Mövzu: Bəxtiyar Vahabzadə. “Vətəndaş” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar | Təlim nəticələri |
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır. | Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır. |
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota ) müəyyənləşdirir. | Şeirdə bədii təsvir vasitələrini müəyyənləşdirir. |
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir. | Fikirlərini şeirdən nümunələr göstərməklə şərh edir. |
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir. | Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir. |
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi fərqli yollarla (yazılı cavabların seçmə yola müzakirəsi, təqdimatlar və s.) müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu, fərqli vasitələrdən istifadə ilə həyata keçirilə bilər. Bunun üçün dərslikdəki suallardan da istifadə faydalıdır.
Fikir mübadiləsi prosesində şagirdlər tədqiqat sualının müəyyənləşdirilməsinə cəlb olunur.
Müəllim üçün məlumat. Motivasiyanın yaradılmasının digər bir yolu əsərin məzmunundan çıxış edərək “Azərbaycan Respublikasının Dövlət Himni”nin səsləndirilməsi ola bilər. Himndən bir parçanın şagirdlərin ifa etməsi də mümkündür.
Tədqiqat sualı. Sizcə, həqiqi vətəndaş hansı hiss və arzularla yaşamalıdır?
Fərziyyələr dinlənilir və ümumiləşdirilərək lövhədə qeyd olunur.
Tədqiqatın aparılması. Şeirdən bir parçanı ifadəli oxusu (bədii oxu ustasının ifasını, yaxud müəllimin nümunəvi oxusunu dinləməklə) həyata keçirilir. Sonra şagirdlər əsəri səssiz oxuyur, cütlük şəklində dərslikdəki “Oxuda aydınlaşdırın“ başlıqlı tapşırığı yerinə yetirirlər.
Şagirdlər cütlük şəklində dərslikdəki suallara (Şeir kimə müraciətlə yazılıb? Şair kimi vətəndaş adlandırır?) cavab hazırlayırlar. Cavablar müsahibənin tətbiqi ilə müzakirə olunur. Müəllimin təklifi növbəti tapşırıq (parta yoldaşınızla birlikdə şeirin məzmununa aid iki sual tərtib edin və onlara cavab hazırlayın) yerinə yetirilir və müzakirə olunur. Sonra şagirdlər kiçik qruplarda əsərin məzmunu ilə bağlı tapşırıqları (3-cü və 4-cü bəndləri) yerinə yetirirlər.
Tapşırıqların icrasına ayrılan vaxt başa çatdıqdan sonra məlumat mübadiləsi və müzakirəsi aparılır. Qazanılmış biliklər üzrə fikir mübadiləsi və müzakirəsi zamanı qrupların öz mülahizələrini şeirdən və həyatdan nümunələr gətirməklə əsaslandırmalarına, öz təəssüratlarını mənasını yeni öyrəndiyi sözlərdən istifadə ilə çatdırmalarına diqqət yetirilir.
Şifahi təqdimatla bağlı tapşırıq fərdi olaraq yerinə yetirilir. Bir neçə təqdimat dinlənilir və onlara münasibət bildirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Müəyyənləşdirmə
Şərhetmə
Nümayişetdirmə
I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir. | Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən müəllimin köməyi ilə aydınlaşdırır. | Şeirdə tanış olmayan sözlərin mətnə uyğun mənasını lüğətlərdən aydınlaşdırmaqda bəzən çətinlik çəkir. | Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə dəqiq aydınlaşdırır. |
Bədii təsvir vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir. | Bədii təsvir vasitələrini suallar verməklə müəyyənləşdirir. | Bədii təsvir vasitələrini müəyyənləşdirməkdə bəzən çətinlik çəkir. | Bədii təsvir vasitələrini tam əhatə etməklə müəyyənləşdirir. |
Şeirlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh etməkdə çətinlik çəkir. | Şeirlə bağlı fikirlərini müəllimin köməyi ilə mətndən nümunələr gətirməklə şərh edir. | Şeirlə bağlı fikirlərini mətndən bəzi məqamlarda müvafiq nümunələr gətirməklə şərh edir. | Şeirlə bağlı fikirlərini mətndən ardıcıl olaraq müvafiq nümunələr gətirməklə şərh edir. |
Fərqli fikirlərə münasibətdə ədalətlilik və obyektivlik nümayiş etdirməkdə çətinlik çəkir. | Fərqli fikirlərə münasibətdə bəzən ədalətlilik və obyektivlik nümayiş etdirir. | Fərqli fikirlərə münasibətdə əksər məqamlarda ədalətlilik və obyektivlik nümayiş etdirir. | Fərqli fikirlərə münasibətdə ardıcıl olaraq ədalətlilik və obyektivlik nümayiş etdirir. |
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.
