератаре. В статье исследуются существующие проблемы в практике учителей и методические пути устранения недoстатков, мешающих эффективной деятельности учителя как фасилитатора и учащихся как исследователя на уроках литературы.
Hasanli B.A.
On the activities of the teacher as a facilitator and students as a researcher in literature classes
Resume
The organization of the activity of a teacher as a facilitator and students as a researcher in literature classes is one of the pressing problems of teaching literature in general education schools. This issue is important to achieve the implementation of curriculum standards for the literature. The article examines the existing problems in the practice of teachers and the methodological ways to eliminate shortcomings that prevent effective teacher activity as a facilitator and students as a researcher in literature classes. The importance of using various types of independent work of students in literature classes is noted.The importance of a creative approach to the organization of literature lessons, the formation of reading skills in students is noted.
Ədəbiyyat
Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası.”Azərbaycan müəllimi” qəzeti, 25 okt 2013. N 41 (8558).
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan məktəblər üçün) “Azərbaycan müəllimi” qəzeti, 24 dek. 2010 N 50.
Ümumi təhsilin fənn standartları.(I-XI siniflər).ARTİ-nin nəşri. Bakı,2012. N 50.