2
Müasir ədəbiyyat dərsliyi necə olmalıdır
Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nda milli təhsil - sistemində aparılacaq islahatların konsepsiyası, uzunmüddətli inkişaf strategiyası və prioritet istiqamətləri müəyyənləşdirilmişdir. İslahat proqramının həyata keçirilməsi üç mərhələ üzrə nəzərdə tutulmuşdur.
İslahat proqramına uyğun olaraq, ilk dəfə ümumi təhsilin dövlət standartları və bazis tədris planı hazırlanaraq həyata keçirilmişdir. Bu planın tətbiq edilməsi ilə şəxsiyyətyönümlü inkişafı əsas tutan variativ milli tədris proqramları və dərsliklərin yaradılmasına...bütövlükdə isə təhsilin səviyyəsinin yüksəlməsinə şərait yaradılmışdır.”
Son illərdə ümumi təhsilin məzmunu milli dövlətçilik prinsipi və azərbaycançılıq ideologiyasına uyğun yeniləşdirilmiş, təlim prosesi Azərbaycan və rus dillərində aparılan məktəblər üçün 300-dək yenidən işlənmiş dərslik və dərs vəsaiti hazırlanmışdır:
Yeni nəsil dərsliklər aşağıdakı hədəflərə istiqamətlənmişdir:
Ümumtəhsil məktəblərinin yeni məzmun və strukturuna uyğun olaraq tədrisin məqsəd və vəzifələrini yenidən dəyərləndirmək;
Respublikamızın etnomədəni həyatını əhatə edən tədris fənlərinin məzmununu yeniləşdirmək;
Bilik, bacarıq və vərdişlərin formalaşdırılmasını nəzərdə tutan tədris materialının strukturlaşdırılmasınm pilləli əsasını həyata keçirmək;
Tədris materialının məzmununu müəllim və şagirdlərin fəaliyyətini hüquqi -normativ sənəd kimi tənzimləyən ümumi təhsilin dövlət standartlarına uyğunlaşdırmaq;
Fasiləsiz təhsil ideyasının həyata keçirilməsini və tədris prosesinə fərqli yanaşmanı təmin etmək;
Təhsilin müasir və bütün dünyada qəbul olunmuş təhsil sisteminin tərkib hissəsi kimi inkişafını təmin etmək;
Təcrübə və müşahidələr göstərir ki, bu gün dərsliklərin hazırlanması və tədris kitablarının nəşri sahəsində ciddi keyfiyyət dəyişikliyinə nail olmaq mümkündür. Bunun üçün
təhsilin bütün pillələri üzrə tədris nəşrlərinin ekspertlər bazası yenilənməli,
dərsliklərin və tədris- metodiki materiallarının işlənib-hazırlanma prosesinin metodoloji və metodiki təminatı problematikası yenidən nəzərdən keçirilib aktuallaşdırılmalı,
onların keyfiyyəti davamlı şəkildə yüksəldilməlidir.
Dünya praktikasında hərəkətverici qüvvəyə çevrilmiş innovasion nəzəri və metodoloji potensial ciddi şəkildə öyrənilməlidir.
Hazırda məktəb dərsliklərini elmi-tədqiqat obyekti kimi nəzərdən keçirməyə imkan verən çox zəngin material toplanmış, dərslik yaradıcılığının qanunauyğunluğu aşkar edilmişdir.
Bir sıra alim-metodistlər tədris kitablarının yaradılması metodikasına əhəmiyyətli töhfə vermişlər. Bununla yanaşı, öz işlərini məktəb dərsliyinin müxtəlif aspektlərinə həsr edən bu tədqiqatçıların hamısı problemə konkret fənn mövqeyindən yanaşmışlar. Bu zaman hər bir tədqiqatçı məşğul olduğu konkret sahəyə öz anlayışlar sistemini, təyin və terminlərini gətirmişdir.
Bu gün məktəb dərsliyi nəzəriyyəsinə aid problemlərə, dərsliyin funksiyasına, strukturuna, yaradılma prinsiplərinə və ümumiyyətlə, müasir mərhələdə ümumi orta məktəblərin təkmilləşdirilməsi yollarına həsr edilmiş tədqiqatlara ehtiyac hiss olunmaqdadır.
Məktəb dərsliyi yaradılması problemlərinin vacib psixoloji aspektləri araşdırılmalıdır. Indi yeni təlim texnologiyalarının tətbiqi Təhsilin İnkişafına dair Strategiyada mühüm tələb kimi qoyulur. Bu baxımdam yeni təlim texnologiyalarının tətbiqi kontekstində dərslik probleminə də xüsusi diqqət yetirmək lazım gəlir.
Yeni siyasi, sosial-iqtisadi şəraitdə dərslik yaradılması məsələlərinə həsr olunmuş işlərə də ehtiyac var.
Bu gün dərsliklərin, tədris proqramlarının və metodiki vəsaitlərin işlənməsinə daha çox diqqət yetirilir.