Mövzu: Bəxtiyar Vahabzadə. “Vətəndaş” – 3 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar | Təlim nəticələri |
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır. | Əsərin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır. |
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir, əsaslandırılmış münasibət bildirir. | Şeirin ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir. |
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir. | Fikirlərini şeirdən nümunələr gətirməklə şərh edir. |
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir. | Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir. |
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatlar, müzakirə əsasında müəyyənləşdirilir.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasının bir variantı aşağıdakı məzmunda ola bilər. İnternetdən: YouTube (https://www.youtube.com/watch?v=kvcAHmAwsno) Ulu öndər H.Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözlərini söylədiyi süjet nümayiş etdirilir. Şəraitdən asılı olaraq səs yazısı da dinlənilə bilər. Sonra şagirdlərə müraciət edilir: Ulu öndərin bu sözləri sizdə hansı hislər, düşüncələr oyatdı?
Müzakirə tədqiqat sualının formalaşdırılmasına imkan yaradır.
Tədqiqat sualı. Sizcə, vətəndaş adlanmaq üçün insan hansı keyfiyyətlərə malik olmalıdır?
Fərziyyələr dinlənilir və lövhədə qeyd olunur.
Tədqiqatın aparılması məqsədilə dərslikdəki “Əsərlə bağlı açıqlamalar” mətninə mənbə kimi müraciət olunması, “Fikirləşin. Cavab verin” başlıqlı suallardan istifadə edilməsi məqsədəuyğundur.
Müəllim şagirdlərə müraciət edir: Əsərin məzmununu əhatəli öyrənmisiniz. Amma şeirdəki başlıca fikri – ideyanı, eləcə də, digər mühüm məsələləri aydınlaşdırmaq və dəyərləndirmək üçün araşdırmanızı davam etdirməlisiniz. İndi tanış olacağınız mətn tapşırıqların icrasında bir mənbə kimi yardımçınız olacaqdır.
Şagirdlər “Əsərlə bağlı açıqlamalar” mətni ilə tanış olurlar.
Şagirdlərə kiçik qruplarda işləmək üçün “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı suallar əsasında tərtib edilmiş iş vərəqləri verilir.
Bu sualla əlaqədar şagirdlərin ədəbiyyat dərslərində öyrəndikləri əsərlər (“Azərbaycan”, “Odlu qılınc”, “Azad”), eləcə də, əvvəlki siniflərdə oxuduqları, müstəqil mütaliə etdikləri əsərlərlə müqayisə aparmaq imkanı vardır. Tapşırığın bir variantı da Venn diaqramı üzrə iş də ola bilər. Tapşırıq kiçik qrupların əsərin ideyasını – müəllif niyyətini düzgün müəyyənləşdirməsi ilə yanaşı, öz fikirlərini əsərdən nümunələr gətirməklə əsaslandırmalarını nəzərdə tutur.
Məlumat mübadiləsi və müzakirəsi zamanı qrupların öz mülahizələrini əsərdən, eləcə də həyatdan nümunələr gətirməklə əsaslandırmalarına diqqət yetirilir. Sərbəst fikir mübadiləsi, fərqli fikirlərin müzakirəsinə şərait yaradılır.
Söylənilən fikirlər şagirdlərin fəallıq və müstəqilliyi şəraitində yekunlaşdırılır, dərsin əvvəlində söylənilmiş fikirlər, fərziyyələrlə müqayisə əsasında tədqiqat sualı ilə bağlı nəticə çıxarılır.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Münasibətbildirmə
Şərhetmə
Nümayişetdirmə
I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda çətinlik çəkir. | Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu suallar verməklə, müəllimin, yoldaşlarının köməyi ilə aydınlaşdırır. | Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır. | Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əhatəli aydınlaşdırır. |
Şeirin mövzusunu, ideyasını və başlıca problemini şərh etməkdə, münasibət bildirməkdə çətinlik çəkir. | Şeirin mövzusunu, ideyasını və problemini müəllimin köməyi ilə şərh edir, münasibət bildirir. | Şeirin mövzusunu, ideyasını və problemini şərh edir, qeyri-dəqiq münasibət bildirir. | Şeirin mövzusunu, ideyasını və problemini əhatəli şərh edir, əsaslandırılmış münasibət bildirir. |
Şeirlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh etməkdə çətinlik çəkir. | Şeirlə bağlı fikirlərini müəllimin köməyi ilə mətndən nümunələr gətirməklə şərh edir. | Şeirlə bağlı fikirlərini mətndən bəzi məqamlarda müvafiq nümunələr gətirməklə şərh edir. | Şeirlə bağlı fikirlərini mətndən ardıcıl olaraq müvafiq nümunələr gətirməklə şərh edir. |
Fərqli fikirlərə münasibətdə ədalətlilik və obyektivlik nümayiş etdirməkdə çətinlik çəkir. | Fərqli fikirlərə münasibətdə bəzən ədalətlilik və obyektivlik nümayiş etdirir. | Fərqli fikirlərə münasibətdə əksər məqamlarda ədalətlilik və obyektivlik nümayiş etdirir. | Fərqli fikirlərə münasibətdə ardıcıl olaraq ədalətlilik və obyektivlik nümayiş etdirir. |
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.