Dərslik nəzəriyyəsinin işlənib hazırlanması dərsliyin əsas mahiyyətini müəyyən etməyə imkan verir. Tədqiqatçılar əsas stereotip təsəvvürlər arasında aşağıdakıları fərqləndirmişlər:
Dərsliyin konkret fənn istiqaməti;
Dərs materialının şərhində reproduktiv-izah tipinin üstünlük təşkil etməsi;
Dərs materialının izahının lakonik və qısa olması;
Təlim-tədris prosesinin üsul və metodlarının formalaşması üçün dərslikdə şərh edilən fənn üzrə biliklərin kifayətləndirici olması;
Dərsliyin mətninin öz formasına görə müəllifin yazılı monoloqu xarakterində olması;
Dərsliklərin fərdi işin təşkili üçün nəzərdə tutulmaması, bu funksiyanın müəllimə ötürülməsi;
Dərslikdə minimal səviyyədə nəzarət və özünənəzarət vasitələrinin təqdim olunması;
Yuxarıda sadalanan stereotiplər təbii olaraq bu günün müəllimlərinin şüurunda dərsliyin funksional təyinatının kəskin şəkildə məhdudlaşmasına gətirib çıxarır. Buna görə də dərslik nəzəriyyəsinin işlənib hazırlanması günün aktual və vacib məsələsi kimi gündəlikdə durur. Bunun səbəbini isə aşağıdakı kimi yuvarlaqlaşdırmaq olar:
Birincisi, bu gün “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”na uyğun olaraq bütövlükdə təhsil sisteminin təşkilinə ənənəvi baxış dəyişib: təhsilin keyfiyyətinə böyük diqqət yetirilir, müstəqil təhsilin rolu güclənir. Bununla əlaqədar olaraq müstəqil və davamlı təhsil prosesini təmin edən əsas vasitə kimi dərsliklərin əhəmiyyəti də yüksəlmişdir.
İkincisi, təhsildə geniş surətdə tətbiq edilən antroposentrizm (şəxsiyyətin formalaşmasının diqqət mərkəzinə gətirilməsi) prinsipi dərketmə vasitəsilə gerçəkləşən təhsilin metod və vasitələrinin seçilməsi ilə bağlı bu prinsipin hermenevtik (izahetmə bacarığı) aspektini nəzərə almağa imkan verir. Əsas təhsil vasitəsi olan dərsliyin hermenevtik aspekti dedikdə dərsliyin biliklərin ötürülməsi və mənimsənilməsindən informasiyanın ötürülməsi və dərk edilməsinə doğru mahiyyət dəyişikliyi başa düşülür.
Üçüncüsü, kökü antik dövrlərə gedib çıxan və sənaye cəmiyyətlərinin rasionalizmi ilə dəfələrlə güclənən ənənəvi bilik paradiqmasından kompetent yanaşmaya keçid qarşıya təhsilin praktik oriyentasiyasının və tətbiqi -qiymətləndirmə istiqamətinin güclənməsi məqsədini qoyur. Kompetent yanaşma təhsilin maddi məzmun daşıyıcısı olan dərsliyin prosessual tərkibinin güclənməsini təklif edir. Müasir dərslik təkcə elmi-fənn biliklərini ötürməməlidir, o, həmin biliklərin əldə edilməsi və tətbiqi metodlarını və üsullarını, həmçinin əldə edilən nəticələrin qiymətləndirilməsini öyrətməlidir.
Dördüncüsü, müəllif və naşirin empirik bilik və intuisiyasına deyil, elmi baxımdan əsaslandırılmış nəzəri və metodoloji biliklərə söykənən belə bir nəzəriyyə praktikada yeni dərsliklərin yaradılmasına və buraxılmasına imkan verir.
Həm ümumi, həm də professional təhsil dərsliklərin keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Orta və ali məktəb dərsliklərinin problemləri on illər boyunca həm konfranslarda, həm dövri mətbuatda, həm də xüsusi monoqrafiyalarda müzakirə edilmişdir. Lakin küll halında dərsliklərin keyfiyyəti hələ də qənaətbəxş deyil.
Bunun əsas səbəbi müəlliflərin, rəyçilərin, elmi və texniki redaktorların zəif psixoloji və pedaqoji hazırlığıdır. Dərslik və dərs mətni nəzəriyyəsi sahəsində uzun illər ərzində əldə edilmiş nailiyyətlər lazımsız olub. Başqa sözlə, dərslik problemlərinin müzakirəsi, dərsliklərin yazılması özbaşına həyata keçirilir, nəzəri fəaliyyət dərslik yaradılması prosesinə praktik şəkildə tətbiq edilmir.
Əgər bu təcrübə dəyişməsə, dərsliklərin keyfiyyət baxımından yüksələcəyinə ümid etmək olmaz. Çoxillik təcrübə göstərir ki, dərslik nəzəriyyəsi ilə dərsliklərin yazılması praktikasının qovuşması öz-özünə baş vermir. Bunun üçün dərsliklərin hazırlanması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və dərsliklərin nəşrinin inkişafı tendensiyası nəzərə alınmalıdır. Metodik ədəbiyyatda haqlı olaraq vurğulanır ki, dərslik nəşri sahəsində qəbul olunmuş ənənəvi model yeni həll variantlarının axtarışını ləngidir. Bu, dərsliklərin keyfiyyətcə yeni tipologiyasını hazırlamaq və yaxud köhnə sistemdə əsaslı dəyişikliklər aparmaq qabiliyyətinin olmamasının göstəricisidir. Təkcə onu xatırlatmaq kifayətdir ki, indiyədək bakalavr və magistrlərin hazırlanması üçün nəzərdə tutulan tədris ədəbiyyatı mütəxəssislərin öyrədilməsi üçün nəzərdə tutulan ədəbiyyatlardan fərqlənmir. Baxmayaraq ki, təhsilin müxtəlif pillələri üzrə məzunlara qoyulan tələblər müxtəlifdir. Burada onu da qeyd etmək olar ki, dərsliyin ənənəvi modeli 12 illik təhsil sisteminə keçid üçün yararsızdır.
Yaradıcı şəkildə çalışan pedaqoqun dərslik vasitəsilə
gerçəkləşdirilməli olduğu başlıca ideya dövlət ümumi təhsilin dövlət standartlarının tələbinə uyğun olaraq hər bir şəxsiyyətin
formalaşması və inkişafının ən birinci və zəruri vəzifə olmasının dərk edilməsidir